İlk peşəkar qadın jurnalistimizin əl kitabçası...

Sabir Gəncəli “Şərq” qəzetinin mətbuat tarixi qalareyasına Şəfiqə xanım Əfəndizadənin “bloknot”unu hədiyyə etdi
Azərbaycanın ağsaqqal jurnalisti, tarix elmləri doktoru Sabir Gəncəli (Məmmədov), "Şərq” qəzetinin qonağı oldu. 87 yaşlı jurnalist, qəzetin redaksiyasında yaradılan mətbuat tarixi qalareyasına Azərbaycanın ilk peşəkar qadın jurnalisti Şəfiqə xanım Əfəndizadənin ona hədiyyə etdiyi şəxsi kitabçasını bağışladı. 
Bu kitabçanı Şəfiqə xanımın ona necə bağışladığından bəhs edən S.Gəncəli dedi ki, peşəkar qadın jurnalistimizlə onun çox görüşləri, müsahibələri çox olub: "belə görüşlərdən biri də 1958-ci ilin sentyabrında baş tutdu. Şəfiqə xanımdan müsahibə almaq üçün, onun evinə getdim. Müsahibədən sonra köhnə "bloknot”unda bir neçə qeydlərini cırıb götürdü, qalanını mənə yadigar olaraq bağışladı. Mən də elə oradaca "bloknot”un üzərinə hədiyyə verilməsi tarixini və Şəfiqə xanımın mənə tövsiyyəsini kitabçanın birinci səhifəsinə yazdım”.
Kitabçanın ilk vərəqində S.Gəncəli yazıb: "Bu "bloknot”u Şəfiqə xanım Əfəndizadə mənə vermişdir.
Azərbaycanda ilk ana dili müəlliməsi, ilk qadın jurnalisti Şəfiqə xanım vərəqlərin çoxunu çırmışdı, köhnə "bloknot”u mənə verərkən demişdir – "Sən yazıçı ol, xalqımızın keçmişi çox zəngindir. O keçmişi, qadınlarımızın dözülməz həyatını, mübarizəsini yaz”.
25 sentyabr 1958. Sabir Məmmədov.