"İranda efirdə, səhnədə olan müğənni toya gedə bilməz"

Ali Pormehr: "Azərbaycan müğənnilərinin dolanışığı, yaşam tərzləri, imkanları İran müğənnilərindən qat-qat çoxdu"
"Avtomobillərindən tutmuş evlərinə, bahalı geyimlərinə qədər, iranlı müğənnilərlə müqayisədə çox dəbdəbəli həyat yaşayırlar"



Qəlbləri cənub həsrəti ilə alışıb-yanan, ürəklərini Arazın dərdi yaralayan və Bütöv Azərbaycan sevdası ilə yaşayan hər bir azərbaycanlı illərlə vətən həsrətinin sitəmini yaşayıb. Bu sitəm sətirlərə köçüb, mahnılarla dilə gəlib, ifalarda yanğı ilə səslənib. Bu gün otaylı, bu taylı Azərbaycanımızın tanınmış sənətçiləri, musiqiçiləri var ki, onları milyonlar sevir. Arazın o tayında bir səs var ki, ifasında bir yanğı, torpaq sevgisi, vətən nisgili hiss olunur. Bu gün təkcə Cənubi Azərbaycana deyil, elə Quzey Azərbaycana da ifası ilə səs salan, mahnıları ilə məşhurlaşan iranlı müğənni Ali Pormehr Bakıda səfərdədir. Azərbaycanda olan iranlı müğənni «Şərq»in qonağı oldu. Əslən azərbaycanlı olan Ali Pormehr müsahibəmizdə Azərbaycana olan sevgisini ürəklə dilə gətirdi. Musiqimizə olan sevgisindən danışdı.

- Azərbaycana tez-tezmi gəlirsiz? Burda sizə münasibət necədir?

- Azərbaycana 7-ci səfərimdir. Burda mənə çox isti, doğma münasibət var. Azərbaycanın o tayı da, bu tayı da mənim vətənimdi, mənim üçün doğmadır. Bakıya gələndə özümü yad hesab eləmirəm, öz evimdə olduğum qədər rahatam. Azərbaycan qədər də mənim üçün ikinci doğma, gözəl diyar yoxdur.

- Musiqilərinizdə də Azərbaycana olan həsrət, sevgi hiss olunur. Məşhur bir mahnınız burda da çox sevilir - «Salam de!». O musiqidə təkcə cənub Astarasına salam yoxdu yəqin.

- Bəli, mənim üçün Arazın hər iki tayı vətəndir. Astaranın o tayı, bu tayı mənim üçün Vətəndir, ana torpaqdır. O mahnı ilə əslində mən torpaq həsrətli hər qardaşımı, bacımı salamlamışam. Azərbaycanın digər şəhərləri, rayonlarının da adı ilə bağlı mahnı hazırlayıram. Bakıya aid mahnı üzərində çalışıram. «Astara qızı» adlı bir mahnı da artıq yazılıb. Aranjiman edilib, yaxın müddətdə səslənəcək.

- Bu sevgi hardan qaynaqlanıb?

- Mənim ruhum vətənə bağlıdır. Hər şey insanın canında, qanında olmalıdır. Şeir yazmaq da, musiqi bəstələmək də qandan gəlir. Azərbaycanı sevmək, ana dilimi sevmək mənim borcumdur. Ana dilimə olan sevgimi balama da aşılayıram, deyirəm ki, Vətənin hər nöqtəsini sev, ana dilinə sahib çıx. Özümdən asılı deyil. Mən Azərbaycana bir neçə dəfə səfər etmişəm. Burdakı azərbaycanlıları görəndə elə bilirəm doğma bacım, qardaşımla görüşüb dərdləşirəm. Azərbaycan musiqilərini sevərək dinləyirəm. Azərbaycan sənətçilərinin ifası ilə musiqi dünyasına səyahət etmək özü həqiqətən böyük bir məktəbdir. Muğamlarımızı dinləyərək o musiqilərin sehrinə düşürəm.

- İran səhnəsi ilə Azərbaycan səhnəsi arasında yəqin ki, fərqlər var. Bizdə şou-biznes var, sənətçilər arasında qalmaqallar, efirlərdə mübahisələr yaşanır. Sizdə necə, sənətçilər arasında qalmaqallar, incikliklər olurmu?

- Təbii ki, İranın səhnəsi tam fərqlidir. Bizdə sənətçilər arasında rəqabət, paxıllıq var. Amma o rəqabəti efirdə kimsə dilə gətirməz. O paxıllığı səhnədən, efirdən kənarda edirlər. Bunu kimsə bilməz, görməz. Sizdə kim kimə istəsə irad bildirər. Bizdə efirdə heç bir müğənni digərinin sənəti barədə fikir dilə gətirməz. Hərə televiziyaya çıxıb öz ifasını, sənətini göstərir.

- Sizə paxılllıq edən iranlı həmkarlarınız var yəqin.

- Əlbəttə var. Dilə gətirməsələr də, onu hiss etmək olur. Açıq da edirlər. Amma onu efirdə dilə gətirmirlər. Ad çəkmək istəmirəm. Amma İranda mənim sənətimə qısqanclıqla yanaşanlar da az deyil.

- Sizdə xanım müğənni ilə duet oxumaq deyəsən qadağandır.

- Bizdə xanım müğənni ilə efirdə bir yerdə çıxış etmək, duet oxumaq qadağandır. Mən İran dövlətinin qaydalarına hörmət edərək o qanunla hərəkət edirəm.

- Bəs azərbaycanlı xanım müğənnidən duet təklifi gəlsə necə, yenə oxumağa risk etməzsiz? Yəni Azərbaycana dəvət olunanda onlarla ifa edərsiniz?

- Olmaz. Azərbaycanın xanım sənətçisi ilə də duet oxuya bilmərik. Ancaq Azərbaycana gələndə, toylarda belə duetlər ola bilər. Kütləvi səhnələrdə, efirdə iranlı müğənni xanım sənətçi ilə duet oxuya bilməz.

- Əgər imkan olsaydı, kiminlə duetinizin olmasını istərdiz?

- Azərbaycandan çox sənətçi xanımları tanıyıram, ifalarını sevərək dinləyirəm. Əgər belə bir imkanım olsaydı, Şəbnəm Tovuzlu ilə duet oxuyardım. Bilirsiniz ki, Şəbnəm mənim bir mahnımı ifa edib. Səsini bəyəndiyim üçün icazə istədi, yox demədim. «Yar ağladı, mən ağladım» mahnısını oxumağına özüm icazə verdim. Onun səsində də bir yanğı var.

- Bəs azərbaycanlı xanım müğənni Afət Fərmanqızı ilə niyə aranızda soyuqluq yaranıb? Hətta eşitdik ki, azərbaycanlı müğənnini məhkəməyə vermək istəmisiz?

- Mənim xanım sənətçilərə böyük hörmətim var. Azərbaycan səhnəsində olan bütün sənətçilər mənim üçün dəyərlidir. Qaldı Afət xanımla münasibətimizə, onu qeyd edim ki, Afət Fərmanqızı mənim iki mahnımı ifa etmişdi. Mənə müraciət etdi, mən də iki mahnımı ifa etməsinə icazə verdim. Üçüncü mahnımı ifa etmək üçün məndən izn almayıb. Bilirsiz, mən həm mahnılarımın musiqisini özüm yazıram, həm sözlərini, həm də oxuyuram. Bəstələrimin hər biri balam qədər mənə əzizdir. Onlara qarşı məsuliyyətim var. Məndən icazə almadan niyə bəstəmə müraciət edilməlidir? Mənim müəllif hüquqlarım pozulub. Məndən icazə alınsaydı, yox deməzdim. Amma sayılmadım deyə, bu mənə toxundu. Bakıya gələndə bu günlərdə Afət xanımla verilişlərin birində üz-üzə gəldik. Xanım da etiraf etdi ki, mahnını ifa edərkən məndən icazə almayıb.

- Deyəsən, belə bir şərt də qoymusunuz ki, əgər Afət xanımın vasitəsilə Azərbaycandakı 5 toya dəvət olunsanız, mahnının halallığını azərbaycanlı müğənniyə verərsiz?

- Səmimi insan olduğumu məni tanıyanlar bilir. Azərbaycana gələnə qədər Afət xanıma incik, küskün idim. Burda görüşdük, belə bir razılıq aramızda keçdi. Bir az zarafatla desəm də, əslində həm də ciddi şəkildə təklif etdim ki, əgər mənə 5 toy dəvəti ondan gəlsə, bəstəmi ona halal edirəm, oxusun. Xanım müğənni də razılaşdı.

- Azərbaycandan toy təklifləri alırsız?

- Əvvəllər dəvət gəlməyib, yalan nə deyim? Amma son bir ildə Azərbaycana toya dəvət edənlər olur. Sevərək də gəlib iştirak edirəm.

- Səhv etmiriksə, İranda siz toylara getmirsiz. Qadağa qoyulub…

- Bilirsiz, İranda olan qaydalarla buranın sənət aləmində olan qaydalarda fərq böyükdür. İranda efirdə, səhnədə olan müğənni toya gedə bilməz. Ona toyda oxumaq qadağan edilir. Sən ya konsert müğənnisi olmalısan, ya da toy müğənnisi. Sizə bir etiraf edim. Azərbaycan müğənnilərinin dolanışığı, yaşam tərzləri, imkanları İran müğənnilərindən qat-qat çoxdu. Onlara yaradılan şəraitin yarısı bizdə yoxdu. Çünki biz ancaq konsertdən dolanırıq. Sizin sənətçilər isə həm efirdə olurlar, həm konsert verirlər, həm də toylarda oxuyurlar. Hətta bildiyim qədər Rusiyaya da çox böyük məbləğlərə toya gedirlər. Azərbaycanın bir çox sənətçilərini tanıyıram, münasibətim olanlar var. Onların yaşayışını görməsəm, bunu deməzdim. Avtomobillərindən tutmuş evlərinə, bahalı geyimlərinə qədər, iranlı müğənnilərlə müqayisədə çox dəbdəbəli həyat yaşayırlar. Azərbaycanlı müğənnilər həqiqətən ulduz həyatı yaşaya bilirlər. Bizdə heç bir müğənninin maddi imkanı sizinkilərlə müqayisə oluna bilməz. Çünki bizim ən məşhur müğənnimiz sizin ən adi müğənniniz qədər pul qazana bilmir.

- Azərbaycandan konsert təklifi gəlsə, razılaşarsız?

- Təbii ki, belə bir təklif gəlsə çox sevinərəm. İstərdim ki, Azərbaycanda olan pərəstişkarlarım, sevənlərim qarşısında konsert proqramı ilə çıxış edim. Mən konsert müğənnisiyəm. Ruhum sənətə, musiqiyə bağlıdır.

Tahirə