Həkim-pediatr güclü təsirə malik dərmanların açıq satışına qarşı çıxdı
Əczaçılıq müəssisələri rəhbərləri güclü təsir edən maddələr və zəhərli maddələrin siyahısına daxil olan dərman vasitələrinin satışına xüsusi icazə almaq üçün Səhiyyə Nazirliyindən rəyin verilməsiniistəyiblər. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzində keçirilən iclasda qeyd edilən dərman vasitələrinin istifadəsinə tibbi göstərişi olan xəstələrə əlçatan olmasının təmin edilməsi məqsədilə, qanunvericiliklə saxlanılması və satışı tələblərinə cavab verən əczaçılıq müəssisələrinin siyahısının hazırlanaraq Analitik Ekspertiza Mərkəzinə və Respublika Narkoloji Mərkəzinə təqdim olunduğu bildirilib.
Güclü təsirə malik dərman preparatları bu günə qədər həkimlərin xüsusi icazəsi əsasında əldə
edilirdi. Hətta satışı qadağan edilən dərmanların idxalını həyata keçirən bir neçə aptek bağlanmış,
həbs edilənlər də olmuşdu. Müəyyən dərman preparatları var ki, xəstələrin onları asanlıqla əldə edə
bilməsi önəmli faktordur. Lakin bəzi narkotik və psixatrop tərkibli dərmanların asanlıqla əldə
edilməsi müəyyən xoşagəlməz halların yaranmasına səbəb ola bilər.
Həkim-pediatr Vaqif Qarayev də bu cür dərmanların satışının yalnız xüsusi həkim resepti ilə
mümkün olmasını vurğulayıb:
"Yenidən belə dərmanların satışının asanlaşdırılması təklifini başa
düşə bilmirəm. Fikrimcə, psixatrop dərmanlar müstəqil satışda olmamalıdı. Xüsusi resept blankları
var ki, hər bir müəssisənin dəyirmi möhürü olur bu blankda. Bu möhürün olması mütləqdir. Hətta
blankda diaqnozda yazılmalıdır ki, satıcı xəstəlik diaqnozunu və dərmanın xəstəyə nəyə görə lazım
olduğunu bilsin. Amma mən bir həkim və vətəndaş kimi belə dərmanların müstəqil satışının
əleyhinəyəm. Hər yer onsuz da narkomanlarla doludu. Yenidən bunu niyə asanlaşdırmalıyıq? Ola
bilər ki, lazım olanda xəstələrin həkimə müraciət etmək imkanları yoxdursa, bunun üçün icazə
verilsin. Amma mən bütün hallarda buna qarşıyam. Çünki SPİD-lə bağlı son statistikalar dəhşətdi.
Təxminən son aylara qədər hamı onu cinsi yolla keçən bir infeksiya kimi qəbul edirdi. Bu xəstəlik
artan tendensiya ilə davam edir. Burda narkomaniyanın da xüsusi əhəmiyyəti var. Gərək hamı bunu
bilsin. Harda gəldi iynəni damarlarına yeridirlər. Yəni, narkomanlarda yoluxma ehtimalı son
dərəcədə yuxarıdır. Onlar biri-birlərinə iynə ilə yoluxdururlar, amma başqasına ola bilər ki, cinsi
yolla yoluxdursunlar. Hepatit C həddindən artıq çoxalıb. Psixotrop dərmanların hepatit C-yə dəxli
yoxdur, lakin fakt budur ki, güclü təsiri olan dərmanların satışını asanlaşdırsaq, bunun kimi
xoşagəlməz hallar yaradar. Düşünürəm ki, normal düşüncəli adamlar buna yol verməməlidirlər. Bu
qadağa ona görə qoyulmuşdu ki, həm də narkomanların dərmanlara əli çatmasın. Yenidən qadağalar
götürülərsə, bu, onlar üçün olduqca rahatlaşar. Həm də təkcə narkomanlar üçün dərman satılmır.
Bəzən valideynə elə gəlir ki, uşaqda qıcolma var, amma elə deyil. Haradansa eşidib ki, relanium ona
kömək edəcək. Beləliklə, gedir aptekdən onu maneəsiz alıb verirsə və uşağa o dərman verilməli
deyilsə, mütləq zərərli təsirlərini göstərəcək”.
Yeganə Bayramova