“Müqavilələr milli valyuta ilə bağlanarsa, baş verən ciddi məzənnə dəyişikliyi iş adamlarına ziyan vurar”
Tehran hökuməti Azərbaycana ticarətdə milli valyutalardan istifadəni təklif edib. İranın Qiymətli Kağızlar və Birja Təşkilatının sədri Şapur Məhəmmədi deyib ki, Azərbaycanla İranın qarşılıqlı ticarətdə milli valyutadan istifadə etməsi hər iki ölkənin milli valyutasının möhkəmlənməsinə səbəb ola bilər. Onun sözlərinə görə, hər iki ölkənin qarşılıqlı ticarətdə milli valyutalardan istifadəsi faydalı nəticələr verər və vasitəçi valyutaya ehtiyac duyulmaz:
"Qarşılıqlı ticarətdə milli valyutalardan istifadə olunması milli valyutanın güclənməsinə səbəb olar”. Ş.Məhəmmədi onu da vurğulayıb ki, Azərbaycanla İran elektrik enerjisi, neft və təbii qazın alış-verişini Tehran birjası üzərindən həyata keçirə bilər: "Hər iki ölkə üçün enerji daşıyıcılarının qiyməti çox önəmlidir. Biz anlaşma memorandumunun imzalanmasının tərəfdarıyıq”
İran rəsmisinin təklifləri ilə bağlı "Şərq”ə danışan iqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, qonşu ölkələr arasında ticarətin milli valyuta ilə aparılması təklifləri yeni deyil. Ekspertin sözlərinə görə, müxtəlif dövrlərdə bu istiqamətdə addımlar atılsa da, mövcud reallıq prosesin müsbət sonla nəticələnməsinə mane olub:
"Dünya ticarətinin 72 faizi dollar üzərindən həyata keçirilir. İş adamları özlərini və müqavilələrini sığortalamaq üçün dollara üstünlük verirlər. Əgər söhbət konkret İran-Azərbaycan arasındakı ticarətdən gedirsə, nəzərə almaq lazımdır ki, İran realı tez-tez oynayan valyutadır. Hazırda Azərbaycan manatında sabitlik hökm sürür. Lakin dünyadakı proseslər manatın məzənnəsinə də təsirsiz ötüşməyə bilər. Müqavilələr milli valyuta ilə bağlanarsa, baş verən ciddi məzənnə dəyişikliyi iş adamlarına ziyan vurar. Məhz bu səbəbdən dünya ticarətinin əsas hissəsi dollar üzərində qurulur”.
Ekspert bildirib ki, milli valyutaya çıxış imkanları məhduddur:
"İran iş adamları Azərbaycan manatlarını haradan alıb, necə verəcəklər ki, bizimlə ticarət aparsınlar. Bunun üçün onlayn qaydada fəaliyyət göstərən birja olmalıdır. Təəssüflər olsun ki, Azərbaycandakı Qiymətli Kağızlar və Birja təşkilatı onlayn qaydada fəaliyyət göstərmir. Həftədə iki hərrac keçirilir və hər hərrac bir saat çəkir. Bu cür işləməklə bazarda oynaq siyasət yeritmək və milli valyutaları əlçatan etmək mümkünsüzdür. Digər tərəfdən nəzərə almaq lazımdır ki, qazanc əldə edən iranlı iş adamı xarici avadanlıq almaq istəyərsə, öz pullarını dollara çevirmək məcburiyyətində qalacaq. Yəni qarşılıqlı milli valyuta məsələsi çox mürəkkəbdir. Sadəcə sərhədyanı xırda ticarətlərdə bundan istifadə oluna bilər. Amma böyük kontraktların bağlanmasında problemlər yaşanar. Hətta böyük dövlətlər belə bu qərarı alarkən çətinliklə üzləşiblər. 4 il bundan öncə Çin və Rusiya belə bir qərar verdi. O zaman 80 milyard dollarlıq ticarət dövriyyəsinin cəmi 2-3 faizi yuan və rubl üzərindən reallaşa bilmişdi. İxracatını artırmaq istəyən dövlətlər öz milli valyutalarının gücləndirilməsində maraqlı deyillər. İxracatçı ölkələr çalışırlar ki, milli valyutalarında daha çevik məzənnə siyasəti olsun və yerli məhsullar xarici bazarlarda rəqabətə davam gətirsini”.
N.Cəfərli deyib ki, Azərbaycanın xarici neft-qaz müqavilələri və tərəfdaşları var:
"Xarici tərəfdaşlar müqavilələrin bağlanması zamanı investisiya qoyublar və öncədən qiymətlə bağlı razılaşıblar. O baxımdan Azərbaycan qazının İran birjası üzərindən bazara çıxarılması məntiqsizlik olar. Çünki Azərbaycan özü TANAP və TAP kimi böyük layihələr həyata keçirir. Bu layihələr vasitəsi ilə öz qazını Avropa məkanına çatdırmağı düşünür. Bunu İran üzərindən həyata keçirmək ən azından coğrafi və iqtisadi baxımdan səmərəsizdir. Təkliflər xoş olsa da, maraqlarımıza cavab vermir”.
İsmayıl