Sabir Rüstəmxanlı: “Ola bilsin, müəyyən dairələr islam həmrəyliyinə qarşı hücumların gücləndiyi bir dövrdə Azərbaycan-İran münasibətlərinə zərbə vurmağa çalışır”
Məlum səbəblərdən İran-Azərbaycan münasibətləri həmişə ziddiyyətli olub. Zaman-zaman isə əlaqələr daha kəskin xarakter alıb. Son günlər hansısa sirli əlin göstərişi ilə İranda Azərbaycana qarşı təbliğata yenidən start verilib. Ancaq bunun əksinə, İran-Ermənistan münasibətlərinin inkişafı istiqamətində fəallıq artıb.
Hətta İranın bəzi dairələrinin Azərbaycana qarşı hikkəsi o həddə çatıb ki, özünü separatçı rejimin "xarici işlər naziri” kimi təqdim edən Masis Mailyan rəsmi İRNA agentliyi vasitəsilə Azərbaycanı "işğalçılıq”da ittiham edib. Qondarma nazir həyasızcasına iddia edib ki, guya, "bizim "Artsax” sərhədlərindən kənarda ərazimiz yoxdur. Bütün torpaqlar ermənilərə "məxsusdur”. Halbuki indiyədək heç Rusiya nəşrləri belə Dağlıq Qarabağdakı rejimin legitimləşdirilməsi istiqamətində bu qədər həyasızlıq nümayiş etdirməyib. Düzdür, Azərbaycanın İrandakı səfirliyinin işə qarışmasından sonra İRNA-nın saytından müsahibə yığışdırılıb. Lakin İranın "Qanun” və "Şərq” qəzetləri həmin müsahibəni yenidən yayıblar. "Qanun” qəzeti İranın Ermənistandakı "irsini” (söhbət Azərbaycana aid islam abidələrindən gedir) "dini dialoq şansı” kimi dəyərləndirib. Ağdam "fars şəhəri” elan edilib.
İrandakı prosesləri "Şərq”ə dəyərləndirən sabiq millət vəkili, VHP sədri Sabir Rüstəmxanlı deyib ki, fars mediasının yazdıqları cəfəngiyyatdır. Partiya sədrinin sözlərinə görə, İranın qərəzli mediasının yalanlarına çox da fikir vermək lazım deyil:
"Ola bilsin, müəyyən dairələr islam həmrəyliyinə qarşı hücumların gücləndiyi bir dövrdə Azərbaycan-İran münasibətlərinə zərbə vurmağa çalışır. Onsuz da bütün dünya və İranda yaşayanlar bilirlər ki, İran min il ərzində türk xalqları tərəfindən idarə edilib. Əhəmənilərdən əvvəl də orada türklər yaşayıblar. İndi də İran əhalisinin yarıdan çoxu türklərdir. O baxımdan Azərbaycanın güclənməsi, nüfuzunun artması İrana qətiyyən sərf etmir. Çünki bu fakt İrandakı 35 milyonluq Azərbaycan türkünün ayağa qalxmasına, hüquqlarını tələb etməsinə, ölkəmizə meyillənməsinə səbəb ola bilər. 10 milyonluq Azərbaycan xalqının müstəqil dövlət qurması İrandakı 35 milyonluq soydaşımızın da azadlıq arzusunu oyadır. Təbii olaraq, bu proses İran rejimini narahat edir”.
S.Rüstəmxanlı bildirib ki, ortaya yalançı bir Hind-Avropa nəzəriyyəsi atıblar. İddia edirlər ki, guya, ermənilər farslarla eyni kökə malikdir:
"Ermənilərin Hind-Avropa qrupuna aidiyyəti yoxdur. Amma özlərini yalandan farslara qohum kimi sırıyıblar. Ona görə də İran rejimi düşmən Ermənistana hər cür yardımı göstərir. Bu da fars siyasətidir, yəni bütöv İranın siyasəti deyil. Onu da nəzərə alaq ki, İranda güclü təsirə malik olan, orada gizli çalışan erməni qruplar var. Son günlər İran mediasında gedən uydurmalar da məhz həmin dairələrin işidir. Ancaq bunlar mətbuatda dərc olunubsa, cavabları da mətbuat səviyyəsində verilməlidir. Məlumdur ki, İran Ermənistana yardım etməsəydi, Ermənistan indiyə qədər ayaqda qala bilməzdi. İran düşmən ölkəyə enerji verir, nəqliyyat dəhlizləri yaradır”.
Keçmiş deputat bəyan edib ki, 200 il əvvələ qədər biz İranla eyni dövlət strukturuna daxil idik. Amma o dövlət strukturu fars dövləti deyil:
"Min il boyu İran adlı ərazini türk soyları idarə ediblər. Səlcuqlar, Atabəylər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar və Qacarlar, bunların hamısı İran adlı ərazidə hökmranlıq ediblər. Cənubi və Şimali Azərbaycan da həmin dövlətlərin tərkibində olub. Ağdam və digər Azərbaycan şəhərlərinə ən pis halda Qacarlar, Əfşarlar və ya digər türk xalqları iddia edə bilərlər. Amma farsların bizim şəhərlərə iddia etməsi tamamilə yolverilməzdir. Sözügedən bölgələr heç vaxt xalqların tərkibində olmayıb”.
İsmayıl