İnternet televiziyalar özünü doğruldurmu?

Vüsalə Mahirqızı: “Bizim klassik televiziyalar yaxın bir-iki il ərzində ya internet müstəvisinə gələcəklər, ya da çoxlu sayda tamaşaçı itirəcəklər”Elçin Şıxlı: “Heç internet televiziya var ki, bir durğunluq da olsun?! Mütəxəssislər yoxdur, ənənəvi televiziyalarda da peşəkar kadr çatışmazlığı var”
Yadigar Məmmədli: "İnternet üzərindən yayım prosesində ən çox axsayan sahələr televiziya və radiodur. Təəssüf ki, başqa ölkələrlə müqayisədə internet televiziyalara görə geri qalırıq”
(əvvəli ötən sayda)
İnternet televiziyalar müasir dövrün tələbinə çevrilib. Hazırda Azərbaycanda 10-a yaxın internet televiziyası fəaliyyət göstərir. Qeydiyyatdan keçib hazırda fəaliyyət göstərməyənləri də nəzərə alsaq, rəqəm daha yüksək olar. Amma söhbət gündəlik fəaliyyətdə olan, günün 24 saatını izləyicilərə görüntülü və dolğun informasiyalar çatdıran televiziyalardan gedir. Onlar isə o qədər də çox deyil. Hazırda bir sıra informasiya saytları və xəbər agentlikləri də internet televiziyasına malikdir.
Məsələn, "APA” Holdinqin internet televiziyası - APA TV geniş izləyici kütləsinə malikdir. Sirr deyil ki, son dövrlər istər günlük xəbər axtarışında olanlar, istərsə də xəbər izləyiciləri görüntülü informasiyaya üstünlük verirlər. "Youtube” sosial şəbəkəsində saysız-hesabsız, bəzən normal, bəzən də anormal informasiyaların yayıldığını və paylaşıldığını diqqətə alsaq, oturuşmuş xəbər agentliklərinin ("APA”, "Səs”...) və ciddiliyinə şübhə edilməyən portallarının internet üzərindən yayım həyata keçirmələri tamamilə təbii prosesdir.
İnternet televiziyası bizim üçün nisbətən yeni yayım növüdür. Lakin bir çox üstünlükləri hesabına teleyayımın internet üzərindən ötürülməsi texnologiyası sürətlə inkişaf etməkdədir. Azərbaycanda əhalinin təxminən 3 milyonu mütəmadi olaraq internetdən istifadə edir ki, bu da internet televiziyanın inkişafı üçün münasib şərait yaradır. Əksəriyyət internet televiziyanı alternativ televiziya növü kimi qəbul edir. Buna baxmayaraq, ölkədə son illər internet xidmətlərinin keyfiyyətinin artırılması internet televiziyanı əsas teleyayım texnologiyasına çevirməkdədir. Ehtimal etmək olar ki, artıq gələcəkdə internet televiziya ənənəvi teleyayım növlərini inkişaf templərinə görə üstələyəcək. İnternet televiziyanın kabel, çanaq anteni və efir televiziyalardan üstün cəhəti ondan ibarətdir ki, telekanalları izləmək üçün heç bir anten və ya kabel tələb olunmur. İnternet vasitəsilə dünyanı istənilən yerindən izləmək mümkündür. Bu gün bir çox yerli internet provayder öz abunəçilərinə IP TV xidməti təqdim edir. Bu xidmət vasitəsilə abunəçilər öz internet provayderi şəbəkəsində bir çox TV kanalları internet vasitəsilə izləyə bilirlər. Hazırda Azərbaycanda "Ailə TV”-nin izləyiciləri artmaqdadı. Bunu da internet televiziyanın daha müasir və geniş imkanlara malik olması ilə izah edirlər. Bununla yanaşı, internet televiziya sahəsində durğunluğun yaşandığını iddia edən ekspertlər də var. Onların fikrincə, internet tv-lərin yaradılması ilə bağlı əvvəlki təşəbbüs, həvəs və canlılıq yoxdur. Yaranmış durğunluğun isə bir sıra səbəbləri var: - kadr çatışmazlığı, maliyyə və s.
Mövzu ilə bağlı "Şərq”ə danışan "APA” Holdinqin və APA TV-nin rəhbəri Vüsalə Mahirqızı hesab edir ki, Azərbaycanda fəaliyyət göstərən internet televiziyalar özünü kifayət qədər doğruldur. Onun sözlərinə görə, gələcəyin telekanalları məhz internet televiziyalardır: 
"İnternet televiziyaların sosial şəbəkələr arasında yayılma müstəvisi "youtube”dir. Məsələn, bizim APA TV-nin "youtube”dəki səhifəsində günlük 92 min fəal izləyicisi var. Bu gün Azərbaycanda fəaliyyət göstərən televiziyaların heç biri real olaraq bizə o rəqəmi vermir. Klassik televiziyaları konkret nə qədər adam izləyir, bəlli deyil. Bu baxımdan APA TV-nin bir gün ərzində 92 minlik izləyicisi kifayət qədər mühüm nəticədir, çünki aktiv kütlədir. 92 min abunəçiyə hər gün televiziyanın yerləşdirdiyi bütün materiallar göndərilir. Hələ mən paylaşmaları demirəm. Məsələn, elə veriliş var ki, ona yarım milyon adam baxır. Bu da paylaşımların çox olduğunu göstərir. Hər bir xəbərin izlənmə sayını müşahidə edirik. Hazırda internet televiziyalar daha çox sosial şəbəkələr üzərindən işləyirlər”. V.Mahirqızı bildirib ki, onlayn medianın gələcəyi internet televiziyalardan, onların yaranmasından və inkişafından asılı olacaq: "Bizim klassik televiziyalar yaxın bir-iki il ərzində ya internet müstəvisinə gələcəklər, ya da çoxlu sayda tamaşaçı itirəcəklər. Məncə, artıq xeyli sayda izləyici itiriblər. İnsanların əksəriyyəti bütün fəaliyyətlərini internet üzərindən qururlar, alış-veriş edirlər. Demək olar ki, bütün işlərini internet üzərindən həyata keçirirlər. İnternet televiziyalara baxmaq da bunun ən mühüm tərkib hissəsidir. Xüsusən, Azərbaycanda informasiya almaq istəyən insanların böyük əksəriyyəti internet məkanını seçirlər. İnsanlar psixoloji olaraq bir müddət əvvəl yazını oxumağa vərdiş edir, daha sonra foto halında görür, izləyir, ondan sonra isə özü də hadisənin içində olmaq istəyir. Bu isə video-görüntü deməkdir. 
Əgər monitorinq aparsaq, görərik ki, internet saytlarda ən çox baxılan lent videomateriallardır. İnsanlar görüntülü xəbərlərə üstünlük verirlər. Hansısa bir yazı ilə müqayisə etsək videonun yüz minlərlə izləyicisinin olduğunu müşahidə edərik. Ona görə də internet televiziya sahəsində durğunluq olduğunu, perspektivin olmadığını düşünmürəm. Hesab edirəm ki, internet televiziyalar çoxaldılmalı, maddi-texniki bazaları möhkəmlənməli və onların daha da inkişaf etdirilməsinə şərait yaradılmalıdır. Buna ehtiyac var, çünki biz yaratmasaq, başqaları bizim məkanda boşluğu dolduracaq. Sonra da həmişə olduğu kimi deyəcəyik ki, baxın, biz gecikdik, yerimizi kənardan gələnlər tutdular. Yeni internet televiziyalar yaradılmalı və mövcud olanlar isə bir az daha peşəkarlaşmalıdır”.
V.Mahirqızı kadr probleminin olması ilə razılaşıb: 
"Hazırda internet televiziyalarda çalışan şəxslər klassik telekanal məktəbini keçmiş adamlardır. Lakin internet televiziyanın tələbləri tamam başqadır. O baxımdan indiki APA TV-nin konsepsiyasını bu cür görmürəm. Biz hələ internet televiziyalarda peşəkar kadrların hazırlanması prosesi ilə məşğuluq. Klassik televiziyalar nə qədər maliyyə tələb edirsə, internet televiziyalar da aşağı-yuxarı o qədər tələb edir. Sadəcə, yayım peyk üzərindən yox, internet üzərindən gedir. Digər prosedurlar eynidir”.
Tanınmış jurnalist, "Ayna TV”nin müəlliflərindən olan Elçin Şıxlı isə "Şərq”ə bildirib ki, ümumiyyətlə, bütün televiziyalarda durğunluq var: 
"Problem sadəcə internet tv-lərlə bağlı deyil. Heç internet televiziya var ki, bir durğunluq da olsun?! Mütəxəssislər yoxdur, ənənəvi televiziyalarda da peşəkar kadr çatışmazlığı var. Problemlər eynilə internet televiziyalarda da mövcuddur. Problemin məğzini təkcə internet tv-lərdə axtarmaq doğru olmaz. Ümumiyyətlə, jurnalistikamızda böyük problemlər var. Digər məsələ isə odur ki, televiziya xeyli xərc tələb edir. Saytların çoxalması başqa məsələdir. Bir-iki adam oturur, digərlərindən "kopy-past” edib xəbər yayırlar. Adı da olur ki, filankəs sayt yaratdı. Amma televiziyada bunu etmək çətindir”.
Demokratik Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədli vurğulayıb ki, internetin Azərbaycanda geniş vüsət alması media üçün yeni imkanlar yaradıb və mətbuat bu imkanlardan yararlanıb: 
"İnformasiya texnologiyalarının inkişafından sonra yeni xəbər portalları, saytlar, agentliklər yaradıldı. Keçən müddət ərzində xeyli sayt və agentlik cəmiyyətdə özünü doğrulda bildi. Bundan başqa ənənəvi mətbuat nümunələri sayılan qəzetlərin də internet versiyaları yaradıldı. İndiki dövrdə hansısa qəzetin alınmamasının başlıca səbəbi həmin yazılı orqanın paralel olaraq internet saytının da olmasıdır. Hesab edirəm ki, internet üzərindən yayım prosesində ən çox axsayan sahələr televiziya və radiodur. Təəssüf ki, başqa ölkələrlə müqayisədə internet televiziyalara görə geri qalırıq. Əslində internet televiziyaların yaranma dövrü o qədər keçmişə dayanmır. Qısa zaman ərzində bir neçə onlayn televiziya fəaliyyətə başlayıb. Amma özlərini tam doğrulda bilməyiblər. Əlbəttə, bunun obyektiv və subyektiv səbəbləri var. Məncə, əsas problemlərdən biri internetin bütün evlərə girə bilməməsidir. Düzdür, paytaxtda, şəhər mərkəzlərində virtual aləmin xidmətlərindən geniş istifadə edilir. İnsanlar mobil telefonlarla internet əlaqəsi qururlar, saytlara, televiziyalara baxa bilirlər. Ancaq buna baxmayaraq, internet televiziyaların və radioların çoxalması, daha çox auditoriyaya açılması prosesi baş vermədi. Hər halda bunun alt qatda olan səbəblərini araşdırmaq lazımdır”.
 Ekspertin fikrincə, bu sahədə marketinq və menecment işi çox zəifdir: 
"Necə olur ki, internet saytlar çoxalır, sosial şəbəkələr üzərindən yayımlar artır, amma onlayn televiziyalar bu prosesdən kənarda qalırlar. Vurğulamaq lazımdır ki, yeni media sosial şəbəkələr vasitəsi ilə geniş izləyici kütləsi toplaya bilirlər. İnternet televiziyalar da bu xidmətdən istifadə edirlər. Ola bilsin, Azərbaycanda bu proses formalaşa bilmədi. Zənnimcə, durğunluq müvəqqətidir. Zamanla internet televiziyalar çoxalacaq və daha da inkişaf edəcək. Bu sahənin gələcəyi var, müasir dünyanın tələbləri bu istiqamətdədir”.
İsmayıl Qocayev
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb