Sosial şəbəkədə heyvanlara qarşı qəddarlığı əks etdirən foto yayılıb. Görüntüdə inəklərin ayaqları bağlı şəkildə yük maşınından asılı vəziyyətdə daşındığı əks olunub. Sözügedən amansız əmələ sosial media istifadəçiləri olduqca sərt reaksiya veriblər. Hər hansı bir canlıya qarşı belə işgəncə verənin bir insan olduğu acı həqiqətdir. İnsanlığa xas olmayan bu davranış nədən qaynaqlandığını söyləmək olduqca çətindir
Qeyd edək ki, bir müddət öncə buna bənzər hadisə yaşanıb. Yasamal rayonunda yük avtomobilinin sürücüsü inəyi maşının arxasına bağalayaraq idarə edib. Bir müddət avtomobilin arxasınca qaçan heyvan sonradan yerə yıxılıb və sürətlə hərəkət edən avtomobil onu sürüyüb.
Məsələyə münasibət bildirən sosioloq-alim Əhməd Qəşəmoğlu "Sherg.az”a bildirib ki, sözügedən görüntü kəskin şəkildə nifrət və tənqid olunmalıdır.
Sosioloqun qənaətincə, belə hadisələr həm dini, həm humanistlik, həm də tibbi baxımdan ciddi qınanmalıdır:
"Dinmizin özündə bu məsələ ilə bağlı kifayət qədər fikirlər var. "Qurani-Kərim”də yazılıb ki, heyvan Allahın dilsiz, ağısız yaratdığı canlıdır. Yəni, dili-ağızı olmayan bir canlıya işgəncə vermək böyük günahdır. Hətta bir heyvanı kəsəndə belə ona əziyyət vermək ixtiyarımız yoxdur. Ona görə də deyirlər ki, bıçaq o qədər iti olmalıdır ki, heyvan qəfildən kəsilsin və o heç bir əziyyət çəkməsin. Küt bıçaqla heyvanı kəsmək Allah qarşısında böyük günahdır. Çünki küt bıçaqla kəsəndə həmin heyvana əziyyət verirsən. Bütün bunlar dini baxımdan öz əksini tapıb”.
Ə.Qəşəmoğlu heyvanlara qarşı bu cür qəddarlığın tibbi baxımdan da dəhşətli olduğunu bildirdi:
"Çünki biz hansısa heyvanı yeyəndə onun ətindəki müəyyən hüceyrələr bədənimizdə energetika daşıyır. Heyvana əziyyət verəndə onun hormonlarında zəhərli maddələr toplanır. Həmin maddələr isə insan orqanizmi üçün olduqca təhlükəlidir. Deyilənə görə, əzabla öldürülən heyvanın ətini yeyəndə insan sanki quduzlaşır və əsəbi olur. Ona görə də heyvan ətinin düzgün kəsilməsi ilə bağlı Quranda kifayət qədər tövsiyələr var.
Hələ uşaqlıqdan eşitmişik ki, heyvanalara qarşı xoş münasibət olmalıdır. İnsanla-heyvan arasında xoş münasibət olanda burada müsbət emosiyalar yaranır. Bunlar isə həm insan, həm də heyvan üçün faydalıdır.
Hərdən görürük ki, heyvanları vəhşicəsinə daşıyırlar və yaxud onun ayaqlarını döyərək yerə yıxıb başını kəsirlər. Bu zaman ətrafdakı uşaqlarda, yeniyetmələrdə qəddarlıq hisləri inkişaf etməyə başlayır. Hansı tərəfdən yanaşırıqsa yanaşaq, heyvana əzab vermək, qəddar münasibət göstərmək birmənalı olaraq cinayətdir. Bu cür məsələlər gələcəkdə hüquqi baxımdan sənədləşsə, belə qəddarlığı nümayiş edənlərə qarşı ciddi cəzalar tətbiq edilməlidir”.
Yeganə Bayramova