Məmur bəzən dilemma qarşısında qala bilir
Vəzifəli şəxs hədiyyənin qəbul edilib-edilməməsi ilə bağlı qərara gələ bilmədiyi hallarda mütləq rəhbərliyin rəyini öyrənməlidir
Hesablama Palatası üzvlərinin fiziki və hüquqi şəxslərdən hədiyyə qəbul etməsi və hansısa siyasi partiyalara qoşulması qadağan edilib. Bu barədə "Hesablama Palatası haqqında” yeni qanun layihəsində bildirilib.
Rəsmi tədbirlər zamanı, o cümlədən Hesablama Palatasının üzvündən asılı olmayan səbəblərdən hədiyyə verildikdə, o, həmin hədiyyəni Palataya təhvil verməlidir. Qanun layihəsinin Milli Məclisin növbəti plenar iclasında müzakirə ediləcəyi gözlənilir. Ekspertlərin sözlərinə görə, nəzərdə tutulan dəyişiklik neqativ halların aradan qaldırılmasına və tərəfsizliyin qorunmasına xidmət edir.
Dəyişikliyi "Şərq”ə şərh edən "Konstitusiya” Araşdırmalar Fondunun eksperti, hüquqşünas Zaur İbrahimli deyib ki, məhdudiyyətlər mümkün korrupsiya hallarının və maraqlar toqquşmasının qarşısının alınması üçündür. Onun fikrincə, Hesablama Palatası audit orqanı və kənar dövlət maliyyə nəzarəti funksiyasını həyata keçirən qurumdur:
"Bu baxımdan qanunla Hesablama Palatası üzvlərinin vəzifələrinin qərəzsiz icrasına təsir edən, maraqlar toqquşmasına səbəb olan halların baş verməsinin qarşısı alınır. Palata üzvləri ilk növbədə dövlətin maraqlarını hər şeydən üstün tutmalıdırlar. Onların fəaliyyəti tam şəffaf, obyektiv və qərəzsiz olmalıdır. Məhz bu məqamlar məhdudiyyətlərin nəzərdə tutulmasını şərtləndirir. Nəzərə almaq lazımdır ki, Palata Milli Məclis tərəfindən yaradılıb. Parlament isə nəzarət orqanıdır. Lakin parlamentdə müxtəlif siyasi partiyalar təmsil olunur. Bu baxımdan siyasi mənsubiyyət Palata üzvlərinin fəaliyyətində maraqlar toqquşması yarada bilər. Bütün bu hallar nəzərə alınaraq elə normativ tənzimləmə tətbiq edilir ki, Palatanın obyektivliyi, qərəzsizliyi şübhə altına düşməsin. Bu, bütün dünyada tətbiq olunan praktikadır”.
Ekspert bildirib ki, vəzifəli şəxslərin hədiyyə alması ilə bağlı məhdudiyyətlər 2005-ci ildə qəbul olunmuş "Korrupsiyaya qarşı mübarizə haqqında” qanunla tənzimlənir:
"Qanunun 8-ci maddəsi vəzifəli şəxslərin hədiyyə alması ilə bağlı məhdudiyyətləri müəyyən edib. Qanuna əsasən vəzifəli şəxs xidməti vəzifəsinin icrası zamanı məbləği 55 manatdan yuxarı olan bir və ya bir neçə hədiyyəni qəbul edə bilməz. Həmin məbləğdən yuxarı olan hədiyyələr şəxsin xidməti vəzifəsini həyata keçirdiyi dövlət orqanına, yerli özünüidarəetmə orqanına və ya quruma məxsus hesab edilir. Qanun, həmçinin, dövlət qulluqçusunun hədiyyə qəbulu zamanı etik dilemma qarşısında qalarkən necə hərəkət etməsi ilə bağlı da müddəa müəyyən edib. Orada vurğulanıb ki, vəzifəli şəxs hədiyyənin qəbul edilib-edilməməsi ilə bağlı qərara gələ bilmədiyi hallarda mütləq rəhbərliyin rəyini öyrənməlidir”.
İsmayıl