İntiqam ağır oldu

Xaçaturyanı üç qızı öldürdü

"Qızların cinayəti və məhkəmə prosesi sadəcə Rusiyada deyil, dünya miqyasında geniş müzakirələrə səbəb olub"

Rusiyada baş vermiş dəhşətli hadisə ölkə ictimaiyyətini ayağa qaldırıb. Hadisə 2018-ci ildə baş versə də, olayın yeni detallarının üzə çıxması cinayəti təkrar gündəmə gətirib. 3 il əvvəl 57 yaşlı Mixail Xaçaturyan üç qızı - Krestina, Angelina və Mariya tərəfindən öldürülüb. Dəhşətli işgəncə və təcavüzə məruz qalan qızlar intiqam almaq üçün atalarını qətlə yetiriblər. İstintaqın məlumatına görə, M.Xaçaturyan hər gün sopa və dəmir parçası ilə döydüyü həyat yoldaşı Aureliya Dunduku evdən qovub.

O gündən sonra qızların faciəli günləri başlayıb. Zülmə və təhqirə daha artıq tab gətirməyən üç bacı gecə atalarının yuxuya getməsini fürsət bilərək onun üzünə bibər qazı püskürdüblər.

Daha sonra çəkiclə və bıçaqla dəfələrlə başına və bədəninə ardıcıl zərbələr endiriblər. 36 bıçaq zərbəsindən sonra atalarının öldüyünə əmin olan qızlar polisə gedərək cinayəti etiraf ediblər. Qızların cinayəti və məhkəmə prosesi sadəcə Rusiyada deyil, dünya miqyasında geniş müzakirələrə səbəb olub.

Mixail Xaçaturyanın qohumları iddia ediblər ki, üç qız həbs cəzasından xilas olmaq üçün “təcavüz” nağılı uydurublar. Guya, onların məqsədi atalarının mirasına sahib olmaq imiş. Qızlar isə atalarının onları kölə kimi işlətdiyini, dəhşətli işgəncə verdiyini və dəfələrlə təcavüzə məruz qaldıqlarını söyləyiblər.

İfadələrin ardınca prokurorluq 18 yaşları tamam olmuş Krestina və Angelinaya 20 il, azyaşlı Mariyaya isə 10 il iş kəsilməsini istəyib.

Üç bacının qəsdən adam öldürmək suçu ilə ittiham olunması ölkə ictimaiyyətini ayağa qaldırıb. Reaksiyalardan sonra məhkəmə cinayətin müdafiə zəminində baş verdiyinə, qəsdən və planlı hazırlanmadığına qərar verib.

Lakin bir müddət sonra qızların yenidən mühakimə olunacağı ilə bağlı qərar verilib.

Xəbərin ardınca qızları müdafiə edən insanlar məhkəmə önündə etiraz aksiyasına başlayıblar. Qadın hüquqları təşkilatları və yüz minlərlə insan üç qız haqqında veriləcək yekun qərarı gözləyirlər.