"İpoteka kreditlərinin əlçatan olması üçün işlər görülməlidir"

"İpoteka kreditlərinin verilməsi, İpoteka Fondunun fəaliyyətinin təkmilləşdirilməsi, mənzil bazarında əhalinin mənzillərlə təmin edilməsi istiqamətində işlər görülür”.
Bunu "Sherg.az”a ilin birinci yarısında verilən ipoteka kreditlərinin həcminin artmasından danışarkən iqtisadçı - ekspert Pərviz Heydərov deyib. 
Onun sözlərinə görə, ipoteka kreditlərinin verilməsi həm qanunvericilik yolu ilə, həm də hökumətin konkret qərarları ilə tənzimlənir:
"Hazırda ümumi mənzil bazarında böyük dəyişikliklər gedir. İpoteka kreditləri, mənzil bazarının təkmilləşdirilməsi üçün hökumət bazarı təhlil edir, mövcud vəziyyəti daim nəzarətdə saxlayaraq, addımlar atır.
İpoteka kreditlərinin daha da əlçatan olması üçün müvafiq işlər görülməlidir. Lakin bu vəziyyəti qısa zamanda tamamilə düzəltmək mümkün deyil. Hələlik neqativ məqamlardan biri də odur ki, ipoteka kreditləşməsi vasitəsilə hökumətin mənzil bazarlarına nəzarəti təmin etməsi tam reallaşmayıb. Hesab edirəm ki, bu proses yaxın günlərdə öz həllini tapacaq.
Bu ilin yanvar-avqust aylarında keçən ilin müvafiq dövrü ilə müqayisədə ipoteka kreditlərinin verilməsinin artması əhalinin kreditlərə əlçatanlığının asanlaşması ilə bağlıdır”.
Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycan bankları İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 136 mln. manat kredit verib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 45,45 faiz çoxdur. Hesabat dövründə İpoteka və Kredit Zəmanət Fonduna dövlət büdcəsindən illik müqayisədə 73,6 faiz çox - 50 mln. manat vəsait ayrılıb. Fond özü isə 115 mln. manatlıq istiqraz buraxıb ki, bu da illik müqayisədə 23,3 faiz azdır.
Aysel Aslan