“İran Azərbaycan manatına etibar edirsə...”

“Əvvəlcə mövcud vəziyyəti nəzərə almaq lazımdır”


İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə İran və Azərbaycanın kommersiya bankları arasında hesablaşma hesablarının açılması barədə əldə olunmuş razılaşmanı müzakirə edəcəklərini bildirib.

Səfirin sözlərinə görə, bununla əlaqədar İran Mərkəzi Bankının rəhbəri Vəliulla Seyf fevralın 12-si Bakıya səfər edəcək. Bundan başqa, V.Seyf səfəri zamanı qarşılıqlı ticarətdə milli valyutalardan istifadə olunması imkanlarını da müzakirə edə bilər.

İranla ticarətdə milli valyutadan istifadə olunmasının ölkəmiz üçün iqtisadi baxımdan verə biləcəyi səmərələr diqqət mərkəzindədir. Bu barədə "Şərq”ə danışan poltoloq Fikrət Sadıqov məsələni müsbət hal kimi qiymətləndirib. Ekspertin qənaətincə, bu, ölkəmiz üçün xeyir verə bilər. Lakin bir sıra məsələlər var ki, onlar öz həllini tam tapmalıdır: 


"Əgər İran Azərbaycan manatına etibar edirsə və öz malları üçün manatı qəbul edəcəksə, bunu yaxşı hal kimi dəyərləndirmək olar. Sual yaranır ki, bəs Azərbaycan malları İrana hansı pul ilə satılmalıdır? Bu, sadəcə olaraq müəmmalı bir məsələdir. Yəni, bizim üçün normal haldır və bizi qane edə bilər. Amma bizim malımız İran valyutası ilə satılacaqsa, müəyyən çətinlik yarana bilər. İş orasındadır ki, ölkəmizdə İran valyutasının istifadəsi yoxdur. 

Çünki İran valyutası tək İranda istifadə olunur. Sonradan onu digər valyutaya çevirməliyik. Əvvəlcə mövcud vəziyyəti nəzərə almaq lazımdır. Söhbət ticarət həcmindən və dövriyyəsindən gedə bilər. Hər mal manata və ya İran puluna alına bilməz. Mallar müxtəlif olur. Əgər biz realı götürürüksə, sonra neyləyəcəyik? Yəni Azərbaycanda realın istifadəsi yoxdur. Biz gərək bunu digər valyutaya, yəni öz manatımıza çevirək. Ölkəmizə iqtisadi cəhətdən xeyirli olmasını dəqiq bilmək üçün məsələni təhlil edib ekspert rəyi vermək olar. Amma bu, asan məsələ deyil və sadəcə bəyanatlarla həll olunmur”.

Yeganə Bayramova