Hər media orqanının öz xəbər siyasəti olmalıdır
Burda pafos deyil, xəbərin etibarlılığı və məzmunu daha önəmlidir
Jurnalistikanın aparıcı janrı xəbərdir. Televiziya, yazılı mətbuat, radio və internet xəbər saytları məhz xəbərçiliyin inkişafı və operativliyi ilə özlərinə geniş auditoriya toplayırlar. Bu gün dünya xəbərlə nəfəs alır. Hətta ucqar dağ kəndinin sakini həyatını xəbərsiz təsəvvür edə bilmir. Xəbər sərhəd tanımır və dünyanın bu başından o biri başına göz qırpımında çatır.
Belə bir vaxtda xəbər istehsalçıları olan jurnalistlərin, informasiya agentliklərinin üzərinə xüsusi məsuliyyət düşür. İnformasiya texnologiyasının fantastik inkişafı və qloballaşma fonunda xəbər yaradıcılığının meyarları dəyişir, standartları saf-çürük edilir.
Hazırda informasiyanın işlənməsi və yayılması çox da uzaq olmayan keçmişdən köklü şəkildə fərqlənir. İnternet, sosial şəbəkələr xəbər məkanına hədsiz operativlik və dinamika gətirməklə yanaşı, ənənəvi informasiya agentliklərini güclü rəqabətlə üzləşdirirlər.
İstənilən halda xəbərin məzmunu və forması ilə yanaşı, operativliyi və etibarlılığı da əsas meyar hesab olunur. Bütün bunlar informasiyanın istehsalçıları və istehlakçıları arasında yeni münasibətlərin yaranmasına gətirib çıxarır. İlk mənbə ilə işləmək bacarığı, informasiyanın alınması, işlənməsi, dəqiqləşdirilməsi, operativ şəkildə yayılması ön plana keçir. Xüsusən son vaxtlar informasiya işində ənənə və müasirlik ən çox müzakirə olunan, bəzən mübahisə doğuran məsələlər sırasındadır. Bir sıra ekspertlər hesab edirlər ki, ənənə və müasirliyin vəhdəti təşkil edilməli, ardıcıl xəbər yayan sosial şəbəkələrə, bloggerlərə qısqanclıqla yanaşılmamalıdır.
Yəni informasiya agentliklərinin, xəbər saytlarının operativlik baxımından "Youtube”, "Facebook”, "Tvitter” və digər sosial şəbəkələrə uduzması faciə hesab olunmamalıdır. Çünki sosial şəbəkələrdən fərqli olaraq ciddi media xəbərin dəqiqliyi, səhihliyi və təhlili ilə oxucuların etimadını daha çox qazana bilirlər. İstənilən xəbərin təfsilatını qəzetdə oxumaq daha maraqlıdır. Burada psixoloji məqamlardan başqa, həm də operativliyinə görə seçilən saytlarda uzun mətnləri oxumağın yoruculuğu, müxtəlif reklamların oxucuların diqqətini yayındırması məsələsi də mühüm rol oynayır. Media ekspertlərinin fikrincə, xəbərin qeyri-peşəkar formada çatdırılması, həddən artıq pafos və sensasiyanın xəbərə "yeridilməsi”, ən əsası da xəbər və rəy janrlarının eyni mətndə verilməsi peşəkarlıq baxımından düzgün deyil. Xəbər yayımlanarkən əvvəlcə oxucu auditoriyası nəzərə alınmalıdır. Xəbəri yayımlayarkən oxucunun reaksiyasını təxmin etmək lazımdır. Çatdırılma üsullarının, formasının fərqliliyini nəzərə almasaq, xəbərin ənənəvi yazılmış və yazılmamış qanunları var. Xəbər yeni baş vermiş hadisədir, informasiya isə müxtəlif dövrə aid olan məlumatdır. Kiçik fərqlər olsa da, xəbərin
informasiyadan fərqi var. Gündəlik qəzetlərdə çap edilən xəbərlər arasında əhəmiyyətsizləri də olur. Ancaq ən əhəmiyyətsiz xəbəri də peşəkar formada təqdim edərək oxucunu məlumatlandırmaq mümkündür. Lakin təqdim edilən xəbərin ictimaiyyət üçün daha anlaşılan olması, daha çox insanın maraq dairəsini əhatə etməsi, sensasiya xarakteri daşıması, etik çərçivələrdən kənara çıxmaması daha məqsədəuyğundur. Əsas problemlərdən biri isə bəzi hallarda informasiyanın yoxlanılmamış, ilk mənbədən dəqiqləşdirilməmiş faktlar əsasında və ya qərəzli mövqedən sifarişlə yazılması ilə bağlıdır.
Jurnalistikanın xəbər janrı ilə bağlı "Şərq”ə fikirlərini bölüşən Jurnalist Araşdırmaları Mərkəzinin rəhbəri Seymur Verdizadə deyib ki, Azərbaycan mətbuatı çoxqütblüdür. Hər bir KİV-in xitab etdiyi müəyyən auditoriya var:
"Amma bu bir həqiqətdir ki, Azərbaycanda oxucular KİV-lərə ilk növbədə özlərinin xəbərə olan tələbatlarını ödəmək üçün müraciət edirlər. Yəqin bu da ilk növbədə onunla bağlıdır ki, biz informasiya əsrində yaşayırıq. Müşahidələr göstərir ki, son vaxtlar ciddi yazıların, araşdırma məhsulu olan məqalələrin oxucuları xeyli azalıb, hamı xəbər axtarışındadır. Bu isə media orqanları arasında rəqabəti gücləndirib. Rəqabətin güclənməsi isə peşəkarlığı arxa plana keçirib”. JAM sədri bildirib ki, KİV-lərimiz, xüsusilə, elektron kütləvi informasiya vasitələri özlərinin xəbər siyasətinə yenidən baxmalıdır: "Bəzən saytlarda bu cür xəbər başlıqlarına rast gəlirik: "Yardımlıda ot tayası yandı”. Bu xəbərin heç bir ictimai çəkisi yoxdur. Azərbaycan kəndlərində hər gün yüzlərlə bu cür hadisə baş verir. Bunun hamısını xəbərə çevirib, oxucunu mənfi emosiya ilə yükləməyə ehtiyac yoxdur. Mətbuatımız ölüm, intihar, yanğınla bağlı xəbərlərə lazım olduğundan çox yer ayırır. Daha bir zəif cəhətimiz isə şou-biznes əhlinə layiq olduğundan daha çox diqqət ayırmaqdır. Bir də görürsən ki, hansısa səviyyəsiz bir müğənninin itinin ölməyini xəbər ediblər. Bu, xəbər deyil, oxucunu ələ salmaqdır. Özünə hörmət edən qəzet və sayt bu cür xəbərlərə yer verməməlidir. Sonda onu deyim ki, mən xəbərlərdə həddən artıq pafosun, sensasiyanın əleyhinəyəm. Belə ucuz vasitələrlə böyük oxucu auditoriyası qazanmaq mümkün deyil. Oxucunu qazanmaq üçün əvvəlcə onun etibarını qazanmaq lazımdır. Oxucu sənin təqdim etdiyin xəbərin səhihliyinə əmin olmalıdır. Bunun yolu isə səs-küydən, sensasiyadan uzaq dəqiq və qərəzsiz xəbərdən keçir”.
"Avropa.info” saytının baş redaktoru Ruslan Bəşirli bildirib ki, auditoriya hansı xəbərə üstünlük verirsə, tamamilə xəbər siyasətini bu istiqamətdə qurmaq doğru deyil:
"Azərbaycanda çox təəssüf ki, auditoriya əsasən şou-biznes xəbərlərinə üstünlük verir. Lakin saytlar ancaq şou-biznes xəbərlərindən yazsalar, bu, Azərbaycan mediasının məhvinə gətirib çıxarar. Ümumiyyətlə, hər bir media orqanının özünün xəbər siyasəti olur. Xəbər siyasəti olmayan media orqanı ciddi qarşılanmır. Məsələn, mənim çalışdığım "Avropa.info” saytı daha çox siyasi, analitik yazılara önəm verir. Az və ya çox, öz oxucumuz var. Hesab edirəm ki, özünün xəbər siyasəti olmayan media orqanının potensial oxucusu ola bilməz”. Baş redaktorun sözlərinə görə, əgər, hadisə ciddi nəticələrə səbəb olubsa və yaxud ola bilərsə, mütləq araşdırılmalıdır. Bu, əlbəttə ki, hadisəni araşdırıb nəticə ortaya qoya bilən media orqanları üçün peşəkarlıq sayıla bilər. Lakin xəbərin hansısa ciddi motivi yoxdursa, deyək ki, hansısa müğənninin paltarının müzakirəsini diktə edirsə və media da bunu araşdırma mövzusuna çevirirsə, bu artıq qeyri-ciddidir. Məncə, xəbərlərin etibarlılığı və məzmunu qədər onun operativliyi də önəmlidir. Bu gün sosial şəbəkələr media orqanlarının istinad nöqtəsinə çevrilib. Əslində bütün dünyada belədir. Hətta deyərdim ki, biz bu sahədə bir az gecikmişik. Sosial media xəbər saytlarının siyasətinə böyük ölçüdə təsir edir. Lakin burada bir məsələni xüsusilə qeyd etmək lazımdır. Sosial şəbəkələrdə yayılan bütün xəbərlər medianın siyasətini müəyyənləşdirməməlidir. Burada istisnalar olmalıdır. Sosial mediada yayılan xəbər diqqəti cəlb edibsə, media orqanları tərəfindən genişləndirilməlidir”.
R.Bəşirliyə görə, həddən artıq pafos media prinsiplərini pozur. Lakin media orqanı üçün xəbərin təqdimatı da önəmlidir:
"Tutaq ki, filan yazı bizimlə yanaşı hansısa digər saytda da gedib. O zaman düşünürük ki, xəbəri necə təqdim edək ki, oxucu bizim saytı oxusun. Lakin burada həddən artıq pafosa imkan verilməməlidir. Ortaq yol tapmaq lazımdır”.
"Yeni Müsavat” qəzetinin redaktoru Xalid Kazımlı isə düşünür ki, media orqanları xəbər seçimi etməlidir. Başqa cür mümkün deyil:
"Çünki müasir dövrdə hər gün müxtəlif mövzuda minlərlə xəbər yayılır. Hər hadisədən xəbər çıxarmaq medianın peşəkarlığı olsa da, bu, mənfi xüsusiyyətdir. Ona görə ki, hər hadisə xəbər olmamalıdır. Oxucularda "hə, nə olsun” reaksiyası doğurmaq olmaz. Məsələn, yazırlar ki, "Əməkdar artistin qızı əri ilə konsertə getdi”. Nə olsun? Məncə, xəbərlərin etibarlılığı və məzmunu daha önəmlidir, nəinki operativliyi. Operativlik şöhrət gətirə bilər, amma mötəbərlik, hörmət və rəğbət daha əvvəldir. Şöhrət ondan sonradır”.
Redaktor deyib ki, sosial şəbəkələrdə gedən xəbərlər saytların xəbər siyasətinə birbaşa təsir edir:
"Həm müsbət, həm də mənfi planda bu təsir baş verir. Bu, günümüzün reallığıdır. Hesablaşmağa məcburuq. Xəbərlərdə heç bir pafosa yol vermək olmaz. Sensasiyanın xəbərə "yeridilməsi” isə sırf xəbəri oxunaqlı etmək üçün az dozada ola bilər. Xəbər və rəy janrlarının eyni mətndə verilməsi isə media prinsiplərini kobudcasına pozur. Xəbər neytral prizmadan verilməlidir. Ona rəy yazan isə istədiyini yaza bilər.
"Ölkə.az” saytının baş redaktoru Məmməd Gülməmmədov deyib ki, hər bir redaksiyanın öz xəbər siyasəti olmalıdır və KİV həmin istiqamətdə öz fəaliyyətini qurmalı, xəbər istehsal etməlidir:
"Dərc edilən xəbərin informasiya yükü nə qədərdirsə, həmin mətbu orqanın da imici buna görə formalaşır. Daha çox oxunan xəbər daha çox rəy formalaşdıran xəbər anlamına gəlməməlidir. Buna görə də xüsusən onlayn mediada bəzən xəbər daha çox oxunsun deyə şişirdilir, yaxud dəqiqləşdirilmədən dərc edilir. Bu da öz növbəsində bir müddət sonra həmin media qurumuna inamı azaldır. Azərbaycanda bunun nümunələri kifayət qədər çoxdur. Qısa müddətdə parlayıb sonra yoxa çıxan saytlar məhz bu səhvi edənlərdir”. Baş redaktorun fikrincə, hər hadisədən xəbər çıxarmaq olar, lakin bu xəbəri təqdim edərkən şişirtmək, kontekstdən çıxarmaq düzgün deyil: "Sosial şəbəkələrdən qarşımıza çıxan hər şeyi dərhal saytımızda dərc etməməliyik. Onun etibarlılığını araşdırmalı, məlumatı dəqiqləşdirməli və sonra sayta buraxmalıyıq. Sosial şəbəkələr getdikcə sosial medianın funksiyasını yerinə yetirsələr də, ora etibarsız mediadır. İnsanlar şəbəkələrdə gördükləri məlumatı hansısa saytda görməyincə o qədər də inanmırlar. Ona görə də redaktorlar bu işdə məsuliyyətli olmalı, dezinformasiyaların yayılmasında iştirak etməməlidirlər”.
(Davamı var)
İsmayıl