İcra rüşvət tələb edir, insanlar da məcburən sövdələşməyə gedirlər"- Mexanizm işləmir

"Həyətyanı sahələrdə 12 metrdən yüksək olmayan evlərin tikilməsi üçün aidiyyəti qurumlardan icazə tələb edilmir”.
Bunu "Sherg.az”a vətəndaşların daşınmaz əmlak, ev alğı-satqısı, tikinti prosesində icazənin alınması kimi məsələlərdə dələduzluqla qarşılaşması hallarından danışarkən Vətəndaşların əmək hüquqları Liqasının sədri Sahib Məmmədov söyləyib.
O vurğulayıb ki, həyət evlərinin tikintisində layihə smeta sənədlərinin müvafiq icra hakimiyyəti orqanlarında təsdiq edilməsindən sonra vətəndaş tikintini apara bilər:
"Şəxsin torpaq üzərində mülkiyyət və digər müvafiq hüquqları varsa, tikintinin aparılması qanunsuz deyil. İcra hakimiyyətinə müraciət edilirsə, buna vaxtında cavab verilmirsə, vətəndaşın tikintini həyata keçirmək hüququ yaranır. Amma praktikada bu mexanizm işləmir. İcra hakimiyyəti orqanları çox zaman rüşvət tələb edirlər. İnsanlar isə, məcbur olaraq, sövdələşməyə gedirlər. Bir məsələni vurğulayım ki, müvafiq icazə sənədləri üçün ayrı-ayrı şəxslərə müraciət etməyə ehtiyac yoxdur. Birbaşa rayon icra hakimiyyətlərinin müvafiq arxitektura şöbələrinə müraciət edib, danışmaq olur.
Əgər bu, baş tutmasa, deməli, icra strukturunun tikintiyə mane olmağa əsasları yoxdur. Kimsə başqasına pul verib, üçüncü şəxsin əli ilə qeydiyyatdan keçmək istəyirsə, aldadıla bilər. Bu hal dələduzluqdur və icra hakimiyyəti orqanının heç bir təqsiri yoxdur. Tikintinin aparılması üçün icazə alınması, yaxud başqa hallarda vətəndaşlar dələduzluqla qarşılaşıbsa, mütləq polisə müraciət etmək lazımdır. Cinayət işi başlanmalı, qarşı tərəfin dələduzluğu sübut olunsa, dəymiş zərər müəyyən olunacaq”.
S.Məmmədov onu da əlavə edib ki, bu cür dələduzluq hadisələri ilə bağlı cəzaçəkmə müəssisələrində çoxsaylı məhkumlar var:
"Əksəriyyət müəyyən olunan cəriməni ödəyə bilmədiyinə görə, azadlıqdan məhrum edilir. Cəzaçəkmə müəssisəsində də zərərçəkmişə dəyən ziyan, demək olar, ödənilmir. Şəxs cəzasını çəkdikdən sonra da cərimələr ödənilməmiş qalır”.
Qeyd edək ki, Bakıda dələduzluq hadisəsi baş verib. 1971-ci il təvəllüdlü Sultanov Rahim Şadı oğlu Xətai rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, 12 aprel 2017-ci il tarixində Maştağa qəsəbəsində ev tikdirmək üçün Sakit adlı şəxsə 14 min manat pul verib. Lakin həmin şəxs tikinti ilə bağlı verdiyi vədə əməl etməyərək pulu mənimsəyib. Müraciət üzrə araşdırmalar aparılır.
Aysel Aslan