Ələsgər Məmmədli: Səsli və görüntülü informasiyaların yerləşdirilməsi ən azı 5 min dollar vəsait istəyir. Deməli, bu məbləğdə pulu olmayanlar prosesdən kənarda qalacaq”
İnternet televiziyası dövrün tələbidir
Bəhruz Quliyev: “İndiki zamanda informasiyanın oxucuya, izləyiciyə daha keyfiyyətli, əhatəli çatdırılmasında da görüntü əsas üstünlükdür”
Ələsgər Məmmədli: Səsli və görüntülü informasiyaların yerləşdirilməsi ən azı 5 min dollar vəsait istəyir. Deməli, bu məbləğdə pulu olmayanlar prosesdən kənarda qalacaq”
Ələsgər Məmmədli: Səsli və görüntülü informasiyaların yerləşdirilməsi ən azı 5 min dollar vəsait istəyir. Deməli, bu məbləğdə pulu olmayanlar prosesdən kənarda qalacaq”
İnternet televiziyası artıq zamanın tələbinə çevrilib. Hazırda Azərbaycanda 10-a yaxın internet televiziyası fəaliyyət göstərir. Qeydiyyatdan keçənləri nəzərə alsaq, say xeyli artıqdır. Amma söhbət gündəlik fəaliyyətdə olan, günün 24 saatını izləyiciləri görüntülü və dolğun informasiya ilə təmin edənlərdən gedir. Onlar isə o qədər də çox deyil. Maraqlı olan, bir sıra informasiya saytlarının, xəbər agentliklərinin internet televiziyasına malik olmasıdır. Xəbər mühitinin daxilində olanlar yaxşı bilir ki, məsələn, "APA” Holdinqin internet televiziyası - APA TV geniş izləyici kütləsinə malikdir.
Son dövrlər istər günlük xəbər axtarışında olanlar, istərsə də xəbər izləyiciləri görüntülü informasiyaya üstünlük verir. "Youtube” sosial şəbəkəsində saysız-hesabsız - bəzən normal, bəzən də anormal informasiyaların yayıldığını və paylaşıldığını diqqətə alsaq, oturuşmuş xəbər agentliklərinin ("APA”, "Səs”...) və ciddiliyinə şübhə edilməyən portallarının internet üzərindən yayım həyata keçirmələri tamamilə təbiidir.
İnternet televiziyaları informasiya məkanını "zəbt edir”
İnternet televiziyası bizim üçün nisbətən yeni yayım növüdür. Lakin bir çox üstünlükləri hesabına teleyayımın internet üzərindən ötürülməsi texnologiyası sürətlə inkişaf etməkdədir. Azərbaycanda əhalinin təxminən 3 milyonu mütəmadi olaraq internetdən istifadə edir ki, bu da internet televiziyanın inkişafı üçün münasib şərait yaradır. Əksəriyyət internet televiziyanı alternativ televiziya növü kimi qəbul edir. Buna baxmayaraq, ölkədə son illər internet xidmətlərinin keyfiyyətinin artırılması internet televiziyanı əsas teleyayım texnologiyasına çevirməkdədir.
Ehtimal etmək olar ki, artıq gələcəkdə internet televiziya ənənəvi teleyayım növlərini inkişaf templərinə görə üstələyəcək. İnternet televiziyanın kabel, çanaq anteni və efir televiziyalardan üstün cəhəti ondan ibarətdir ki, telekanalları izləmək üçün heç bir anten və ya kabel tələb olunmur. İnternet vasitəsilə dünyanı istənilən yerindən izləmək mümkündür. Bu gün bir çox yerli internet provayder öz abunəçilərinə IPTV xidməti təqdim edir. Bu xidmət vasitəsilə abunəçilər öz internet provayderi şəbəkəsində bir çox TV kanalları internet vasitəsilə izləyə bilirlər. Hazırda Azərbaycanda "Ailə TV”nin izləyiciləri artmaqdadı. Bunu da internet televiziyanın daha müasir və geniş imkanlara malik olması ilə izah edirlər.
"İnternet televiziyası bizə dividend qazandırır”
Bu sözlərin müəllifi "Səs” Media Qrupunun təsisçisi, "Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev internet televiziyalarını müasir dövrün ayrılmaz tərkib hissəsi hesab edir. "Şərq”ə açıqlamasında B.Quliyev internet televiziyaların zamanın tələbi olduğunu dedi:
- Qloballaşma dövründə informasiyanın görüntülü yayılması və izləyicilərə çatdırılması aktual məsələlərdən biridir. Azərbaycan mən deyərdim, yeganə ölkələrdən biridir ki, burada tam internet azadlığı mövcuddur. Bunun qarantı isə Azərbaycan dövlətidir. Kim istəyir informasiya portalı yaradır, kim istəyir xəbər saytı açır, internet resurslarından sərbəst şəkildə istifadə edir. Bizim ölkədə ictimaiyyətə informasiyanın çatdırılmasında heç bir problem, heç bir basqı yoxdur. Əksər Azərbaycan ailələrində internetin, "WF” olduğunu nəzərə alsaq, internet televiziyalarının da artıq çağırılmamış qonağa döndüyünü deyə bilərik. İndiki zamanda informasiyanın oxucuya, izləyiciyə daha keyfiyyətli, əhatəli çatdırılmasında da görüntü əsas üstünlükdür.
Ona görə də internet televiziyası daha effektiv informasiya vasitəsi hesab edilir. Bir var, informasiya sadəcə cümlələr, sözlərdən ibarət olsun, bir də var, görüntü də xəbərə əlavə edilsin. Əlbəttə, görüntülü xəbər daha çox maraq oyadacaq və daha çox izlənəcək. Bu dəqiqə insanlar mobil telefonla biri-birinə informasiya ötürür, şəkil paylaşırlar. Görürsünüz ki, hazırda əksəriyyət instaqram üzərindən danışır, fotolar, görüntülər, videolar paylaşırlar. Belə bir zamanda əlbəttə ki, media da dövrün tələbi ilə ayaqlaşmalıdır.
Və təbii ki, internet televiziyamızın olması bizə böyük dividendlər gətirir. Həm reklam əldə etmək baxımından, həm də ümumiyyətlə, media qrupu olaraq auditoriyamızı genişləndirmək, öz ətrafımızda cəmləmək baxımından. Çünki biz auditoriyamızın tələb etdiyi informasiyanı onlara keyfiyyətli çatdırmağa çalışırıq. İzləyicinin, oxucunun istəyini, tələbini yerinə yetiririk. Müasir dövrün oxucusu, izləyicisi isə çox tələbkardır. Qeyd etdiyim kimi, internet televiziyasına malik olmağımız reklamçıların da bizə diqqətini artırır.
Bizə müraciət edənlər internet televiziyasına üstünlük verdiklərini bildirirlər. Bunu biz də görürük və müəyyən edirik. "Səs” TV-yə baxanların, görüntülü xəbərləri izləyənlərin sayı, adi - ənənəvi metodla yayılan informasiyaları izləyənlərdən kifayət qədər çoxdur. Biz də işimizi buna görə tənzimləyirik. Sizə deyim ki, "Səs” TV hazırkı efir televiziyalarından geri qalmır. Məsələn, "youtub” sosial şəbəkəsi "Səs” TV-ni öz reytinq cədvəlinə salıb. Reytinq araşdırıcıları populyarlığımızı ölçür. Nəticə budur ki, bizimlə müqavilə imzalanıb və reklamlardan əldə olunan gəlir aramızda bölünür. Amma gəlirin 70 faizi bizimdi, 30 faizi onların. Əvvəl əksinə idi.
Deməli, "Səs” TV görün nə qədər populyarlaşıb ki, artıq şərtləri biz diktə edirik və gəlirin böyük hissəsinə sahibik. Dövrün tələblərinə uyğunlaşmaq baxımından internet televiziyasının varlığı aktualdır. Olması lazımdır və hətta vacibdir. Bizdə isə fəaliyyət tələbata uyğun qurulub. Müasir dövrlə ayaqlaşmaq mütləqdir.
İnternet televiziyalara nəzarət olmalıdır
Müzakirə olunan məsələlərdən biri də artıq genişlənməkdə olan internet televiziyaların lisenziyalaşdırılmasıdır. Bu məsələdə fikirlər haçalanır. Lisenziyalaşdırmanı vacib sayanlarla yanaşı, buna ehtiyac duyulmadığı qənaətində olanlar da var. "Səs” Media Qrupunun təsisçisi B.Quliyev internet televiziyalarının lisenziyalaşdırılmasının vacib olduğunu bildirdi:
- İnternet televiziyaların lisenziyalaşdırılması, yaxud lisenziyasız fəaliyyət göstərməsi ətrafında müzakirələr gedir. Tərəfdarları da var, əleyhdarları da. Hesab edirəm ki, lisenziyalaşdırma vacibdir və efirə olunan nəzarət internet televiziyalarını da əhatə etməlidir. Doğrudur, daxili senzura deyilən bir amil də var. Çalışılmalıdır ki, etik çərçivələrdən kənara çıxılmasın, heç kimin şərəf və ləyaqəti təhqir olunmasın, faktlara söykənən tənqidlərə yer verilsin, şayiələr, uydurmalar cəmiyyəti doğru informasiyadan yayındırmasın. Amma hər kəs və hər zaman daxili senzuraya əməl etmir. Qaydaları pozanlar da olur, etik çərçivələri aşanlar da. Ona görə də hesab edirəm ki, internet televiziyaların fəaliyyəti də huquqla tənzimlənməlidir, "Televiziya və radio yayımı haqqında” qanunun tələblərinə, müddəalarına uyğunlaşdırılmalıdır. Mən internet televiziyalarının fəaliyyətinin hüquqla tənzimlənməsinin tərəfdarıyam. Nəzarət mütləq olmalıdır.
"Teleməkanda çoxlu pozuntular var”
Hüquqşünas Ələsgər Məmmədli isə bu fikirdədir ki, internet televiziya və radiolar adi internet saytları kimi fəaliyyət göstərir. Ə.Məmmədli bildirir ki, bu televiziyalar sadəcə qeydiyyatdan keçmiş hər hansı domen adında fəaliyyət göstərə bilir:
- Bunların qeydiyyatı üçün də şəxsiyyət vəsiqəsi və qeydiyyat üçün lazım olan pulun ödənilməsi kifayətdir. Faktiki olaraq bunlar radio, televiziya yaradıcılığı deyil, internet üzərindən informasiyanın ötürülməsidir. Xüsusən sosial şəbəkələr üzərində də videogörüntülərin paylaşılması mümkündür. Bloqlar üzərində də bunlar var. Yəqin ki, biz tezliklə informasiyanın həm görüntülü, həm də səsli çoxsaylı ötürülməsinin şahidi olacağıq. Çünki müasir texnikalar çox inkişaf edib. Müasir texnikalar imkan verir ki, istənilən şəxs hətta mobil telefon vasitəsilə informasiyanı həm görüntülü, həm də səsli ötürə bilsin”. Ə.Məmmədli deyib ki, hazırda Amerika və Avropada da internet televiziyalar ilə bağlı yüksək inkişaf gedir. Həmin ölkələrdə hətta adi təşkilatlar belə informasiyanı bu yolla ötürür.
Ekspert internet televiziya və radiolara MTRŞ-nin nəzarət etməli olması ilə bağlı səslənən fikirləri məqbul hesab etmir:
"MTRŞ ölkədə mövcud olan televiziya və radiolara tam nəzarət edə bilirmi? İlk əvvəl bunu araşdırmaq lazımdır. Teleməkanda çoxlu pozuntu var ki, biz bunu görürük, amma bunlara müdaxilə edilmir. "KİV haqqında” qanunda nəzərdə tutulan kütləvi informasiya azadlığından sui-istifadə halları, yəni şəxsi həyata müdaxilə, dövlət sirlərinin yayılması, qanunla qorunan digər sirlərin yayılması baş versə, asayişin pozulmasına çağırışlar olsa, bunların harada yayılmasından asılı olmayaraq, nəzarət ediləcək. İndiki qanunvericilik buna yol verir. "KİV haqqında” qanuna əsasən, internet də KİV sayılır. Qanunun 60-cı maddəsinə görə, həmin hallara görə məsuliyyət nəzərdə tutulur. Bu sahənin lisenziyalaşdırılması da absurd səslənir. Lisenziyalar qıt olan tezliklərə verilir. Azərbaycanın 9 milyon əhalisinin hamısı sayt aça bilər. Buna görə də belə lisenziyalaşdırma mənasızdır.
Media eksperti bildirir ki, internet televiziya və radiolarının sayının hədsiz çox olacağını düşünmək doğru olmazdı: "Bu, o qədər də asan proses deyil. Səsli və görüntülü informasiyaların yerləşdirilməsi ən azı 5 min dollar vəsait istəyir. Deməli, bu məbləğdə pulu olmayanlar prosesdən kənarda qalacaq. Bu informasiyaların davamlı şəkildə yayılması da xeyli böyük maliyyə vəsaiti tələb edir. Azərbaycanda 3700-dən artıq qəzet qeydiyyatdadır. Amma faktiki 30 qəzet çıxır. İnternetdə də belədir. Ola bilsin ki, internet üzərində 10 minlərlə sayt yaradılsın, son nəticədə cəmiyyət tərəfindən dəstəklənib qalanlar yaşayacaq. Bu, bir bazar münasibətidir. Kim daha yaxşı məhsul verəcəksə, onun istehlakçısı da daha çox olacaq”.
Məlahət Rzayeva
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb