İqtisadçı deputatı QINADI: "Etirazı deyil, qanunu gücləndirmək lazımdır"




Təklif edirəm ki, Qüdrət Həsənquliyev kredit faizlərinin yüksək olmasına narazılıq etməzdən əvvəl qanunvericilikdə dəyişiklik edərək, kommersiya banklarına nəzarəti gücləndirsin.

Bu sözləri Sherg.az-a millət vəkili Qüdrət Həsənquliyevin kredit faizlərinin yüksək olması ilə bağlı fikirlərinə münasibət bildirərkən iqtisadçı ekspert Oqtay Haqverdiyev deyib. 

O, bildirib ki, kommersiya banklarına bu məsələdə sərbəstlik verilməsi haqqında qanunun müzakirəsi zamanı deputat özü də lehinə səs verərək, qanunu qəbul edib: 

"Kommersiya bankları kredit faizlərinin təyin olunmasında müstəqildir və istədikləri rəqəmi müəyyən edə bilərlər. Onlar bu faizi hətta 50 faiz də göstərsə, dövlətin və Mərkəzi Bankın buna müdaxilə hüququ qanunvericilikdə göstərilməyib. Kommersiya banklarının pullarının dövlətin olması ilə bağlı düzgün olmayan mülahizələr irəli sürülür. Lakin bu fikir reallığı əks etdirmir, həmin vəsaitlər banklar tərəfindən satın alınmış pullardır”.

O.Haqverdiyev bildirib ki, həmin faizlərlə razı olmasa da qanunda bu faizlərə müdaxilə olunması haqqında müddəanın yer almaması tədbir görülməsinə mane olur: 

"Hazırda 16 milyarda yaxın problemli kreditlər mövcuddur. Banklar da riskləri nəzərə almadan işlərini qeyri-düzgün şəkildə qurublar. Həmin problemli kreditlərin hansı hissəsinin şirkət və holdinqlərə, hansının əhaliyə aid olması açıqlanmır. Ayrı-ayrı şəxslər böyük pulları kredit şəklində götürməyəcəyinə görə, bu milyardların əksəriyyəti şirkətlərin payına düşür. Ona görə də, millət vəkilinin belə etirazla çıxış etməsi düzgün deyil. Q. Həsənquliyev bu qanunda dəyişiklik edərək, kredit faizlərini 10 faiz müəyyən etsə, bu, daha effektiv təklif olar. Problem ancaq bankların sərbəstliyinin ləğv edilməsi hesabına tənzimlənə bilər”.

Qeyd edək ki, parlamentdə büdcə müzakirələri zamanı millət vəkili Qüdrət Həsənquliyev 22-28 faiz olan kredit faizlərinə etiraz edərək, bunun sahibkarların fəaliyyətinə müsbət təsir etmədiyini bildirib.

Aysel ASLAN