İlk dəfədir ki, qiymətlər differensial surətdə artırılıb

Bu, əhalinin aşağı gəlirli hissəsinin sosial vəziyyətini qoruyur, eyni zamanda insanları qənaətcil olmağa çağırır


"Tarif Şurasının qərarı insanları qənaətcil olmağa çağırır”. Bunu millət vəkili Aydın Mirzəzadə qaz və elektrik enerjisinin qiymətlərinin qaldırılmasına dair qərarı şərh edərkən deyib. Deputat bu qərarın gözlənilən olduğunu bildirib:
"Elektrik enerjisi və qaz sahədəsindəki qiymətlər sonuncu dəfə 9 il bundan əvvəl qoyulmuşdu. Bu
illər ərzində əhaliyə bu xidməti həyata keçirən idarələrin xərcləri artıb. Onların xaricdən aldığı
avadanlıq və komponentlərin qiyməti dünya bazarında qalxıb. Həmin idarələrdə çalışan insanların
əmək haqları, Dövlət Sosial Müdafiə Fonduna ayırmalar və vergilər artıb. Bu baxımdan həmin
idarələrin gəlirlər işləməsi və üzərinə düşən vəzifəni yerinə yetirməsi üçün bu qiymətlərin
qaldırılması gözlənilən idi”. Millət vəkilinin sözlərinə görə, ilk dəfədir ki, qiymətlər differensial
surətdə qaldırılıb: "Yəni müəyyən bir həcmdən, normadan sonra vətəndaş artıq yeni bir qiymət
ödəməli olacaq. Bu, əhalinin aşağı gəlirli hissəsinin sosial vəziyyətini qoruyur, eyni zamanda
insanları qənaətcil olmağa çağırır. Differensial tarif Avropada və Amerikada çox geniş yayılıb.
Avropa ölkələrinin əksəriyyətində gecə vaxtı istifadə edilən elektrik enerjisinin, isti suyun, qazın,
internetin istifadəsi xeyli aşağı salınır. Bununla əhalini seçim etməyə çağırırlar”.

YAP Siyasi Şurasının üzvü, "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə də deyib ki, Tarif Şurasının qərarı sosial-iqtisadi islahatların tərkib hissəsidir: "Bu gün Azərbaycanda həyata keçirilən dövlət siyasətinin əsasında insan amili dayanır. Qəbul olunan qanunlar, həyata keçirilən islahatlar, g örülən tədbirlər məhz ölkə vətəndaşları üçün daha rahat və yüksək səviyyəli həyat şəraitinin təmin edilməsi üçündür. Təsadüfi deyil ki, dövlət büdcəsinin qəbulu zamanı bir sıra sahələrdə qənaət rejimi tətbiq edilsə də, sosial layihələrin icrasının davam etdirilməsi nəzərdə tutulub. Möhtərəm
Prezidentimiz İlham Əliyev də daim çıxışlarında vurğulayır ki, bütün çətinliklərə baxmayaraq sosial
layihələrin həyata keçirilməsi davam etdirilməlidir”.

 V.Rəhimzadənin sözlərinə görə, Tarif Şurasının qərarında ölkədə aparılan sosialyönümlü siyasət nəzərə alınıb. Əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi məqsədilə bir çox ölkələrin təcrübəsində mövcud olan differensial tarif yanaşması və optimal qiymətlərin tətbiqi məqsədəuyğun hesab edilir: 
"Rəsmi rəqəmlərə görə, bu gün ölkədə əhali kateqoriyasına aid abonentlərin 62 faizinin illik təbii qaz istehlakının həcmi 1500 kubmetrdən yuxarı deyil. Bu da o deməkdir ki, həmin abonentlərin, eləcə də bu kateqoriyaya aid aztəminatlı ailələrin "mavi yanacaq” üzrə ödənişlərində heç bir artım olmayacaq. Bununla yanaşı,əhali abonentlərinin 72 faizinin aylıq istehlak həcmi 250 kilovat-saatdan az olduğuna görə artım bu kateqoriyaya aid ailələrə təsir etməyəcək. Göründüyü kimi, Tarif Şurası sözügedən qərarın qəbulunda ən incə məqamları nəzərə alıb ki, sadə vətəndaşların maraqlarının müdafiəsi prinsipi
qorunsun”. YAP Siyasi Şurasının üzvü deyib ki, dünyanın bir çox ölkələri ilə müqayisədə
Azərbaycanda elektrik enerjisi və təbii qazın satış qiyməti dəfələrlə aşağıdır: "Bununla bağlı kifayət
qədər misal göstərmək olar. Xüsusi olaraq vurğulamaq lazımdır ki, uzun illərdir ki, ölkəmizdə sosial
xidmətlərə görə tariflərdə böyük artımlar baş verməyib. Dövlətin sosial xidmətlərlə bağlı tarif
siyasəti vətəndaşların və dövlətin maraqlarının müdafiəsi üzərində qurulub. Bu mənada hesab
edirəm ki, Tarif Şurasının mövcud qərarı ölkədə həyata keçirilən sosial-iqtisadi islahatların tərkib
hissəsidir və narahatlığa heç bir əsas yaratmır”.
 
İsmayıl