Ötənlərdə rayonların birində bir qadının iki kişi ilə eyni zamanda evli olması xəbəri yayıldı. Və bu hadisə sosial şəbəkələrin müzakirə mövzusuna çevrilərək sərt şəkildə tənqid olundu. Məlumata görə, R.L adlı qadın 5 il eyni zamanda iki kişi ilə evli olub. Səhər saat 10-dan 16:00-a qədər biri ilə, 16:00-dan gecə səhərə başqası ilə yaşayan qadının "bazara alverə gedirəm” deyərək evdən çıxıb, taksi sürücüsü olan ərinin evinə getdiyi deyilir. Hadisənin üstü açılandan sonra isə kənddə çaxnaşma düşür. Qadının rəsmi əri onu boşayır. Məlumata görə, qadın hazırda taksi sürücüsü olan əri ilə birlikdə yaşayır.
Bu olay haqqında "Sherg.az”a danışan ekspertlər isə məsələyə fərqli rakursdan yanaşdılar.

Bu cür hadisələrin əvvəllər də baş verdiyini diqqətə çatdıran millət vəkili Tahir Kərimli vurğulayıb ki, internet əsrinin olması bu cür hadisələrin daha sürətlə gündəmə gətirilməsinə şərait yaradır:
"İnsanların içərisində belə qeyri-əxlaqi həyat yaşayanlara rast gəlinir. Bu, bütün normalara, dini və əxlaqi baxımdan düzgün addım deyil. Din poliqamiya - çoxnikahlılıq yalnız kişilərə aid edilir. İslami və mənəvi cəhətdən cəmiyyət belə xəyanət hallarını qınayır. Amma görün vəziyyət hansı həddə çatıb ki, qadın ifşa olunmağına belə əhəmiyyət vermir. Əslində ictimai qınaq cəmiyyəti bir növ tənzimləməyə kömək etməlidir”.
Deputat hesab edir ki, xəyanət məsələsində ictimai qınaq və dövlət qanunları kişilərə də aid edilməlidir. T.Kərimlinin sözlərinə görə, istər kişi, istərsə də qadın ailəsinə xəyanət edirsə, mütləq qınanmalıdır:
"Ailənin təməlində qarşılıqlı hörmət, məhəbbət olmalıdır. Dünyaya gətirilən övladlar da məhəbbətlə böyüdülməli, qayğı ilə tərbiyə edilməlidir. Məhəbbətdən kənar, yalnız hansısa məqsədlə dünyaya gətirilən uşaqların nə gələcəyi ola bilər?
Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni idarəetmə qaydalarının formalaşdığı zamanda mən Milli Məclisdə bir neçə təklif vermişdim. Sosializm hər şeyi qadağan edir, yaxşını da, pisi də. Kapitalizm isə hər şeyə - mənfiyə də müsbətə də icazə verir. Cəmiyyətdə normaların müəyyənləşdirilməsi üçün o zaman Mədəniyyət Komitəsinin və "əxlaq polisi”nin yaradılmasını təklif etdim. İndiki şəraitdə də belə xəyanətlərin ciddi şəkildə qınanılmasının, bu ictimai qınağın həm kişilərə, həm də qadınlara tətbiq olunmasının tərəfdarıyam”.
Sosioloq Cavid İmamoğlunun sözlərinə görə, Azərbaycanda bütün qadınlar, kişilər başa düşür ki, xəyanət qəbuledilməzdir:"Bir xanımın, yaxud kişinin başqası ilə münasibəti varsa, normal şəkildə nikaha son qoyub, yoluna davam edə bilər. Amma nədənsə, Azərbaycan reallığında belə hadisələrə münasibət fərqlidir”.
Nümunəvi ailələrlə bağlı xəbərlərin diqqət çəkmədiyinə toxunan C. İmamoğlu insanların qanunauyğunluğa zidd hadisələrin işıqlandırılmasına olan marağını da izah edib:
"Bir qadının rəsmi əri ola-ola başqası ilə yaşamağı xəyanətdir və dini və dünyəvi baxımdan qəbul edilmir. Müzakirə ediriksə, kiməsə haqq qazandırmalı, yaxud ortaq məxrəcə gəlməliyik. Burada ortaq məxrəc yoxdur, ona görə hadisə müzakirəyə açıq olmamalıdır”.
Yazıçı Pərvin isə həmin ailənin yalan üzərində qurulmasına diqqət çəkib. O, hər iki kişinin bu situasiyanı necə qəbul etdiyini anlamadığını söyləyib:"Bununla belə, hər kəs tərəfindən qınanan addımı atan şəxsin belə özünün həqiqəti var. İctimai qınaq cəmiyyətin çatışmayan tərəflərini, "xəstə” nöqtələrini aradan qaldırmaq üçün həlledici rol oynayıb. Əvvəlki illərdə bunun daha çox təsiri olurdu. Düzdür, müasir düşüncə baxımından ictimai qınaq birmənalı qəbul edilmirdi. Amma insanlar addım atarkən "camaat nə deyər” fikrini əsas götürür, yanlış addımlardan özlərini çəkindirirdilər. İndi isə ictimai qınaq sosial şəbəkələr, burada aktiv olanların müzakirəsi səviyyəsində prosesə çevrilib. Ona görə, aktuallığını itirib”.
Xanım yazar yanlış addım atan insanlara qarşı sosial şəbəkələrdə hücum kampaniyasının aparılmasını düzgün hesab etmir:
"Bəzi hallarda bu cür qınağa tuş gələnlər çıxış yolunu intihar etməkdə, cəmiyyətdən təcrid olunmaqda görür. Ona görə, hansısa şəxsə qarşı sosial şəbəkə üzərindən "hücum” edərkən nə ilə nəticələnə biləcəyini də nəzərə almaq lazımdır.
Bu gün həmin qadını tənqid, hətta təhqir edirlər. Amma gəlin, baxaq, həmin şərhləri yazan, tənqid edən şəxslər özləri necə həyat yaşayır, hansı səhvlərə yol veriblər. Nəticə olaraq, hər yoldan keçən adamın belə hadisələrlə bağlı tənqid səsləndirməsi, "əxlaq dərsi" keçməsi düzgün deyil. Bu situasiya ilə razılaşmadığıma görə, sosial şəbəkələrdən istifadə etmirəm”.
Aysel Aslan