İki yaşlı “Report”

İnformasiya agentliyi yarandığı gündən operativ və etibarlı xəbər istehsalçısı oldu
Murad Alıyev: “Mən səhər redaksiyaya gəlib xəbərlərin içərisinə girəndə başa düşürəm ki, bu, iş deyil bir həyat tərzidir”

İmdad Əlizadə: "Uğurumuzun ən başlıca səbəbi odur ki, bizim çox gözəl kollektivimiz var”

Dünən "Report” informasiya agentliyinin fəaliyyətə başlamasının 2 ili tamam oldu. Agentlik ötən iki il ərzində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələr üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri operativ şəkildə işıqlandıraraq, özünə geniş oxucu auditoriyası toplamağı bacarıb.

Bununla yanaşı, "Report.az” saytı etibarlı xəbər mənbəyi kimi özünü təsdiqləyib. Agentliyin xəbərlərini ölkədə fəaliyyət göstərən yüzlərlə informasiya resursu, o cümlədən televiziya, radio, qəzet və xəbər saytları yayımlayıb. Saytın rus və ingilis dillərində olan versiyalarında Azərbaycanla bağlı dərc olunan xəbərlər nüfuzlu beynəlxalq KİV-lərin diqqət mərkəzində olub. Ölkədə baş verən ən mühüm hadisələr agentliyin saytında geniş şəkildə işıqlandırılıb. Bu sırada tarixə "aprel döyüşləri” kimi düşən, Azərbaycan hərbçilərinin qələbəsi ilə başa çatan "dördgünlük müharibə”ni, Formula 1 üzrə Avropa Qran Prisini, "Rio-2016” Yay Olimpiya və Paralimpiya Oyunlarını, ümumxalq səsverməsini və digər önəmli ictimai-siyasi və idman hadisələrini göstərmək olar. Təkcə aprel döyüşləri zamanı "Report” saytı Azərbaycan, rus və ingilis dillərində yüzlərlə xəbər yayımlayıb. Agentlik gündəlik bülletenlər vasitəsilə də məlumatların abunəçilərə təqdim edilməsini həyata keçirir. Sayt sutka ərzində Azərbaycan dilində orta hesabla 180-190, rus dilində 110-120, ingilis dilində 50-60 xəbər istehsal edir.

Mətbu orqanın iki illik fəaliyyəti ilə bağlı "Şərq”ə danışan baş redaktoru Murad Aliyev deyib ki, ötən müddət ərzində "Report” ilk növbədə etibarlı xəbər mənbəyi kimi özünü təsdiq edib. Onun sözlərinə görə, saytda dərc olunan məlumatlar dərhal yüzlərlə digər xəbər resursları tərəfindən istinadla verilir, radiolarda səsləndirilir: "Oxucular üçün maraqlı resurs olmağa nail olmuşuq. "Report”un mobil tətbiqini ən müxtəlif sahələrdə çalışan şəxslərin telefonunda görmüşəm. Artıq ölkənin bütün regionlarında baş verən hadisələri əhatə edə bilirik. Yəqin bu səbəbdəndir ki, regionlara gedən zaman çoxlarının "Report”u tanıdıqlarının şahidi oluruq. Bundan başqa, ötən 2 il ərzində Azərbaycanda keçirilən bütün mühüm tədbirləri maksimum güc sərf edərək işıqlandırmışıq. Çünki məhz böyük hadisələrin işıqlandırılması zamanı nəyə qadir olduğun üzə çıxır. Misal üçün, Bakı-2015 Birinci Avropa Oyunları zamanı 1 ay boyunca bütün komandamız istirahətsiz işlədi. Siyasət, sosial, iqtisadiyyat şöbəsinin əməkdaşları 1 aylıq idman jurnalisti kimi bütün yarış meydanlarından reportajlar verdi. Adamı ruhlandıran odur ki, bu işlərin bəhrəsini görürük. Gənclər və İdman Nazirliyi "Report”u 2015-ci ilin idman xəbərlərini ən yaxşı işıqlandıran informasiya agentliyi seçdi. Müxtəlif dövlət qurumları, ictimai təşkilatlar həm agentliyi, həm onun işçilərini fərdi qaydada mükafatlandırıblar. Bu gün onlarla biznes strukturu "Report.az”ın xəbərlərinə abunədir, gündəlik bülletenlərimizi alırlar. Əvvəllər bütün xəbərlərimizi açıq formada yayımlayırdıqsa, indi sırf maliyyə, korporativ biznes sahəsinə aid olan özəl xəbərlərə yalnız abunəçilərimizin oxumasına şərait yaradırıq”. Baş redaktor bildirib ki, gündəlik xəbər axınından gördüyümüz kimi ölkə mətbuatı daha çox diqqəti Bakıya yönəldir, regionlardan o qədər də çox məlumat verilmirdi: "Bu məsələ də qarşımıza qoyduğumuz əsas məqsədlərdən biri idi. 2 ilin tamamında deyə bilərik ki, Azərbaycanın regionlarında baş verən hadisələrin operativ, ətraflı işıqlandırılmasına nail ola bilmişik. Bu il tarixə "aprel döyüşləri” kimi düşən, Azərbaycan hərbçilərinin qələbəsi ilə başa çatan "dördgünlük müharibə”ni geniş formada işıqlandırdıq. Füzuli rayonu istiqamətində yerləşən strateji əhəmiyyətli "Lələ Təpə” yüksəkliyi işğaldan azad olunduqdan sonra ilk fotosu "Report”da dərc olundu. Sonra məhz o foto yerli və beynəlxalq mətbuat tərəfindən zəfərimizin simvolu kimi istifadə olundu. Digər tərəfdən bölgələrdə yaşanan sosial problemlər əsasən televiziya xəbərlərində işıqlandırılırdısa, artıq internet-media auditoriyasına çatdırılmasına çalışırıq”. M.Alıyevin sözlərinə görə, templə işləyən zaman ən cüzi səhv də böyük problemlər yarada bilər. Bu da redaktor heyətində istər-istəməz pataloji məsuliyyət hissi yaradır: "Anlayırıq ki, dəqiq olmayan xəbər səni izləyən oxucularda, etibar edən xəbər saytlarında böyük inamsızlıq yaradır. Sonra bu inamı bərpa etmək olduqca çətin olur”. Media rəhbəri "Report” agentliyində formalaşmış bir komandanın olduğunu deyib: "Ən əsası odur ki, bu komanda medianın baza prinsiplərinə əsaslanaraq, öz üslubunu yaradıb. Kollektiv əsasən gənclərdən təşkil olunub və bəlkə də Azərbaycan media məkanında ən gənc kollektivdir. Bunun da öz üstünlükləri var. Gənclər daha çox enerji ilə çalışır, gün ərzində ölkədə və xaricdə baş verən hadisələri diqqətdə saxlayırlar. Qısacası, bu komanda ilə çox dağları nəinki aşmaq, hətta dağı dağ üstə qoymaq olar”. Baş redaktorun fikrincə, hər sahədə olduğu kimi, mətbuatda da bir yarış ab-havası var: "Xüsusən, son illər internet KİV-lərin sayının çoxalması ilə bu yarış daha kəskin xarakter alıb. Mən bu yarışı boks, güləş kimi mübarizə növləri ilə yox, üzgüçülük, qaçış kimi atletik idman növlərinə bənzədirəm. Bu, bir növ özünün öz nəticələrinlə mübarizənə bənzəyir. Öz üzərində daha səylə çalışmalısan, peşəkarlığını artırmalısan, zəif yerlərini gücləndirməlisən. Yalnız bu zaman yarış zamanı öndə ola bilərsən. Yəni, bir mətbuat orqanı kimi həmkarlarla mübarizəyə qalxsaq, inkişaf edə bilmərik. İnformasiya agentliyi Formula 1 yarışına bənzəyir, pilotun yaxşı olmasından əlavə avtomobilin bütün hissələri də tam saz vəziyyətdə olmalıdır. 24 saat ərzində durmadan çalışmaq, xəbərləri operativ qaydada yerləşdirmək, bütün günü özəl xəbər axtarışında olmaq lazımdır”. Baş redaktora görə, artıq informasiya bazarı o qədər qloballaşıb ki, bir vaxtlar agentliklər üçün mövcud olan qalın çərçivələr daralıb: "İndi multimedia dövrüdür, xəbərin oxucuya daha asan çatdırılması üçün hər gün yeni üsullar tapılır. Bu şəraitdə durub hər hansı xəbərə "bu portallıqdı”, "bu agentlik üçündür” damğası vurmaqla xəbərçilik etmək mümkün deyil. Xəbər xəbərdi, bunu nazirin də dilindən yaza bilərsən, özünün apardığın araşdırma nəticəsində də. Təbii ki, fəaliyyətə başladığı ilk gündən "Report” müəyyən prinsiplər qoyub qarşısına və onlara da əməl edir. Hərdən mediadan başqa sahəyə, misal üçün, maliyyə sahəsinə keçən dostlarla söhbət zamanı adamın paxıllığı tutur. Nə qədər məsuliyyətli işçi olsan da, iş vaxtı saat 6-da bitir. Şənbə-bazar iş barədə düşünmədən istirahətinə baxa bilərsən. Amma mən səhər redaksiyaya gəlib xəbərlərin içərisinə girəndə başa düşürəm ki, bu, iş deyil bir həyat tərzidir. Mətbuatdan kənarlaşıb başqa sahədə işləsən, özünü sudan quruya düşən balıq kimi hiss edərsən. Vaxtilə bir neçə ay mən də mətbuatdan ayrıldım, şəxsi biznes layihəmlə məşğul oldum və xəbərdən uzaq düşmənin "oksigen çatışmazlığını” hiss etdim. Mətbuat işinin "şirin bataqlığı”na düşən adam üçün bu sahədən ayrılmaq çox çətindi”.

"Report”un redaktoru İmdad Əlizadə də iki illik təəssüratlarını "Şərq”lə bölüşüb: "Saytımız qısa müddət ərzində böyük uğurlara nail olub. Bunu sadəcə saytda işləyənlər deyil, eyni zamanda fəaliyyətimizi kənardan izləyənlər də təsdiqləyir. Uğurumuzun ən başlıca səbəbi odur ki, bizim çox gözəl kollektivimiz var. "Report”da uzun illər mətbuatda çalışmış şəxslərlə gənc və enerjili jurnalistlərin sintezi baş tutub. Bu səbəbdən nailiyyətlərimiz də çoxalıb. Agentlik yaranan gündən qarşısına fərqlənməyi, informasiyaları vaxtında və doğru-dürüst oxuculara çatdırmağı məqsəd qoyub. Biz iki illik dövrdə həmişə bu prinsiplərə sadiq qalmışıq. Xəbər doğru olmalıdır və vaxtında, gecikmədən oxucuya çatdırılmalıdır. Bütün fəaliyyətimizi bu istiqamətdə qurmuşuq. Əgər hansısa sahədə boşluq müşahidə etmişiksə, dərhal onu doldurmağa çalışmışıq. Bunun nəticəsində "Report” Azərbaycanın ən nüfuzlu agentliyinə, ən operativ xəbər daşıyıcısına çevrilib”. İ.Əlizadə bildirib ki, onların fəaliyyətində rəqabət məsələsi kiminləsə yarışmaq, önə keçmək, bəhsəbəs etmək anlamına gəlmir: "Əsas məqsədimiz işimizi keyfiyyətli qurmaqdır. Bu prosesdə kiməsə rəqib kimi baxıb, onunla yarış davasına girmirik. Sözün açığı, bunu məqsədəuyğun variant hesab etmirik. Elə əvvəl gündən bizim belə niyyətimiz olmayıb, bu gün də yoxdur. Özümüzün xəbər siyasətimiz var. İnformasiya yayımına bizə xas olan formulla yanaşırıq”.

Redaktor "Report.az”ın heç bir mətbu orqana istinad etməməsinə də aydınlıq gətirib: "Report” bir agentlikdir. Agentliyi digər xəbər portallarından fərqləndirən əsas özəlliyi ondan ibarətdir ki, agentlik özü xüsusi xəbər istehsal edir. Biz çalışırıq ki, kiminsə xəbərlərini yox, özümüzün hazırladığımız informasiyaları cəmiyyətə ötürək. Başqa saytda çıxmış xəbərlər bizim üçün artıq xəbər olma özəlliyini itirir. Onu təkrarən verməyi uğursuz və lazımsız hesab edirik. Bayaq qeyd etdiyim kimi, bu, həm də agentliyin xüsusiyyətindən irəli gəlir. Ondan əlavə özümüz də müəyyən etmişik ki, xəbərlərimiz özəl olsun. Düzdür, çox yerlərdən eşitmişik ki, "Report” heç bir sayta istinad etmir və s. Yenə deyirəm, bu, yekəxanalıqdan, yaxud həmkar saytların informasiyalarını yaxşı xəbər saymamaqdan irəli gəlmir. Bu, bizim xəbər siyasətimizlə bağlı məsələdir”.

P.S Biz də "Şərq” qəzeti olaraq, 2 yaşlı "Report”u ürəkdən təbrik edir, Murad Alıyev başda olmaqla, bütün kollektivə gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

İsmayıl