"Azərbaycanda nə zamandır car çəkdiyimiz dini radikalizm, islam ekstremizmi və fanatizmi olduğu halda terrorun da ola bilməsi labüddür”.
Bunu "Sherg.az”a Azərbaycanda terrorçunun məhv edilməsinə münasibət bildirərkən kriminalist- ekspert İlqar Altay deyib. O bildirib ki, hazırda hüquq-mühafizə, xüsusi xidmət orqanları terrorçuların qarşısını ala bilir, amma bu sabah təkrarlana da bilər:
"Terror və təxribat normal həyatla mübarizə aparan - dini radikalizmin, ekstremizmin məntiqi yekun nəticəsidir. Bu antibəşəri hisslər və ideyalarla dolmuş potensial mənfi enerji nə vaxtsa, haradasa özünü boşaltmalı, ifadə etməlidir. Bu ifadə də özünü dövlətlər, cəmiyyətlər içində qorxu yaradan terror təxribat törətməklə təsdiqdən keçir. Ona görə, mən ən azı hüququ, kriminalistika və kriminologiyanı kənara qoyub, məntiqi əsas götürüb deyirəm. Bir sıra ekspertlərin və dövlət orqanları nümayəndələrinin Azərbaycanda terror təhlükəsi olmaması fikrinin əksinə olaraq bu təhlükə mövcuddur, olacaq və buna hazır olmalıyıq. Nə qədər ki, ətraf regionda məzhəb və təriqətlər arası savaş var, bölgədə islam ekstremizmi dominantlıq edir və bu radikalçılığın və ekstremizm də Azərbaycanda kökü kəsilməyib, ölkədə terrorçu şəxslər, onların bazaları və təhlükəsi olmalıdır və olacaq”.
Azərbaycanda terror törədə biləcək imkanların haradan qaynaqlanmasına gəldikdə isə İ.Altay deyib ki, bu ölkə daxili yox, xarici mənbələrdən tənzimlənir:
"Bunun da iki mənbəyi ola bilər. Birisi sırf dini mənbələrdir ki, öz dini fanatik məzhəb və təriqətini Azərbaycan kimi qonşuda yerləşən, dünyəvi yol tutmuş və buna görə də dini boşluq saydıqları məkanda, öz ideyalarını yerləşdirmək istəyirlər. Bunun üçün ölkəni ideya yerləşdirmə xammalı hesab edirlər. Terror vasitəsilə özünü bildirib cəmiyyət və öz tərəfdarları içərisində təsdiq etmə bunların əsas silahıdır. İkinci isə Azərbaycanda dini, siyasi, iqtisadi və s. maraqları olan dövlətlərdir. Bunlar da öz qüdrətlərini buradakı tərəfdarlarına xalqa və hətta dövlətə bildirmək üçün ara-sıra terrordan istifadə edə bilərlər. Ona görə, mövcud gərgin geosiyasi və islamın da tarixdə görünməmiş qaragüruh formasına vüsət aldığı dövrdə Azərbaycana ehtiyatlı olmaq lazımdır. Bu ehtiyatlılıqda isə məsuliyyət tək xüsusi xidmət və hüquq-mühafizə orqanlarının yox, bütövlükdə dövlətin və xalqın üzərinə düşür”.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) terrorçuluğa qarşı mübarizə istiqamətində davam edən araşdırmalar zamanı ölkə hüdudlarından kənarda silahlı münaqişələr, terror aktları törədən dini ekstremist, terror təşkilatına qoşulub həmin təşkilatdan maliyyə vəsaitləri qəbul etmiş Azərbaycan vətəndaşı Cavadov Yaşar Oktay oğlunun odlu silah və partlayıcı maddələr əldə etməsi, dövlət təsisatına hücum edərək terror aktı törətməyə hazırlıq hərəkətləri müəyyən edilib.
2017-ci il avqustun 27-də İsmayıllı şəhəri ərazisində həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri zamanı Yaşar Cavadov saxlanılmasına silahlı müqavimət göstərərək xidməti vəzifələrini yerinə yetirən əməkdaşlara ictimai yerdə odlu silahdan atəş açıb, cavab tədbiri olaraq xüsusi əməliyyat qrupu tərəfindən məhv edilib.
Aysel Aslan