"Kimliyi və cəmiyyəti özü, sözü bəlli olmayan adamlar rahat şəkildə söyüş və təhqir dolu yazılarla başqalarını təhqir edir, onlara böhtan atır"
İnternet media sahəsində ciddi boşluqlar var
Xüsusən də sosial şəbəkələrə nəzarət mümkün deyil
"Kimliyi və cəmiyyəti özü, sözü bəlli olmayan adamlar rahat şəkildə söyüş və təhqir dolu yazılarla başqalarını təhqir edir, onlara böhtan atır"
"Kimliyi və cəmiyyəti özü, sözü bəlli olmayan adamlar rahat şəkildə söyüş və təhqir dolu yazılarla başqalarını təhqir edir, onlara böhtan atır"
(... əvvəli ötən sayımızda)
Son zamanlar yeni medianın problemlərindən danışılarkən sosial şəbəkələrdə və internet media resurslarında biri-birini aşağılayan, təhqiredici yazılar və bunların aradan qaldırılma yolları da geniş müzakirə olunur. Bu istiqamətdə fikirlər müxrəlifdir. Ekspertlər bu məsələyə fərqli prizmadan yanaşırlar.
Bir sıra media nümayəndələri hesab edir ki, sosial şəbəkə statusları və internet mediada yayımlanan yazılara görə, istifadəçini məsuliyyətə cəlb etmək söz azadlığına ziddir. Ekspertlər bu sahədə də tənzimlənmənin vacibliyini önə çəkirlər. Onların arqumentinə görə söz azadlığı adı altında heç kimi təhqir etmək olmaz. İnformasiya texnologiyalarının inkişaf etdiyi bir zamanda internet resursları üzərində hüquqi tənzimləmə mexanizminin yaradılması zəruridir.
Kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə yeni cəza tətbiq olunacaq. Bununla bağlı Cinayət Məcəlləsinin 147-ci maddəsinə (təhqir) dəyişiklik təklif edilir. Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə 1 ilədək azadlığın məhdudlaşdırılması cəzası veriləcək. Hazırkı qanunvericilikdə isə təhqir min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 148-1-ci maddəsinə (İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə) dəyişiklik təklif edilir. İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etməyə görə 1 ilədək azadlığın məhdudlaşdırılması cəzası veriləcək.
"Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev də "Şərq”ə açıqlamasında bu sahədə ciddi boşluqlar olduğunu deyib:
"Xüsusən də sosial şəbəkələrin fəaliyyəti genişləndikdən sonra problemlər daha qabarıq formada özünü göstərməyə başladı. İnternetə nəzarət mümkün olmadığından münasibətləri tənzimləmək də mümkün olmurdu. Bu səbəbdən də hüquqi tənzimlərə ehtiyac artır. Bundan əvvəl də Cinayət Məcəlləsinin sözügedən bəndində sərtləşdirmələr edilib və "internet informasiya ehtiyatı" anlayışı cinayət qanunvericiliyinə daxil olunub. Ancaq bu dəyişikliklər bir o qədər də effektiv olmadı. Gözləntilərimiz ona görə özünü doğrultmadı ki, sfera çox genişdir. Kimliyi və cəmiyyəti özü, sözü bəlli olmayan adamlar rahat şəkildə söyüş və təhqir dolu yazılarla başqalarını təhqir edir, onlara böhtan atır. Buna görə də adekvat cəza növü olmadığı üçün onlar bundan stimul alaraq öz çirkin əməllərini daha da genişləndirirlər. Sözügedən dəyişikliyin qəbulundan sonra bu əməlləri törədənlər bilməli və əmin olmalıdırlar ki, onların belə qanunsuz hərəkətlərinin ciddi hüquqi nəticələri olacaq. Ümid edirəm ki, qanuna müvafiq dəyişiklik təklifi qəbul ediləndən sonra təhqir və böhtan xarakterli yazılar yazıb, başqalarının şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldan şəxslərin hüquq-mühafizə orqanları tərəfindən aşkara çıxarılması asanlaşacaq və onların azadlıqdan məhrum edilməsi nəticəsində belə mənfi hallar aradan qalxacaq”.
İ.Quliyevin sözlərinə görə, qanunun effektiv olması üçün aktiv icra mexanizmi hazırlanmalıdır ki, cəmiyyətin gözləntilərini doğrultsun.
"Azadinform” informasiya agentliyinin baş redaktoru, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Niyaz Niftiyev 2013-cü ildə Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinə təklif olunan dəyişiklikləri xatırladıb: "Dəyişikliklərə əsasən, kütləvi informasiya vasitəsində və ya internet informasiya resurslarında şəxsi təhqir etməyə və böhtan atmağa görə cəzalar nəzərdə tutulurdu. Düşünürəm ki, inzibati resurslar nə qədər ağır olsa da problemlərin qarşısını almaqda yaxşı vasitədir. Bilirsiniz ki, Azərbaycan Jurnalistlərinin Peşə Davranış Qaydalarında da şəxsə qarşı böhtan və onun təhqir olunması birmənalı şəkildə qadağandır. Bu barədə xüsusi bənd də var. Qaydaların "Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı” bəndində göstərilir ki, jurnalist görüşdüyü, haqqında yazdığı hər bir şəxsin şərəf və ləyaqətinə, şəxsi həyatının toxunulmazlığı prinsipinə hörmətlə yanaşmalıdır”. Lakin bu qaydalara baxmayaraq problemlər mövcuddur. Jurnalistlərin Peşə Davranış Qaydaları hüquqi sənəd olmadığı üçün baş verən problemlərə də yalnız tövsiyə xarakterli münasibət bildiririk.
Görünür, bütün bunlar bəs eləmir və Cinayət Məcəlləsinin qeyd olunan maddələrinə əlavələr öz qüvvəsində qalır. Medianın internet seqmentinin genişləndiyi bir çox ölkələrdə analoji qanunların qəbulunu müşahidə edirik. Yəni internet və KİV-də yayılan məlumatların böhtan xarakterli olması və şəxsi təhqir edən yazılar digər ölkələrin də mediasında mövcuddur”.
N.Niftiyev Azərbaycanda bütün növ KİV-də təhqir və böhtana görə cəzaları artırmaq və ya cərimələri yüksəltməyin əleyhinə olmadığını deyib: "Bu dəyişiklik həm də İnsan hüquq və azadlıqlarının müdafiəsi haqqında beynəlxalq konvensiyanın müddəalarına uyğundur. Vəzifəsindən və statusundan asılı olmayaraq heç kimin qarşısındakını təhqir etmək hüququ yoxdur. Jurnalistlərimiz təhqirlə tənqidin sərhədlərini müəyyənləşdirməyi bacarmalıdırlar. Əks təqdirdə problemlər davam edəcək. Əgər jurnalist təhqir etmirsə, kiminsə şərəf və ləyaqətini alçaltmırsa, narahat da olmasına əsas yoxdur”.
"Türküstan” qəzetinin baş redaktoru Aqil Camal isə gözlənilən dəyişikliklərin ənənəvi mediadan daha çox sosial media ilə bağlı olduğunu deyib. Onun sözlərinə görə, qəzet, televiziya, saytlar ictimai və əxlaqi məsuliyyəti bilirlər və fəaliyyətlərini buna uyğun qururlar:
"Amma get-gedə bu cür əhatə dairəsi genişlənən vətəndaş mediası çərçivələrə, etiketlərə sığmaz hala gəlib. Sosial, ictimai mənşəyindən, əxlaqi səviyyəsindən asılı olmayaraq hər kəs sosial şəbəkələrdə aktiv şəkildə öz fikirlərini bölüşürlər. Bəzən bu fikirlər, söyüş, təhqirlərlə müşayiət olunur. Belə hallarda şəxsiyyəti alçaldılmış şəxslə özlərini hüququ zəmində müdafiə etmək ehtiyacı duyurlar. Hazırda isə bunun mexanizmi yoxdur. Bu baxımdan qanunvericiliyə təklif olunan müvafiq dəyişikliklər zahirən mürtəce görünsə də, bunun mahiyyətində insanların şərəf və ləyaqətinin qorunması dayanır. Sadəcə olaraq, mən düşünürəm ki, bu kimi məsələlərdə həbs cəzası yox, müxtəlif cərimələr, ictimai işlərə cəlbetmə, üzrxahlıq kimi cəza növləri seçilə bilər”.
"Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev sözügedən dəyişikliklərin zamanın nəbzinə uyğun olduğunu deyib:
"Bu gün Azərbaycanda internet resursları artıq aktual bir informasiya bazasına çevrilib. Sosial şəbəkələr də demək olar, vətəndaş jurnalistikası termini ilə eyniləşib. Bu baxımdan yeni dəyişikliklərin qəbuluna ehtiyac var. Qanunlar gündəlik həyatımızı əhatələyən norma və davranışları təmin edir. İstər Azərbaycan Konstitusiyasına zaman-zaman edilən dəyişikliklərdə, istərsə də, müxtəlif qanunlara edilən əlavə və dəyişikliklərin hər birində vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi, ictimai şəxslərin hüquq və azadlıqlarının qorunması, vətəndaşların şəxsi həyatının, ləyaqətinin toxunulmazlığı əsas götürülüb. Ona görə də mən hesab edirəm ki, internet resurslarında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edilməklə şəxslərə qarşı böhtanatma və ya təhqiretmə ilə bağlı Cinayət Məcəlləsinə əlavənin edilməsi də vacibdir. Bu, sadəcə insanlarımızı təqibdən, şantajdan sığortalamaq, sosial şəbəkə istifadəçisi bilməlidir ki, kimisə təhqir etməklə onun toxunulmazlıq hüququnu pozur. Sənin toxunulmazlıq hüququn olduğu kimi, başqasının da bu hüququ var və heç kim onu tapdalaya bilməz. Hesab edirəm, Cinayət Məcəlləsinə təklif olunan əlavə zamanın nəbzinə, demokratik dövlətçilik prinsiplərinə də uyğundur. Bilirsiniz, fərqi yoxdur, mətbuatda, ya internet mediada, hər hansı informasiyanı yayan, ictimailəşdirən şəxs bilməlidir ki, onun arxasında hüquq, qanun dayanır.
Kiminsə hüququnun pozulması qanunla qadağandır.
"Azadinform” informasiya agentliyinin baş redaktorunun müavini Elçin Bayramlı da sosial şəbəkələrdə və internet media resurslarında başqalarını aşağılayan, təhqiredici yazılar yazan insanların bu əməllərə görə cəzalandırılmasını vacib hesab edir:
"Lakin ilk dəfədən həbs cəzası ədalətli olmazdı. Birinci dəfə böyük cərimə və əmlakın müsadirəsini tətbiq etmək olar. Təkrar edildikdə həbs edilmə halı tətbiq edilə bilər. Əminəm ki, bu cəza belə əməllərin qarşısını demək olar ki tam ala biləcək. Buna çoxdan ehtiyac var idi. Çünki hazırda mediada anarxiyadır. Kim nə istədi edir. Dövlət hər bir vətəndaşın şərəf və ləyaqətini qorumağa məcburdur. Ümumiyyətlə, cəzalar təkcə bu hala görə yox, əxlaqsızlığın təbliği, milli dəyərlərin təhqiri, qəsdən dezinformasiya yayılması, milli və dövlət mənafelərinə zərər vuran materialların dərci, hərbi və dövlət sirlərini yaymağa görə də tətbiq edilməlidir”.
(Davamı olacaq…)
Şəymən