Hər şey VƏTƏN üçün ! - Qafqazın ən güclü ordusu təlimdə

Cəlil Xəlilov: "Bununla torpaqlarımızı işğaldan azad edə biləcəyik”


"Azərbaycan silahların ən yenilərini, müasirlərini alır”.

Bunu "Sherg.az”a genişmiqyaslı hərbi təlimlərin başlamasına münasibət bildirərkən ehtiyatda olan polkovnik Cəlil Xəlilov deyib. 

O bildirib ki, təlimlərin keçirilməsində məqsəd ölkənin müasir tələblərə uyğun müdafiə qabiliyyətini gücləndirməkdir:

"Bu genişmiqyaslı təlimlər əsgərlərin döyüş qabiliyyətinin gücləndirilməsi, mənəvi psixoloji durumunun yaxşılaşdırılmasına kömək edir. Bəzi qonşu dövlətlər, o cümlədən düşmən bunu təzyiq kimi qəbul edir. Lakin Azərbaycan dəfələrlə bəyan edib ki, heç bir qonşu dövlətə ərazi iddiası yoxdur. Ermənistan isə bizim 20 faiz torpaqlarımızı işğal edib, bir milyon qaçqın və məcburi köçkün ordusu yaradıb. Təbii ki, öz torpaqlarımızı azad etmək üçün ordumuzu inkişaf etdirməli, yüksək səviyyəyə çatdırmalıyıq. Bu gün də Azərbaycan ordusu Qafqazda ən güclü ordu hesab olunur.

Belə təlimlərinin keçirilməsi qonşu ölkələrlə münasibətlərin yaxşılaşdırılmasına hesablanıb. Ona görə, belə məsələlərdə heç kimin narahatlığına əsas yoxdur. Belə təlimlər tez-tez keçirilməlidir ki, Azərbaycan öz mövqeyini qoruyub saxlaya bilsin, döyüş qabiliyyətini artırsın. Ancaq bununla lazım olduqda torpaqlarımızı işğaldan azad edə biləcəyik”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən sentyabrın 18-dən müxtəlif qoşun növlərinin və qismlərinin iştirakı ilə genişmiqyaslı təlimlər başlayıb.

Müdafiə Nazirliyinin məlumatına görə, təlimlərə 15.000 nəfərədək şəxsi heyət, 150-dən artıq tank və zirehli texnika, 120-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 20 ədəd müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunub.

Aysel Aslan