İradə Cavadova və Novella Cəfəroğlu Azərbaycanda ölüm hökmünün bərpasını mümkün saymır
Milli Məclisin iclasında deputat Elmira Axundova ölkədə məişət zorakılığının artmasından
narahatlığını bildirib. O söyləyib ki, statistikaya görə, qadınlara qarşı həyat yoldaşları tərəfindən
zorakılıq halları artır: "Belə insanlar ömürlük həbsə məhkum edilməlidirlər. Ağır cinayət törədənlər, həyat yoldaşının başını kəsən, azyaşlıları zorlayanlarla bağlı başqa ölkələrdə ölüm hökmü var. Bizdə niyə yoxdur?”.
Vitse-spiker Bahar Muradova isə deyib ki, geri qayıtmağa, ölüm hökmünü bərpa etməyə ehtiyac
yoxdur.Cəmiyyətimizdə bu cəzanın bərpa edilməsini istəyənlər də az deyil. Görəsən, belə bir hökm yenidən tətbiq olunarsa, ölkəmizdə cinayətlərin sayı azalacaqmı?
İnsan Hüquqları üzrə Maarifləndirmə İB-nin sədri İradə Cavadova ölüm hökmünün bərpa edilməsi ilə razılaşmadığını söyləyib. O bildirib ki, hökmün yenidən tətbiqi cəmiyyətimizdə cinayət hallarının sayını azaltmaq əvəzinə, daha da artırar: "Bütün dünyada ölüm hökmü qüvvəyə minəndən sonra ortaya çıxmış yeni sübutlar ola bilər və bununla da ölüm ləğv oluna bilər. O zaman necə icra olunacaq bu? Ölmüş şəxsi yenidən diriltmək mümkün deyil. Ölüm hökmü olan bir neçə ölkələrdə nə qədər insanlara nahaqdan hökm çıxarıldığı yeni sübutlarla üzə çıxır və bir neçə il sonra məhkumun bəraət olunması gündəmə gəlir. Yəni insanlar belə hallarda bir çox fəsadlarla üzləşirlər. Bununla bağlı müəyyən problemlər yaşanır. Fikrimcə, sivil ölkələr istəmirlər ki, onlarda ölüm hökmü olsun.
Əksinə, belə hallarda cəzanın tətbiq olunmasına, yəni bu cür qəddar üsulların aradan qaldırılmasına
doğru gedilir. Əlbəttə, elə bir cinayət hadisələri olur ki, bu olduqca ağrılıdır. Məsələn, qadınlara və
uşaqlara qarşı sərt zorakılıq halları qəbuledilməzdir. Lakin düşünmürəm ki, ölüm hökmü olarsa,
həmin cinayətlərin sayı azalar. Çünki cinayət törətmiş şəxs heç vaxt düşünmür ki, o, yaxalanacaq.
O, cəzanı çəkməyəcəyini və həmin cinayəti ört-basdır edəcəyini fikirləşir. Elə ölkələr var ki, orada
ölüm hökmü ciddi formada tətbiq olunur. Məsələn, İranda bu hökm var. Buna baxmayaraq orda
cinayətkarlıq daha çoxdur”.
Birliyin sədri həmçinin məhkumlara ölüm hökmü vermək əvəzinə, onların cəza müəssisələrində
müəyyən işlə təmin edilməsinin və dövlətə xeyir verməsinin gərəkli olduğunu bildirib: "Sovet
dövründə məhkum islah olunurdu. O zaman islah əmək müəssisələri mövcud idi. Amma indi bunlar
yoxdu. Bizdə ancaq cəza tətbiq olunur. Yaxşı olardı ki, məhkum islah olunsun. Onun üçün hansısa
bir şərait yaradılsın ki, o işlə təmin olunsun və dövlətimizə bir köməkliyi dəysin. Zorlamayla bağlı
cinayət işi törədildikdə, o demək deyil ki, məhkum cəzaçəkmə müəssisəsində salamat qalır. O çox
böyük əzab çəkir. Çünki, daim qınaq obyektinə çevrilir. Hətta ölüm onun üçün çox yaxşı bir
"hədiyyə” ola bilərdi. Digər tərəfdən bizdə ömürlük həbs var. Mən hesab etmirəm ki, ömürlük həbs
ölüm hökmündən daha rahatdı. Məhkumun 30 ildən sonra yenidən cəmiyyətə qaytarılması məsələsi
var. O, qəddar cinayətkardırsa, təbii ki, ömürlük həbs oluna bilər və hansısa bir işlə təmin edilə
bilər. Təəssüf ki, bizdə ömürlük həbs olunanlar arasında işlə təmin olunması, yəni onların əməyə
cəlb edilməsi məsələsi o qədər də yaxşı deyil. Hələ sovet dövründən ölüm hökmünə qarşı çıxan
insan olmuşam və düşünürəm ki, bir çox hüquqşünaslar da mənimlə razılaşarlar”.
Ölüm hökmünün bərpasına dair iddiaları dəyərləndirən hüquq müdafiəçisi Novella Cəfəroğlu da
ölüm cəzasının bərpa olunmasının səmərəli addım olmadığını deyib: "Çünki cinayətkara birdəfəlik
hökm oxunur, o, cəzasını çəkə bilmir. Bununla ağlasığmaz cinayət törətmiş cinayətkarlar cəzadan
məhrum edilir. Lakin ömürlük cəza verildikdə, onun layiqli cəzasını çəkməsinə şərait yaranır.
Dünya təcrübəsində bəzi dövlətlərdə ölüm hökmü olsa da, bizim üçün bu hökmün bərpası
məqsədəuyğun deyil. Bu həm də Azərbaycana yaraşmır”.
Yeganə Bayramova