İran-Ermənistan sərhədində Azad İqtisadi Zona yaradılır ? - ŞƏRH





"Türkiyənin baş naziri Binəli Yıldırımın Naxçıvan səfərində əsas məqsəd Naxçıvan və Türkiyə arasındakı iqtisadi əlaqələri genişləndirməkdir”.

Bunu "Sherg.az”a Türkiyə baş naziri Binəli Yıldırımın Naxçıvana səfərindən danışarkən politoloq Nəzakət Məmmədova deyib. 

O xatırladıb ki, bu ilin oktyabr ayında Naxçıvandan Türkiyəyə ixrac olunan malların gömrük rüsumundan azad olunması barədə razılıq əldə olunub:

"İğdırda keçirilən Azərbaycan-Turkiyə iş adamlarının toplantısında Türkiyənin Naxçıvandan ildə 100 milyon dollar Naxçıvan istehsalı olan məhsulu idxal etmək öhdəliyi qərara alınıb. Təbii ki, bu mallardan da gömrük rüsumu tutulmayacaq. Blokada olan Naxçıvanın Türkiyə ilə bu cür iqtisadi əlaqələrinin olması həm regional, həm də ikitərəfli iqtisadi-ticarət əlaqələri baxımından çox mühüm əhəmiyyət daşıyır.

Naxçıvan və Türkiyə bir-birləri üçün xüsusi əhəmiyyətə malikdirlər. Belə ki, Türkiyə Naxçıvanın təhlükəsizliyinin qarant dövləti olduğu kimi, Naxçıvan da Türkiyənin PKK-nın fəaliyyət göstərdiyi həssas bölgələrinə yaxın ərazi kimi Türkiyənin şərq torpaqlarının təhlükəsizliyi baxımdan əhəmiyyətlidir”.

Xanım politoloq onu da əlavə edib ki, bu yaxınlarda Naxçıvana yaxın yerləşən Mehridə, İran-Ermənistan sərhədində Azad İqtisadi Zonanın yaradılması, bu ərazinin Avrasiya İqtisadi Birliyinin 7 əsas azad ticarət zonasından birinə çevrilməsi Naxçıvan və Türkiyənin də əməkdaşlığını zərurətə çevirib:

"Çünki İran və Ermənistan bu bölgəyə Avropa, Çin, Rusiya şirkətlərini səhmdar qismində dəvət etmək fikrindədir. Belə davam edərsə, Naxçıvan-Türkiyə sərhədi yaxınlığında Azərbaycan və Türkiyənin xeyrinə olmayan yeni bir şərait yaranacaq.

Baş nazirin bu səfəri həm də Azərbaycana və onun anklav vəziyyətində olan Naxçıvan bölgəsinə dəstək mesajıdır”.

Aysel Aslan