İğdır və Qarsda Azərbaycan türkləri seçkini niyə qazana bilmir ? – Professordan cavab





"Seyid cəddinə arxayın olan kimi biz də həmişə zənn etmişik ki, İğdırda, Qarsda, Ərzurumda Azərbaycan türklərinin sayı çox olduğu üçün seçkilərdə mütləq qalib olacağıq”.

Bunu "Sherg.az”a açıqlamasında siyasi elmlər doktoru, professoru Cümşüd Nuriyev deyib.

Professor bildirib ki, hədsiz arxayınlığımız hər zaman bizə ziyan vurub: 

"Ümumiyyətlə, türk toplumlarının ən böyük çatışmazlığı komanda şəklində fəaliyyət göstərə bilməməkdir. Ayrı-ayrılıqda güclü olsaq da, birlikdə işimizi qura bilmirik. Türkiyədə, eləcə də böyük şəhərlərdə müxtəlif sahələrdə fəaliyyət göstərən on minlərlə Azərbaycan türkü var. Tələbələr bir tərəfə, təkcə alimlərimizin sayı 5 mindən çoxdur. 
Əlavə olaraq diaspora komitəmiz, təşkilatlarımız fəaliyyət göstərir. Alimlərimizi təşkilatlandıraraq seçkidən 10 gün öncə Qarsda, İğdırda və digər bölgələrdə təbliğat aparmaq kifayət edərdi. Lakin bunu etmədik və heç bir əsas olmadan özümüzə arxayın olduq. Halbuki, son dönəmlər dəfələrlə bəyan edilib ki, AKP-nin əvvəlki nüfuzu və siyasi gücü yoxdur. Ona görə də təbliğatı gücləndirmək lazım idi”.

Politoloqun sözlərinə görə, dayaq məntəqələrimizin əldən çıxması qorxulu tendensiyadır: 

"Qars və İğdır Naxçıvanla, o cümlədən düşmənimiz Ermənistanla yaxın bölgələrdir. Həmin şəhərlərdə uduzmağımız ciddi problemlər yarada bilər. Ələlxüsus, oralarda HDP-nin qələbə qazanması ermənilərin də əl-qolunu açacaq, düşmən təbliğatı güclənəcək. 

Hazırda həmin ərazilərdən Ermənistana sızmalar çox böyükdür. Məsələ qurtarandan sonra ayılırıq ki, niyə üzərimizə düşəni etməmişik. Seçkinin rəsmi nəticələri açıqlanmamış Azərbaycanda hay-küy saldılar. İsa Yaşar Tezelin İğdırda qalib olduğu xəbəri dəqiqləşdirilmədən sosial şəbəkələrdə, bir çox media orqanlarında yayıldı. 

Belə həssas məsələlərdə təsdiq olunmamış informasiyaların yayılması dövlətə və xalqa ziyan vurur. Əslində bundan sonra danışmağımızın, şikayət etməyimizin də mənası yoxdur. Sadəcə anlamaq lazımdır ki, gedişat yaxşı deyil”.

Qeyd edək ki, 31 mart günü Türkiyədə keçirilən bələdiyyə seçkilərində Qars və İğdır şəhərlərində PKK-ya yaxınlığı ilə tanınan HDP-li namizədlər qalib olublar. Adıçəkilən şəhərlərdə Azərbaycan türklərinin kifayət qədər çoxluq təşkil etməsinə baxmayaraq, "Cümhur İttıfaqı”nın MHP-dən irəli sürdüyü namizədlər uduzublar. Ekspertlər bunun səbəbini Azərbaycan türklərinin təşkilatlanma problemində və təbliğatın zəif qurulmasında görürlər.

İsmayıl