Regionların inkişafı həm də iqtisadiyyatın dayanıqlığını təmin edir
İdxaldan asılılığımız azalacaq
Prezident vurğulayıb ki, hər il “Kənd təsərrüfatı ili”dir
Regionların inkişafı həm də iqtisadiyyatın dayanıqlığını təmin edir
Regionların inkişafı həm də iqtisadiyyatın dayanıqlığını təmin edir
Kənd təsərrüfatı ölkənin sosial-iqtisadi və siyasi problemlərinin həllində, xüsusən də regionlarda yaşayan insanların məşğulluğunda müstəsna rol oynayır. Məhz dünya enerji bazarında yaşanan proseslərin Azərbaycan iqtisadiyyatına təsiri nəticəsində iqtisadiyyatın digər sektorlarında işini itirən insanların yenidən kənd təsərrüfatına üz tutması deyilənlərin bariz nümunəsidir. Respublikamızda kənd təsərrüfatının əməktutumlu sahələrinin inkişaf etdirilməsi qısa müddətdə bu sektorda daha çox insana iş imkanı yaradıb. Ötən günlərdə "Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyev bu məsələyə xüsusi diqqət ayırıb.
Dövlət başçısı vurğulayıb ki, keçən ilin "Kənd təsərrüfatı ili” elan edilməsi səbəbi ilə kənd təsərrüfatı 6,6 faiz artıb. Ölkə rəhbəri iri fermer təsərrüfatlarının önəmini vurğulayıb və fermerlərin yaradılmasının bu il də davam etdiriləcəyini deyib: "Bu, bizə imkan verəcək ki, idxaldan asılılığı azaldaq. Kiçik və orta fermer təsərrüfatlarını da yaddan çıxarmamalıyıq. Onlara da daim diqqət göstərilməlidir, şərait yaradılmalıdır. Kənd təsərrüfatı imkan verir ki, qeyri-neft ixracımızı, ərzaq təhlükəsizliyini və insanları işlə təmin edək. Ona görə də hesab edin ki, hər il "Kənd təsərrüfatı ili”dir. İslahatlar daha da dərinləşməlidir. Torpaq fondunun dəqiq uçotu aparılmalıdır. Hazırda "elektron kənd təsərrüfatı” proqramı icra edilir. Biz bunu daha da geniş yaymalıyıq”.
Dövlət başçısı kənd təsərrüfatının inkişafı üçün böyük meliorasiya layihələrinin icra edildiyini vurğulayıb: "Taxtakörpü və Şəmkirçay su anbarları inşa olunub. Samur-Abşeron kanalının yenidən qurulması layihəsi təmin edilib. Ceyranbatan gölünün təmizlənməsinə, müasir təmizləmə qurğularının yaradılmasına nail olunub. Həm içməli su, həm meliorasiya məqsədləri üçün Samur sularından istifadə edirik. Beləliklə, on minlərlə hektar yeni torpaq sahələri suvarılacaq. Tezliklə yeni fermer təsərrüfatları yaradılacaq”.
Prezident bəyan edib ki, heyvandarlığın inkişafı üçün Kənd Təsərrüfatı Nazirliyi yeni təkliflər irəli sürüb: "Biz əvvəllər daha çox cins mal-qaranın alınması ilə məşğul idik. Ancaq Azərbaycanda cinsin yaxşılaşdırılması üçün imkanlar var. Burada süni mayalanma sistemi geniş tətbiq olunmalıdır. Mənə verilən məlumata görə, bir neçə il ərzində biz tamamilə mal-qara cinsini yaxşılaşdıracağıq. Bitkiçilikdə də böyük inkişaf var. Keçən il kənd təsərrüfatının inkişafı daha çox bitkiçiliklə bağlı idi. Hesab edirəm ki, biz pambıqçılıqla daha ciddi məşğul olmalıyıq. Çünki bu, həm insanları işə cəlb edir, həm də əlavə valyuta gətirir. Biz xam pambığı satmalıyıq, eyni zamanda onu ipliyə, daha sonra tekstilə çevirib ixrac etməliyik. Həmçinin, tütünçülük və çayçılıq sahələrini də canlandırmalıyıq”.
Prezidentin vurğuladığı kimi, ötən illər ərzində dövlət proqramlarında qarşıya qoyulan məqsədlərin demək olar ki, hamısı tam icra olunub. Bölgələrdə pambıqçılıq, baramaçılıq, fındıqçılıq, tütünçülük, çayçılıq, çəltikçilik, sitrusçuluq üzrə müşavirələr keçirilib və bir neçə dövlət proqramı qəbul edilib. Dövlət başçısının qeyd etdiyi kimi, bu sahələrdə çox böyük inkişaf var. Bu sahələrə göstərilən diqqət həm iş yerlərinin yaradılmasına gətirib çıxarıb, həm də ixrac potensialımızı artırıb. Məsələn, 2015-ci ildə cəmi 35 min ton pambıq yığılmışdısa, 2017-ci ildə bu rəqəm 207 min tona çatıb. Prezidentin diqqət çəkdiyi kimi artıq özümüzü mal və qoyun, o cümlədən quş əti, həmçinin bir çox meyvə-tərəvəz məhsulları ilə 80-90 faiz təmin edirik. Göründüyü kimi, kənd təsərrüfatının müxtəlif sahələri böyük sürətlə inkişaf etməkdədir. Bu istiqamətdə nəticələr də göz qabağındadır. Şübhə yoxdur ki, cari ildə də kənd təsərrüfatının inkişafı istiqamətində zəruri addımlar atılacaq və ölkəmiz ərzaq təhlükəsizliyini tam təmin edəcək.
Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev "yap.org.az” saytına deyib ki, 2004-cü ildən uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafı proqramları bölgələrimizin simasını əhəmiyyətli dərəcədə dəyişib. Deputatın sözlərinə görə, bölgələrlə paytaxt arasında fərqin minimuma enməsində və bəhs olunan müsbət dinamikanın yaranmasında Prezident İlham Əliyevin respublikanın hərtərəfli və tarazlı inkişafına göstərdiyi diqqət və siyasi iradə əsas amil olub: "Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin, müxtəlif istiqamətləri əhatə edən layihələrin reallaşdırılması sayəsində respublikanın bölgələrində yeni müsbət reallıqlar yaranıb. Hədəflərə çatmaq üçün sistemli tədbirlər həyata keçirilir. Bu hədəflər sırasında aqrar sektorda istehsalın artırılması xüsusi yer tutur. Respublikamızda aqrar sektorun inkişafı ilə bağlı qarşıya qoyulan məqsədlərə çatmaq üçün genişmiqyaslı tədbirlər həyata keçirilir. Son illərdə regionlarda müasir təsərrüfat subyektlərinin yaradılması ölkəmizdə aqrar sektorun yeni yanaşmalar əsasında inkişaf etdirilməsinə yaxşı nümunədir. Hazırda respublikamızda iri fermer təsərrüfatlarının yaradılması uğurla həyata keçirilir. İndiyədək dövlət başçısının tapşırığına uyğun olaraq ölkəmizin 20 rayonunda 44 min hektardan çox sahədə 22 sahibkarlıq subyekti tərəfindən 32 iri fermer təsərrüfatı yaradılıb. Ümumi dəyəri 181 milyon manat olan bu təsərrüfatların yaradılmasına 72,4 milyon manat dövlət güzəştli kreditləri verilib. İri fermer təsərrüfatlarında məhsuldarlıq hər hektardan arpa və buğda üzrə 58-60, qarğıdalı üzrə isə təxminən 120 sentner təşkil edir. Regionlarda istixanaların salınması da çox geniş vüsət alıb. Respublikanın bölgələrində əsasən ixraca hesablanan istixanaların yaradılması təşəbbüsünü Prezident irəli sürüb. Dövlət başçısının çağırışına uyğun olaraq hazırda 400 hektardan çox sahədə yeni, müasir istixana kompleksləri yaradılır. Artıq bir sıra bölgələrdə fəaliyyətə başlayan istixanalarda yüksək məhsuldarlığa nail olunur”. Millət vəkilinin sözlərinə görə, ölkəmizdə aqroparkların yaradılmasına başlanılıb: "İndiyədək ölkənin regionlarında 10 min hektar ərazidə 2 aqropark yaradılıb. Bunlar Xaçmaz rayonunda "Yalama Aqroparkı” və qərb bölgəsində "Şəmkir Aqroparkı”dır. Perspektivdə Azərbaycanın digər bölgələrində də aqroparklar yaradılacaq. Hazırda ölkə ərazisində aqroparkların yaradılması güclü şəkildə təşviq olunur. Yeni yaradılan aqroparklar həm bitkiçilik, həm də heyvandarlıq istiqamətlidir. Bu aqroparklarda 10 min yeni iş yerinin açılması nəzərdə tutulur. On aqropark üzrə dəyəri 390 milyon manat olan 13 layihəyə investisiya təşviqi sənədi verilib. Aqroparklar tam fəaliyyətə başladıqdan sonra kənd təsərrüfatında daha böyük nəticələr əldə olunacaq”.
Millət vəkili Tahir Mirkişili də bildirib ki, Prezident İlham Əliyev ölkənin inkişafı üçün yeni hədəflər müəyyən edib. Millət vəkili bildirib ki, getdikcə regionların iqtisadi cəhətdən daha da inkişafı və iqtisadiyyatda payının artması müşahidə ediləcək: "Regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramı 2004-cü ildən başlayaraq həyata keçirilir. Keçən 14 il ərzində infrastruktur və iqtisadi baxımdan xeyli uğurlar əldə edilib. Elektrik, qaz, yol, kommunikasiya infrastrukturu xeyli yaxşılaşıb, bu sahədə əsas problemlər həll olunub. Regionlar artıq iqtisadi aktivlik və xarici sərmayələrin cəlb edilməsi baxımından, infrastuktur baxımından müasir standartlara tam cavab verir.
Azərbaycan regionlarının tarazlı şəkildə inkişafı ölkədə inklüziv inkişafa gətirib çıxarıb ki, bu da Dünya İqtisadi Forumunun müəyyən etdiyi inklüziv inkişaf indeksinin müəyyən olunmasına öz təsirini göstərib. Azərbaycan dünyada inkişaf etməkdə olan ölkələr arasında 3-cü yerə çıxıb. 2017-ci ildə Prezidentin Ehtiyat Fondunun 80 faizə yaxın hissəsi məhz regionların inkişafına yönəldilib”. T.Mirkişili qeyd edib ki, regionların inkişafı həm də iqtisadiyyatın dayanıqlığını təmin edir: "Hazırda regional iqtisadi siyasətin əsas hədəfləri regionlarda iqtisadi aktivliyin artırılması, regionlara daxili və xarici sərmayələrin cəlb olunması, müasir texnologiyanın tətbiq olunması, istehsal və ixrac imkanlarının genişləndirilməsidir”.
İsmayıl