“Həyat yoldaşım mənimlə bir yerdə yaşayır. Oğlumda mənim yanımdadı”
“İlhamə xanımın varisi olmaq iddiamdan çəkilməmişəm”
Orxan Nadirov: “Anam bilsəydi ki, mənə qarşı belə haqsızlıq edərlər, dünyanı onlara qara edərdi”
“Həyat yoldaşım mənimlə bir yerdə yaşayır. Oğlumda mənim yanımdadı”
“Həyat yoldaşım mənimlə bir yerdə yaşayır. Oğlumda mənim yanımdadı”
"Anamın dünyasını birdən-birə dəyişməsi onların birdən-birə varlanması oldu. Elə bil İlhamə xamımın ölümü onlar üçün bir lotoreya oldu. Birdən-birə xəzinə sahibi olmaq imkanı onların insanlıq hisslərini öldürdü, basdırdı”
Sonsuz həyatın fani qonağıdı insan... Kimliyindən, şəxsiyyətindən, tutduğu mövqeyindən asılı olmayaraq hər kəs qonaq gəldiyi bu fani həyatı bir şəkildə yaşayır, qonağı olur və köçür. Ondan qalan isə xatirələr, insani keyfiyyətləri, əməlləri, sevdikləri olur. Varlısı ilə kasıbının fərqləndiyi həyatda var-dövlət eşqi, miras sevgisi, şan-şöhrət xülyası ilə yaşayanlar da olur, həyata fani baxanlar da tapılır.
Mərhum sənətkar, xalq artisti İlhamə xanım Quliyeva da bir zamanlar ətrafında olan insanlar üçün sözünün kəsəri, zəhmi, imkanları, şan-şöhrəti ilə seçilən insan idi. Onun yanında olmağı, onunla dostluq etməyi arzulayanlar, onun süfrəsinin başında oturmaq üçün canfəşanlıq edənlər, onun evini, qapısını açmaq istəyənlər çox olsa da, onun yanında olanlar az idi.
Buna həm mərhum sənətkar özü imkan vermirdi, həm də yaxınlaşmağa çəkinirdilər. Çünki Primadonnanın zəhmli görünüşü onu bir az da sərt qadın kimi göstərmişdi. Amma bütün bunlara baxmayaraq onu tanıyanların yaddaşında İlhamə Quliyeva fərqli qalmağı da bacara bildi.
Səhnədə, həyatda taxt-taclı görünməyi sevən bu güclü qadının əslində könül taxtı sönük idi. Bəlkə bunu etiraf etmədi, bəlkə kimlərsə bu etirafı ilə sevindirmək istəmədi. Ancaq onun qadın ruhu kəsik, qırıq idi. Taleyinmi günahı olub, ya qismətmi deyək, bir qadının ana olmaq qədər müqəddəs hissindən məhrum olub. Bəzən bu nisgilini gizlətməyə çalışıb, bəzən güclü olduğunu özünə belə sübut etmək istəyib. Ancaq həyatın bir həqiqəti onu son mənzilə yola salanda da göstərdi, ölümündən sonra adı ətrafında olan miras davası da sübut etdi ki, insan varissiz olmasın. Sağ ikən varisi olmasa da, Primadonnanın ölümündən sonra varisləri daha çox oldu. Övladı olanlardan daha çox varislər meydana çıxdı. Elə həyatın qəribə ironiyası da budu yəqin. Varissiz insanın varisləri....
Allah ona övlad payı qismət etmədi. Amma o özünü ana kimi görmək, təqdim etmək istədi, o hissi yaşamaq, o məsuliyyəti hiss etmək sevgisi onu övlad götürməyə cəsarətləndirdi. Qohumlardan birinin övladını götürüb oğlu kimi böyütdü. Bəlkə bətnində oğul daşımadı, amma ruhu ilə onu qoynuna almağa çalışdı. Orxana ana oldu...
Bu gün Orxan Nadirovu İlhamə Quliyevanın oğlu kimi qəbul edənlər də var, qəbul etməyənlər də tapıldı. Amma bir danılmaz həqiqət də var ki, sağlığında xalq artisti milyonların qarşısında oğlu olaraq Orxanı təqdim edirdi. Xalq artistinin şad günündə də, çətin anlarında da oğlu onun yanında olurdu. Bəlkə Orxanı övlad kimi götürərkən rəsmiyyətə ehtiyac görməyib, amma onu övladı kimi də təqdim etməkdən çəkinməyib. Amma nədənsə, xalq artisti bu gün torpağa tapşırıldı, ertəsi gün bir çoxları bu gerçəkləri unutmaq istədi.
Bir zamanlar onunla dostluq edən bir insan kimi xalq artistinin ruhunun qarşısında bunu xatırlatmağı da borc bildim. Çünki o, Orxanı oğul kimi təqdim etmişdi. Bu, formal sənədlər olmaya bilər, amma verilişlərimdən birində evlərinin qonağı olarkən Orxanı qucaqlayıb - "Mən nə qədər sağam, Orxanın xətrinə kimsə dəyə bilməz, balamı incidə bilməz. Onun mənim kimi anası var. Mənim varım, dövlətim nəvəmindir” deməsi yaddaşımda iz buraxdı.
İlhamə Quliyeva dünyasını dəyişən gündən adı, mirası, var-dövləti ətrafında söz-söhbətlər səngimək bilmir. Son günlər isə xalq artisti İlhamə Quliyevanın övladlığa götürdüyü Orxan Nadirovun boşandığı xəbəri gündəm oldu. Bu barədə müğənni Əli Mirəliyev "Səhər-səhər” verilişində deyib: "İndi küçələrdə qalıb Orxan. Bilinmir haradadır. Arvad da gördü ki, Orxana heç nə qalmır. Orxanın yoldaşı Arifə bildi ki, Gülbaharla İradə İlhamənin mirasını ələ keçirdi, buna görə də ayrıldı. Uşağını da götürüb çıxıb gedib”. Qeyd edək ki, cütlüyün Ruslan adlı oğul övladı var.
Məlumatın nə qədər doğru olub-olmadığını dəqiqləşdirməyə çalışdıq. Orxan Nadirovla əlaqə yaratdıq. Mərhum sənətkarın oğlu "Şərq”ə ətraflı danışdı.
- Əli Mirəliyev mətbuata açıqlamasında həyat yoldaşınız Arifə xanımdan boşandığınızı bildirib. Məlumat doğrudurmu?
- İnanın, ətrafımda olan yalan məlmatlardan yorulmuşam. Bu məlumatın heç bir əsası yoxdur. Həyat yoldaşımdan boşanma xəbərim tamamilə yalandır. Əli Mirəliyev anam dünyasını dəyişən gündən barəmdə o qədər yalan məlumatlar verib ki, artıq mənə bu yalanlar qəribə gəlmir.
- Bəs bu məlumat hardan qaynaqlanıb?
- Mən bilmirəm o bu məlumatı nəyə əsaslanıb deyib. Onunla heç bir ünsiyyətim yoxdur. Kimdən nə eşidib, deyə bilmərəm. Amma yalandı.
- Dediyinə görə, səni evdən də çıxarıblar. Mirasdan məhrum olunduğun üçün də Arifə xanım səni tərk edib, oğlu ilə evdən çıxıb. Sənin yerini də bilən yoxdur...
- Həyat yoldaşım mənimlə bir yerdə yaşayır. Oğlum mənim yanımdadı. Qaldı mənim yerimi bilən yoxdu məsələsinə, kimsə məni axtarır ki? Əgər bu qədər maraqlıdırsa, mən 24 saatın 15-16 saatını şəhərin mərkəzində oluram. Dostlarımın yanında, ailəmlə.
- İlhamə xanımın süfrəsinin başında olanlar səni hər zaman İlhamə xanımın yanında görüblər, övlad kimi xəstəxanada başının üstündən əskik deyildin. O zamanlar bu gün varis elan olunanları İlhamə xanımın yanında görmürdülər...
- Bu barədə danışmaq istəmirəm. Çünki o təəssürat yaranmasın ki, mən kiməsə nəyisə sübut etməyə çalışıram. İlhamə xanımın süfrəsinin başında oturanlar da, onun dostluq etdiyi insanlar da anamla bizim münasibətimizin şahidi olublar. Mən onun ana olaraq hər zaman hörmətini saxlamışam, o da mənə övlad sevgisini əsirgəməyib. Siz özünüz də anamın yaxın dostlarından olmusuz, evimizə gələn, İlhamə xanımla yaxın biri olmusuz. Mənim sizə nə isə deməyimə ehtiyac varmı? Siz anamın mənə olan münasibətinin hər zaman şahidi olmusuz. Evimizdə jurnalist olaraq çəkiliş aparmısız. Sizin əlinizdə o materiallar yəqin ki var. Anam mənim barəmdə nə düşünüb, nəvəsi Ruslan barədə arzuları nə olub. Bu gün mən bunu deyərək kiməsə özümü niyə sübut etməliyəm?
- Məhkəmə prosesi davam edirmi? Hələ də İlhamə xanımın oğlu olaraq varis kimi iddialısan?
- Məhkəmə davam edir. Bu proses vəkilim vasitəsilə davam edir. Mən İlhamə xanımın oğlu olduğumu sübut edəcək iddiadan çəkilməmişəm. Onun varisi olmaq iddiam hələ də davam edir.
- Məhkəmədə bu günə qədər İlhamə xanımın lent yazılarında səni oğlu kimi təqdim etməsi, toy görüntülərində bir ana olaraq ev sahibliyi və bu kimi digər dəlilləri məhkəmədə nəzərə almadılarmı?
- Təəssüf ki, məhkəmədə təqdim etdiyim bu dəlillərin heç birini əsaslı saymadılar. İlhamə xanım sağlığında milyonlar qarşısında məni oğlu kimi öz dili ilə təqdim edir, toyumda anam olaraq ev sahibidir, məni ana olaraq təbrik edib, xeyir-dua verir. Bunların heç biri məhkəmədə dəlil olaraq qəbul edilmədi.
- Səncə, niyə İlhamə xanım sağlığında rəsmi şəkildə səni oğlu olaraq qəbul edəcək sənədə ehtiyac duymayıb?
- İlk əvvəl anam uşaq evindən övlad götürməmişdi ki, bu qədər rəsmiyyətə ehtiyac olaydı. Mən onun yaxın qohumuyam. Bioloji anamla xala qızları olublar. Rəsmiyyətə ehtiyac görməyiblər. Bir də İlhamə xanımın ağlına gəlməzdi ki, o, belə tez həyatdan köçə bilər. Anam qəflətən dünyasını dəyişdi. O, bu ölümə hazır deyildi. Heç vaxt ağlına gəlməzdi ki, o olmayanda bu qədər varisi meydana çıxa bilər. Çünki sağlığında hamı məni İlhamə xanımın oğlu kimi qəbul edib. Anam dünyasını dəyişəndən sonra varislər meydana gəldi. Onun qapısını aça bilməyənlər qan qohumluğundan istifadə edib özlərini varis hesab etdilər.
- Sizcə, İlhamə xanım bunları görsəydi, reaksiyası necə olardı? Bir möcüzə olsa, bir anlıq gəlsə, bu gün onun mirasına sahib olanlara sözü nə olardı?
- İnanın səmimiyyətimə ki, anam bilsəydi ki, mənə qarşı belə haqsızlıq edərlər, dünyanı onlara qara edərdi. İlhamə xanım qəliz xarakterli qadın olsa da, onun gözəl ürəyi var idi. O mənim anam idi. Ona ana deyib böyümüşəm. Anam mənə sevgisini əsirgəməyib. Mən bu həqiqətimə güvənmişəm. Nə olsa belə anam üçün dəyərli olmuşam. İnanın, o, sağ olanda heç kimin cəsarəti olmayıb barəmdə nə isə desin. Sanki hamı onun ölümünü iki gözlə gözləyirmiş. Sanki hamı bu günün həsrəti ilə səbr edirmiş ki, İlhamə xanım qəfil dünyasını dəyişsin, miras da, meydan da bunlara qalsın. Bu məni ağrıdır. Onlar bu həsrətlə yaşayırmışlar ki, onun mirasına sahib olsunlar. Anamın dünyasını birdən-birə dəyişməsi onların birdən-birə varlanması oldu. Elə bil İlhamə xamımın ölümü onlar üçün bir lotoreya oldu. Onun mirası da bu lotoreyanın cek potu oldu. Birdən-birə xəzinə sahibi olmaq imkanı onların insanlıq hisslərini öldürdü, basdırdı.
- Məhkəmənin gedişatı necə olacaq? Ananın mirasına sahib olmaq iddian nə qədər çəkə bilər?
- İnşallah, yeni bir sənəd hazırlanır. O sənədi məhkəməyə təqdim etdikdən sonra maraqlıdır ki, nə deyəcəklər. Mənə elə gəlir ki, məhkəmə bu dəfə ədalətli qərar verəcək. Çünki o sənədi təqdim etdikdən sonra onların sözü qalmamalıdır.
- Bu gün İlhamə xanımsız özünü tək hesab edirsən? Darıxırsanmı?
- Çox darıxıram. Mənəvi baxımdan ona ehtiyacım daha çoxdu. Heç kim həyatdan var-dövlət aparmır. Amma onun nəfəsi, kəsəri üçün darıxmışam. O sağ olsaydı, mənə bu qədər soyuq, düşmən münasibət olmazdı. Buna onların cəsarəti çatmazdı. Mən sizə bir məqamı övlad olaraq xatırladacam. Sizcə, İlhamə xanım məni övladı olaraq qəbul etməsəydi, 2008-ci ildə başıma gələn məlum olay zamın mənim azadlığa çıxmağım üçün bu qədər mübarizə aparardı? O zaman o mənim ana kimi arxamda dayandı, məni atmadı, məndən imtina etmədi. Elə böyük bir nüfuza sahib sənətkarın oğlu həbsxanaya düşmüşdü. O məni istəməsəydi, məni oğlu hesab etməsəydi, o zaman məndən imtina edə bilərdi. Nə adına xələl gələrdi, nə mənə görə narahat qalardı, nə də mənim azadlığa çıxmağım, ədalətin bərpası üçün mübarizə aparardı. O, əsl fədakar ana olduğunu məni qorumağı, sona qədər məndən əlini çəkməməyi, mənim üçün mübarizə aparması ilə sübut etdi. O övladının, oğlunun azadlığa çıxması üçün ədalətin arxasınca çəkinmədən, yorulmadan getməklə mənim anam olduğunu sübut etdi. Mənim onlara deyəcək ən böyük, mənəvi arqumentim budur. İlhamə Quliyeva oğlu Orxanın dustaqda olarkən belə əlini buraxmadı. İlhamə xanım oğlu Orxanı qorudu. Bunu unutmasınlar.
Tahirə