İlin sonuna qədər dolların bahalaşması baş verməyəcək

Ancaq beynəlxalq bazarlarda gedən prosesləri diqqətlə izləmək lazımdır


Son zamanlar ölkənin maliyyə durumu nisbətən sabitləşib. Daha dəqiq desək, dollar-manat münasibətləri sabit olaraq 1.70 civarındadır. Buna baxmayaraq rəsmi məzənnədə 1-2 faiz artım və ya azalmalar da müşahidə olunur.

Vətəndaşları düşündürən məqamlardan biri də ilin sonuna qədər məzənnənin artma və ya azalma ehtimalının olub-olmamasıdır. Bəzi ekspertlərin fikrincə, daha kəskin dəyişikliklər baş verə bilər. Lakin vətəndaşlar şəxsi valyutalarını hansı şəkildə saxlayacaqları ilə bağlı ehtiyat edirlər. Bəs ilin sonuna kimi dolların məzənnəsində ciddi dəyişikliklər ola bilərmi?

Mövcud vəziyyəti dəyərləndirən iqtisadçı-ekspert Natiq Cəfərlinin "Şərq”ə açıqlamasına görə, bu il məzənnədə ciddi oynamaların olması gözlənilmir. Amma ola bilər ki, dünyada gedən proseslərlə əlaqədar Azərbaycanda da müəyyən dəyişikliklər olsun:

"Dolları sabit saxlamaq üçün Mərkəzi Bankın reyd ehtiyatları və bank üçün ayrılmış miqdar kifayət qədər olduğuna görə bu il məzənnədə əsaslı dəyişikliklər gözlənilmir. Lakin bu il Federal Rezerv Sisteminin növbəti faiz artımı baş verə bilər. Ola bilsin, bu faiz artımından sonra bütün dünyada dolların bahalaşması müşahidə olunsun. Bu zaman Azərbaycanda da müəyyən tərpənişlər olacaq. Bu məsələ ilə bağlı beynəlxalq bazarlarda gedən prosesləri də diqqətlə izləmək lazımdır. Amma ola bilər ki, ilin sonuna yaxın beynəlxalq proseslərə paralel olaraq Azərbaycanda manatın məzənnəsində dəyişikliklər olsun. 

Avroya qarşı manat 15 faizə yaxın ucuzlaşdı və dollar sabitləşdi. Lakin bu o demək deyil ki, ilin sonuna qədər indiki məzənnə qala bilər. Beynəlxalq proseslərlə əlaqədar olaraq ilin sonuna yaxın müəyyən dərəcədə dolların bahalaşmasını görə bilərik. Yəni, manatın bundan artıq möhkəmlənməsi gözlənilmir, amma cüzi də olsa ilin axırlarında manatın ucuzlaşması mümkündür”.

Yeganə Bayramova