İranda deputatların istefası qəbul edilməyəcək

"Onların bu addımı daha çox hökumətə təzyiq vasitəsidir"




İran Parlamentinin İsfahan vilayətindən olan deputatlar kütləvi şəkildə istefa veriblər. Onların istefa məktubu artıq Parlamentin Rəyasət Heyətinə təqdim olunub.
Deputat Əkbər Türki bildirib ki, parlamentarilər İsfahan vilayətinin su təchizatı ilə bağlı layihələrin gələn ilin büdcəsindən çıxarılmasına etiraz olaraq bu addımı atıblar: "Deputatlar istefanın qanuni mərhələlərinin keçməsini gözləyirlər”.

İran Parlamentində baş verənləri "Şərq”ə dəyərləndirən politoloq Sədrəddin Soltan bildirib ki, hakimiyyətdəki İsfahan lobbisi əyalətdə daha çox büdcənin ayrılmasına həmişə nail olub. İndi İranda vəziyyət çətinləşib. Ancaq əyalətə daha çox maliyyə vəsaitinin ayrılması istəyi qalmaqdadır: 

"Deputatların istefası hələ qəbul edilməyib. Odur ki, onların bu addımı daha çox hökumətə təzyiq vasitəsidir. 

Bu yolla onlar məsələni həll etməyə çalışırlar. Məsələnin siyasi tərəfi də yox deyil. Bunu mühafizəkarların hakimiyyətçi-islahatçı adlanan xəttə təzyiqi kimi dəyərləndirmək olar”.
Politoloqun sözlərinə görə, deputatların istefası qəbul edilməyəcək: 

"Çünki onları ora seçməyiblər ki, istədikləri vaxt istefa verib getsinlər. İranda indiki şəraitdə istefa vermək müxalifətdə durmaq kimi məsələni də ortaya çıxara bilər. İsfahanlıların istefasının Cənubi Azərbaycanla elə bir bağlılığı yoxdur. Onların qaldırdığı su məsələsi Urmiya gölünün qurumasını və hakimiyyətin bu ekoloji fəlakətə laqeyd yanaşmasını yada salar”.

Yeganə Bayramova