“Bu insan peşəkar, istedadlı bir aktyor görəndə elə bil ilan görür. Teatrı pərən-pərən saldı. Hamı gedir. Dünən də iki işçi məcbur qalıb ərizəsini yazıb getdi”
“İftixar Piriyev teatrın kabusuna çevrilib” - Əjdər Zeynalov
Əjdər Zeynalov: “Maraqlıdır ki, nazirlikdən də onun bu özbaşınalığına nəzarət edən kimsə yoxdu”
“Bu insan peşəkar, istedadlı bir aktyor görəndə elə bil ilan görür. Teatrı pərən-pərən saldı. Hamı gedir. Dünən də iki işçi məcbur qalıb ərizəsini yazıb getdi”
“Bu insan peşəkar, istedadlı bir aktyor görəndə elə bil ilan görür. Teatrı pərən-pərən saldı. Hamı gedir. Dünən də iki işçi məcbur qalıb ərizəsini yazıb getdi”
Həyat bir səhnədirsə, hər birimiz bu səhnənin bir aktyoru sayılırıq. Orda hər kəs öz rolunu oynayır. Bir də peşəkar səhnədə oynamaq var. O səhnə isə istedadı olanların məkanıdır. Orada sən təkcə öz obrazının deyil, ayrı-ayrı həyatları əks etdirən xarakterlərin yaradıcısına çevrilirsən. Bəzən müsbət, bəzən mənfi xarakterli olmağı bacarmaq məcburiyyətində qalırsan.
Budəfəki qonağımız da məhz mənfi obrazlarla daha çox tanınan İrəvan Dövlət Dram Teatrının aktyoru Əjdər Zeynalov oldu. Əjdər Zeynalov "Şərq”ə maraqlı açıqlamalar verdi.
- Uzun zaman səhnədə olsanız da, son zamanlar seriallardan daha çox məşhurlaşdız...
- Demək olar ömrümün yarısı səhnədə keçib. Bu sənəti sevərək gəlmişəm. Uzun illərdi İrəvan Dövlət Teatrında çalışıram. Teatr aləmində olanlar tanısalar da, böyük kütlə həqiqətən seriallardan sonra tanıyıb bir çox aktyorları. Bilirsiz, televiziya tanınmaq üçün əvəzolunmaz vasitədir. Bunu dana bilmərik ki, efir insanı daha çox məşhurlaşdırmağa qadirdi.
- Nədənsə, mənfi obrazların qəhrəmanı kimi yadda qalmısız. Mənfi obraz oynamaq, onu tamaşaçıya təqdim etmək daha çətindir, ya aktyor üçün bunun fərqi yoxdu.
- Aktyor istənilən obrazı qüvvətli oynamalıdır. Sadəcə müsbət obrazı tamaşaçıya sevdirmək daha asandı. Amma mənfi obrazı yaratmaq daha böyük zəhmət tələb edir bəlkə də. Bir də bir çoxları mənfi obraz oynamağa ehtiyat edirlər. Əsasən tanınmış aktyorlar müsbət obrazlara üstünlük verirlər.
- Mənfi obrazı oynayarkən tamaşaçı reaksiyası sizi qorxutmur ki?
- Bizdə bəzən tamaşaçı obrazı aktyorun xarakteri olaraq qəbul edir. O zaman çətinlik yaşanır. Olub ki mənə yolda, ya hardasa məclisdə yaxınlaşıb deyiblər ki, utanmırsan o obrazı oynamağa? Adam belə insafsız olar? Başa salmağa çalışıram ki, o obrazdı, mənə verilən roldu. Mən həyatda o insan deyiləm. Əslində bir tərəfdən də sevinirəm ki, deməli, oynadığım obrazı tamaşaçıya çatdıra bilmişəm. Əgər mənfi qəhrəmanı oynayarkən tamaşaçıda o obraza nifrət hissi oyatmışamsa, demək ki, məqsədimə çata bilmişəm. Mənfi obrazı oynamaq həyatda bu baxımdan problemlər yarada bilir. Hərdən istəmirəm ki, mənfi obraz yaradım. Deyirəm insanların mənə nifrəti çoxala bilər. Amma professional yanaşanda özümə təsəlli tapıram. Məlik Dadaşov da bir çox mənfi obrazların möhürünü vurmuşdu. Məni bəzən ona bənzədənlər də olur ki, onun kimi mənfi obrazı yaradanda nifrət yarada bilirsən. Bu, aktyorun istedadından xəbər verir. Mən özümü böyük sənətkarla müqayisə etmək niyyətində deyiləm. Sadəcə mənə deyilənləri dilə gətirdim.
- Arzusunda olub oynamadığınınz, sadəcə kənardan seyr edəcəyiniz rollar da olub yəqin.
- O qədər rolların arzusunda olmuşam ki. Amma qismət olmayıb. Bir çox əsərlərdə baş rolların arzusunda olsam da, mənə qismət olmayıb.
- Səbəb nədir? Niyə rejissorlar sizi daha çox mənfi obrazlarda görürlər?
- Vallah, onu deyə bilmərəm. Əslində həyatda daha mülayim insanam. Obrazlarımda mənfi xarakterləri yəqin yarada bilmişəm. Amma inanın səmimiyyətimə, hərdən mənfi obraz oynamaq qətiyyən istəmirəm.
- Bəs son vaxtlar teatrda yaşanan gərginliklərin səbəbi nədir?
- İrəvan Teatrının direktoruna bu sualı ünvanlamağınız daha yaxşı olar. Çünki o, səbəbi daha yaxşı bilir. Biz dərdimizi kimə deyək, bilmirik. Teatra gələn gündən aktyorların həyatını qaraldıb. Ətrafına özü kimi bir qrup düzəldib, onun dediyi ilə gedirlər. Teatrda yaradıcı mühitdən heç bir iz yoxdu. Sanki teatr alver, biznes məkanıdır. İftixar Piriyev teatrda öz qaynunları ilə işləyir. Heç kimdən çəkinmir. İstedadlı aktyorlara qənim kəsilib. Bu insan teatrın kabusuna çevrilib. Onun dediyi odur ki, mən ağ qatığa qara deyirəmsə, siz də bunu deməlisiz. Aktyorlara işləməyə imkan vermir. Teatrda öz istəyi ilə tamaşalar qoyur. Teatrın baş rejissoruna tamaşa hazırlamağa şərait yaratmır. Ancaq öz kəsərsiz, heç bir bədii yükü olmayan primitiv pyeslərini səhnəyə qoyur. Maraqlıdır ki, nazirlikdən də onun bu özbaşınalığına nəzarət edən kimsə yoxdu. Teatr sənin atanın yurdu deyil, teatr sənin şəxsi tribunan deyil. Burda illərini teatra, səhnəyə qurban verən aktyorlar var. Sən onların hissiyatı ilə necə oynaya bilərsən? Bu insan peşəkar, istedadlı bir aktyor görəndə elə bil ilan görür. Teatrı pərən-pərən saldı. Hamı gedir. Dünən də iki işçi məcbur qalıb ərizəsini yazıb getdi.
Elçin Hacılıya qarşı rüsvayçılıqları göz qabağındadır. Biz abrımıza bükülüb, nələrisə susub demirik, bu o demək deyil ki, səbrimiz sona qədər davam edər. Axı sən aktyorların yaradıcılıq mühitini zəhərləməkdən başqa heç bir iş görmürsən. Hamı çarəni getməkdə görür. Hamı gedərsə, kim qalacaq bu teatrda? Bu qədər özbaşınalıq ola bilməz axı. Ətrafına 5-6 gənc aktyor yığıb. Onlar da gəncdilər, ona söykənib nəsə əldə etməyə çalışırlar, çəkinirlər. Amma yaşı-başı olan, illərini səhnəyə verən aktyorları susdura bilməz axı. İftixar Piriyev teatrın qənimi kəsilib. Onu teatrın başına gətirmək teatra xəyanət deməkdi. İftixar Piriyevin yeri "Sədərək” bazarıdı. O, alverçilərə rəhbərlik etmək üçün daha uyğun insandı. Çünki alverçi təfəkkürlü insan teatr kimi ədəbi, mədəni mühitə rəhbərlik edə bilməz.
Tahirə Məmmədqızı