Kremlə reytinqini bərpa etmək üçün qalib gələcəyi kiçik müharibə lazımdır
"Ermənistandakı proseslər vətəndaş qarşıdurmasına qədər gedib çıxarsa, şübhəsiz ki, o zaman Rusiyanın məsələyə münasibəti dəyişəcək və proseslərə müdaxilə edəcək"
"Rusiya üçün Ermənistana dərs vermək əhəmiyyətlidir. Bu baxımdan, Moskvanın Ermənistana müdaxilə ehtimalı qalmaqdadır”. Bu iddia ilə erməni şərhçi Qalust Qriqoryan çıxış edib. Ekspertin fikrincə, Kreml rəhbərinə daxili siyasətdə düşən reytinqini bərpa etmək üçün qalib gələcəyi kiçik müharibə lazımdır: "Vaxtilə Gürcüstan və Ukrayna nümunəsində biz bunu gördük. İndi növbədə Ermənistandır. Çünki prezident Vladimir Putinin reytinqi 45 faizə düşüb”.
Qriqoryan iddia edib ki, Ermənistanın məğlub olacağı müharibə Qarabağda da ola bilər, ölkənin daxilində də. Erməni ekspertin iddiasını "Şərq”ə dəyərləndirən politoloq Qabil Hüseynli Ermənistandakı proseslərin gərgin ssenari üzrə inkişaf etdiyini deyib. Onun sözlərinə görə, baş nazir Nikol Paşinyan üstünlüyü ələ almaq üçün hər yola əl atır:
"Çarukyanın "Çiçəklənən Ermənistan” Partiyası Paşinyanın rəhbərlik etdiyi partiya ilə müqavilə imzalayaraq, hökumət tərəfindən irəli sürülən bütün təklifləri qəbul etdiyini açıqlayıb. Daşnaksütyun Partiyası da Paşinyan qarşısında geri çəkilib. Bunun ardınca Respublikaçılar Partiyasından bir nəfər deputat istefa verərək baş nazirin tərəfinə keçib və növbədənkənar parlament seçkisinə tərəfdar olduğunu bildirib. Görünən odur ki, baş nazir küçədən aldığı dəstəklə müəyyən rıçaqları ələ keçirməyə nail olub. Məqsəd qarşı tərəfi tədricən zəiflətməkdir. Düzdür, Qarabağ klanı son günlər sakit dayanmır və öz tərəfdarları ilə bloklaşmağa çalışır. Ancaq Çarukyanın və Daşnaksütyunun siyasi bloklaşmadan qaçması Qarabağ klanının planlarını alt-üst edir. Respublikaçılar Partiyasının sıralarından istefalar olması da Sarkiysan-Koçaryan cütlüyünün işini çətinləşdirir”.
Analitik vurğulayıb ki, Rusiya Ermənistanda gedən prosesləri diqqətlə izləyir:
"Əlbəttə, Moskva düşmən ölkədə cərəyan edən hadisələrin məcrasından çıxmasına icazə verməyəcək. Hazırda Ermənistanda ciddi siyasi böhran yaşanır, hakimiyyət böhranı dərinləşir. Amma bütün bunlara baxmayaraq, Kreml hələ ki proseslərə müdaxilə etmək niyyətində deyil. Rusiya Ermənistanda hakimiyyətin legitimləşməsini gözləyir. Bu baxımdan deyə bilərik ki, Putin Ermənistana müdaxilə planlarını nəzərdən keçirmir.
Birbaşa ordu yeritməkdən isə söhbət belə getmir. Çünki onsuz da Ermənistanda Rusiyaya məxsus hərbi bazalar var və Moskva həmin bazalardan istifadə edərək istədiyi vaxt İrəvana təsir göstərə bilər. Sadəcə reallıq odur ki, erməni lobbisinin təsiri nəticəsində Rusiya öz sayıqlığını nisbətən itirib. Lakin Ermənistandakı proseslər vətəndaş qarşıdurmasına qədər gedib çıxarsa, şübhəsiz ki, o zaman Rusiyanın məsələyə münasibəti dəyişəcək və proseslərə müdaxilə edəcək”.
İsmayıl