HEYDƏR ƏLİYEV - Tarixin yetişdirdiyi nadir şəxsiyyət

"Heydər Əliyev tarixin yetişdirdiyi nadir şəxsiyyətlərdəndir”.
Bunu "Sherg.az”a açıqlamasında millət vəkili, tarixçi-alim Fəzail İbrahimli deyib.
Deputat bildirib ki, ümummilli lider milliyəti azərbaycanlı, dini islam olaraq bir çox zirvələri fəth edib:
 "1920-ci ildə Kommunist Partiyasının oktyabr ayında keçirilən qurultayında gürcü Lominadze tərəfindən bir fikir səsləndi. Həmin fikri bolşeviklərin düşüncəsi kimi də qəbul etmək olar. O deyirdi ki, "müsəlman yaxşı kommunist ola bilər, amma ona etibar etmək olmaz, çünki qəlbində müsəlmançılıq var”. Bu şüar bütün sovet imperiyasının mövcudluğu ərzində qırmızı xətt kimi Azərbaycanın üzdə olan adamlarını daim izlədi. Bu xətt Nəriman Nərimanova yönəldi və Kremldə onu zəhərləyib öldürdülər. Ancaq Ulu Öndər bu sipəri dağıtdı. İlk dəfə olaraq Azərbaycanda Dövlət Təhlükəsizliyi Komitəsinin sədri Heydər Əliyevin timsalında bu millətin nümayəndəsinə həvalə edildi. Məhz bu amilin özü Heydər Əliyevin əzəmətini göstərir. Nəzərə alaq ki, sovet hökumətində millətin taleyi ilə bağlı bütün məsələlər DTK-nın kabinetində həll olunurdu. Siyasi qərarları isə partiya verirdi”.
Parlament üzvü bildirib ki, Ulu Öndər millətin taleyi ilə bağlı məsələlərə öz imzasını atdı. Məhz onun səyi nəticəsində yüzlərlə insan imperiyanın ölüm maşınından xilas oldu: 
"Heydər Əliyev 1969-cu ildə Kommunist Partiyasının birinci katib oldu və Azərbaycanın taleyi Ulu Öndərə etibar edildi. Stalinin ölümündən sonra Siyasi Büroda qeyri-rəsmi gizli qərar verilmişdi. Vəsiyət xarakterli həmin qərara əsasən, "müsəlman siyasətçi heç vaxt Siyasi Büroya buraxılmamalı” idi. Heydər Əliyev bu sipəri də dağıtdı. Nəinki Büroya namizəd oldu, hətta üzv seçildi. Nazirlər Kabineti sədrinin birinci müavini kimi SSRİ-də ən böyük beş vəzifədən birinə təyin olundu. Azərbaycan işğal edilmiş əyalət bir ölkə idi. Şübhəsiz ki, belə bir ölkə tabe olmalı, müti davranmalı, rahat idarə edilməliydi. Lakin Heydər Əliyev millətimizi öz simasında imperiyanı idarə edən bir xalq səviyyəsinə qaldırdı”.
Deputat xatırladıb ki, tarix iki dəfə Azərbaycan xalqını imtahana çəkib:
 "Əsrin əvvəllərində zaman məsələni belə qoymuşdu - "ya öz taleyinə şərik ol, ya da işğala məruz qalaraq bölün”. Azərbaycan Xalq Cümhuriyyətinin liderləri üzərlərinə düşəni layiqli şəkildə etdilər. Azərbaycanı bölünməyə qoymadılar. Təəssüf ki, rus ordusu ölkəmizi yenidən 70 illik əsarətə saldı. 1991-ci ildə müstəqilliyimizi əldə edərkən növbəti dəfə sınağa çəkildik. Konkret olaraq Azərbaycanın parçalanması, müstəqilliyin itirilməsi təhlükəsi ilə üz-üzə qaldıq. 1918-ci ildə böyük bir komandanın gördüyü işi Ümummilli lider təkbaşına gördü. Xalqın təkidli istəyi ilə hakimiyyətə qayıdan Ulu Öndər xalqını naümid qoymadı. Millətin istiqlalını, azadlığını təmin etdi. 
Qarşıya qoyduğu bütün problemləri həll edərək elə bir strateji kurs götürdü ki, o kurs özündən sonra da böyük nəticələr verdi. Ulu Öndərin davamçısı cənab İlham Əliyev həmin kursu davam etdirdi və gözümüzün qarşısında Azərbaycanı regionun ən qüdrətli dövlətinə çevirdi. Nüfuzlu beynəlxalq təşkilatlara üzv olduq, öz səsi və öz sözü olan bir ölkəyə çevrildik. İndi Azərbaycanda siyasi sabitlikdir. Müstəqilliyimiz əbədi, Ulu Öndərin ruhu şad olsun”.
İsmayıl