"İmmunqlobulin-E bədəndəki ümumi allergik fonu müəyyən edir"





"İmmunqlobulin-E insan qanında olan protein kompleksidir. Bu maddə qanda sensibilizasiya - insan orqanizminin həssaslığı yüksəldikdə əmələ gəlir”.

Bunu "Sherg.az”a allergik reaksiyalara səbəb olan immunqlobulin-E maddəsinin təsirlərindən danışarkən tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.

Onun sözlərinə görə, immunqlobulin-E maddəsi konkret bir allergik reaksiyanın olmasını deyil, bədəndəki ümumi allergik fonu müəyyən edir:

"Orqanizmin sensibilizasiyasının artması müxtəlif maddələrə ola bilər. Bəzən bu son dərəcədə dərin olur, orqanizmdəki allergik mərkəzləri oyadır. Bu situasiyada həmin allergiyanı söndürmək xeyli çətin olur.

Vəziyyət xroniki davam etdikdə müxtəlif xəstəliklər də əmələ gələ bilər. Allergik mənşəli bronxial astma və s. xəstəliklər bununla izah edilir.

Hazırda istifadə olunan xüsusi preparatlar var ki, allergik mərkəzlər oyandıqda onların qarşısını almağa yardım edir. Digər situasiyalarda allergiyanın növü müəyyən edilməli, buna qarşı bədəndə əks təsiredici maddələr hazırlanmalı, sensibilizasiya yatırılmalıdır.

Ümumiyyətlə, qanda immunqlobulin-E maddəsinin artması orqanizmin sensibilizasiyasının yüksəlməsinə işarədir”.

Aysel Aslan