"İran və Türkiyə Azərbaycanla bağlı da belə qərar qəbul edə bilər" - Görüşdən gözləntilər

"Türkiyə, Azərbaycan və İran xarici işlər nazirləri regional təhlükəsizlik məsələlərini müzakirə edə bilər”.
Bunu "Sherg.az”a buy gün Bakıda keçirilən üçtərəfli görüş haqqında danışarkən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib. 
O vurğulayıb ki, bu dövlətlər arasında hələ heç bir iqtisadi layihə yoxdur:
"İranın "Araz - Azad İqtisadi Zona” adlı yaxşı ideyası var. Burada Azərbaycan, Türkiyə, İran və Ermənistanın iştirakı nəzərdə tutulub. Amma Ermənistan hələ ki, bunu qəbul etməyib. Təbii ki, əsas iqtisadi əməliyyatlar Türkiyə İran və Azərbaycandan aparılacaq. Amma Ermənistan da müəyyən qədər bu prosesdə iştirak edəcək. Ermənistanda Azad İqtisadi Zona dedikdə Dağlıq Qarabağ münaqişəsinin həlli başa düşülür. Çünki Araz çayının ətrafındakı ərazilərin azad olunmasını tələb edir. İstərdim ki, sabahkı görüşdə bu məsələ qaldırılsın.
XİN rəhbərləri müzakirələrdə hər ölkənin sərhədlərinin müdafiəsi məsələlərinə ciddi fikir verəcəklər. Türkiyə və İranın iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində İŞİD təşkilat olaraq, məhv edilib. Amma ayrı-ayrı üzvlər fəaliyyətdədir və başqa ölkələrə nüfuz etməyə çalışırlar. Ona görə, sərhəd təhlükəsizliyi vacib məsələdir.
İranla Türkiyə İraq və Suriyanın ərazi bütövlüyünü müdafiə etməklə bağlı razılaşma imzalayıb. Bu, Azərbaycan üçün də faydalıdır. Bakıda baş tutan görüşdə İran və Türkiyə Azərbaycanla bağlı da belə qərar qəbul edə bilərlər. Türkiyə buna hazırdır, hər şey İranın mövqeyindən asılıdır. Bütün hallarda görüşdən müsbət nəticə gözləyirəm”.
Qeyd edək ki, nazirlərin görüşü regionda sülhün və sabitliyin təmin olunması prosesinə böyük töhfə verəcək. Bundan başqa, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Bakıda azərbaycanlı və iranlı həmkarları ilə ikitərəfli görüşlərinin keçiriləcəyi bildirilib.
Aysel Aslan