Hər üç adamdan biri xəstədir

Bəzi insanlarda ağırlaşma, uzun müddət öskürək və baş ağrıları olur
Kiyevdəki kimi Azərbaycanda da infeksion xəstəliklərin sayı kəskin artıb



Kiyevdə 26 minə yaxın insan qrip və kəskin respirator virus infeksiyasına tutulub. Kiyev şəhər Dövlət Administrasiyasının səhiyyə departamentinin rəhbəri Valentin Qinzburqun sözlərinə görə, bu il artıq 25 min 831 nəfər bu xəstəliyə tutulub, bunların 70 faizi uşaqlardır. Qrip və kəskin respirator virus infeksiyasının yayılmasına görə, Kiyevdə 120 orta məktəbdə karantin elan edilib.

Qeyd edək ki, son aylarda ölkəmizdə də əhalinin demək olar ki, yarısı qrip və digər xəstəliklərdən əziyyət çəkir. Kiyevdəki mövcud durum Azərbaycanda həyəcan siqanlı yaradıb. Hər nə qədər qrip olduğunu düşünsək ki, əhali arasında qorxulu infeksiyaların yayılıb-yayılmadığını söyləmək çətindir.


Tibb elmləri doktoru, professor Adil Qeybulla "Şərq”ə açıqlamasında bildirib ki, bu gün ölkəmizdə demək olar ki, hər üç adamdan biri xəstədir. Həkimin sözlərinə görə, bu hal kəskin respirator virus infeksiyasının əlaməti ola bilər: 

"Ən çox yayılan viruslardan olan qrip karantin infeksiyasıdır. Ümumiyyətlə, dörd karantin infeksiyası var. Ümumdünya Səhiyyə Təşkilatı bunları reyestrə alıb -taun, vəba, sarı qızdırma və qrip. Qripin yerini əvvəlcə təbii çiçək tuturdu. Qrip epidemiya yaradan bir xəstəlikdir. Yuxarı tənəffüs yollarının infeksiyaları var ki, onlar vinaviruslar, adenaviruslar, panaviruslar və s. törədir. Bu xəstəliklər də qripə bənzər əlamətlərlə keçir. İnsanlar belə soyuqdəymədən sonra qrip olduqlarını düşünürlər. Kəskin respirator virus infeksiyası da yayıla bilir. 

Yəqin ki, Azərbaycanın özündə bu gün xeyli insan məhz həmin kəskin virus infeksiyasından əziyyət çəkir. Bəzi insanlarda ağırlaşma, uzun müddət öskürək və baş ağrıları olur. Belə hallar ölkəmizdə də müşahidə olunur. Ölkəmizdəki virusların Kiyevdə yayılmış infeksiyalarla eyni mahiyyət daşıdığını deyə bilmərik. Bunu laborator müayinələrdən sonra demək olar. Amma Azərbaycanda müxtəlif infeksion xəstəliklərin sayının çox olduğu danılmazdır”.

Yeganə Bayramova