İlham başlatdı, davamı gəlir

Kasıb tələbələrin qayğıları gündəmə çevrilir




Qarabağ müharibəsi veteranı, jurnalist İlham Tumas Azərbaycan Dillər Universitetinin yaxşı oxuyan və maddi ehtiyacı olan bir tələbəsinə hər ay 100 manat fərdi təqaüd verəcək. Təqaüd 1992-ci ildə Marquşevan uğrunda gedən döyüşlərdə şəhid olmuş İsayev Nazim Alim oğlunun adına olacaq. İlham Tumas bu barədə sosial şəbəkələrdə xəbər paylaşıb. Jurnalist bildirir ki, tələbəni Azərbaycan Dillər Universitetinin Tələbə Həmkarlar Komitəsinin keçirdiyi müzakirədə seçəcək. Elə bu ideyanın yaranmasında da, ADU-nun Həmkarlar Komitəsinin rəhbəri Şahin Sərdarlının böyük rolu olub. Təqaüd bu aydan etibarən, hər ay mütəmadi şəkildə tələbəyə veriləcək. İ.Tumas təqaüdü öz məvacibindən ödəyəcək. Təqaüd mənimlə Qarabağda bir döyüşmüş dostum İsayev Nazimin adını daşıyır. O, şəhid olarkən Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin I kurs tələbəsi idi. Şəhidlərimizin çoxu xatırlanır, amma, eləsi də olur ki, onlar müəyyən qədər yaddan çıxır, unudulur. Mən də bir dost olaraq Nazimi belə bir xeyirxah məsələdə anmaq istədim.

İ.Tumas hesab edir ki, yaxşı nümunələri geniş kütləyə çatdırmaq lazımdır ki, insanlar bundan örnək alsınlar:

- Bəzi insanlar düşünür ki, dövlətimiz onsuz da təqaüd verir. Lakin bu fikirlə razılaşmıram. Biz də yaxşılığımızdan qalmamalıyıq. Kimin imkanı varsa, kim stabil maaş alırsa, onlar öz imkanları daxilində əl tutsalar, çox yaxşı olar. Mən hazırda İctimai Televiziyada çalışıram və stabil maaş alıram və bu maaşdan bir hissəni tələbənin təhsili üçün ödəyəcəyəm. Bu, hazırda bir tələbə üçün nəzərdə tutulub. Ümid edirəm, bu məsələ gələcəkdə daha da genişlənər və bir çox insanlar bu aksiyaya dəstək verərlər. Elmin İnkişafına Dəstək Fondu təhsilimizin inkişafı üçün əlindən gələni edir, lakin adi vətəndaşlar da öz yardım əlini uzatmalıdırlar.

Tələbələrə fərdi təqaüd ayıranların sayı artır

İlham Tumasın başlatdığı aksiyaya qoşulanların sayı artmaqdadı. Aksiyanı şərti olaraq «Bir nəfər bir təqaüd» də adlandırmaq olar. Aksiyaya qoşulanlardan biri də teleaparıcı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylidir. O, Mədəniyyət və İncəsənət Universitetindən bir tələbəyə təqaüd verəcəyini elan edib.

Sosial şəbəkə istifadəçisi Zaur Əliyev bunları yazıb:

- İlk öncə Allahımdan üzr istəyib, sonra da, FB dostlarımdan üzr istəyirəm ki, bunu yazıram. 2009-cu ildən bu günə qədər ildə iki tələbəmin təhsil haqqını ödəyirəm. Mən yaxşı, yaxud pis oxuyan tələbə arasında fərq qoymadan bunu edirəm. Əsas seçimim də ailələrin maddi durumu zəif olanlar üzərindədir. Bu il də Kapital Bankdan 6 min manat götürüb iki tələbəmin təhsil haqqını, kəsir borclarını ödəmişəm. O borcları arada qazandığım pulla qısa zamana bağlamışam. Tələbələrimin işlə təmin olunması, xaricdə təhsil üçün müraciətlərində dəstək olmuşam və olacam da. Bunu yazmaqda məqsədim odur ki, İlham və Elçinin bu aksiyanı başlaması müsbət haldır. İnanın elə tələbələr var, gecələr də belə işləyirlər ki, təhsil haqlarını ödəsinlər. İmkanı olanlar təqaüd versinlər, olmayanlar isə işlə təmin olunmalarına dəstək olsunlar. Gənclərimizin ziyalılar, iş adamları tərəfindən bu cürə dəstəyə ehtiyacı var. Gənclərimizin düz yolda olmaları üçün onlara kömək edən insanlar lazımdır. İlham və Elçin timsalında.

Şirkətlərdən xahiş edirəm, əgər dostluğumda varsa, nümayəndələri tələbələrin yarım gün də olsa işlə təmin olunmasında kömək etsinlər. Hardasa 10-dan çox tələbəm iş axtarır. Onlara zamin isə mənəm.

«Təmiz Dünya» İB-nin rəhbəri Mehriban Zeynalova da aksiyaya dəstək verənlər sırasındadır:

- İlham Tumas çox yaxşı təşəbbüslə çıxış edib. Təhsil almaq istəyən, lakin, təqaüd ala bilməyən, ailəsinin iqtisadi vəziyyəti ağır olan tələbənin təhsilinə dəstək vermək çox alicənab və millət sevgisi, təhsilin vacibliyinə dəstəyi nümayiş etdirən addımdır. Mən İlhamı tanıdığımdan bilirəm ki, o bunu nə tanınmaq, nə də özünü fərqli göstərmək üçün edir. Mən onun milyonlar nədir, heç minliklərə də sahib olmadığını bilirəm. Lakin onun çox böyük ürəyi var. Qoşuluram sənə İlham, dəstək verirəm. Bir nəfəri də mən öhdəmə götürürəm. Təhsildə ugur qazanan, lakin çətinliyi olan elə gənc varsa, öhdəmə götürə bilərəm.

Bütün dünyada bu təcrübə var və biz də öz gənclərimizə məhz bu cür dəstək verməliyik...

Aksiya sosial şəbəkədə böyük maraq yaradıb

Xalidə Gəray: Çox istedadlı, avropalı musiqiçilərin belə səsini eşitdiyində şoka düşdüyü tələbə var. Çox təəssüf ki, o tələbə çox ağır durumdadır və bir dəfə təhsil pulunu ödəmədiyi üçün konservatoriyadan xaric olunub. Birtəhər yenidən bərpa olundu, amma indi dövlət imtahanına buraxmayacaqlar ki, bütün hamısını ödəməyib.

Mehriban Zeynalova: Xalidə, böyük məbləğə yox, ayda yüz manata dəstək verə bilərəm.
Xalidə Gəray: Tələbə Böyük Britaniya Beynəlxalq Musiqiçilər Federasiyasının azərbaycanlı səfiridir. Sadəcə konsert belə təşkil olunsa, o, təhsil haqqını ödəyər. Hazırda 2000 manat lazımdır. O pulu nə borc kimi, nə də kredit kimi tapa bilirik.

Şahnaz Kamal: Xalidə xanım, xahiş edirəm, o tələbə haqqında ətraflı mənə yazın, pul toplamağa çalışaq.

Gülbəniz Qənbərova: Yanınızdayam!

Mehriban Zeynalova: Gəlin, bu qıza birgə kömək edək.

Məlahət Rzayeva