İranın bu qərarından sonra kartof və soğanın qiyməti bahalaşacaq ? – Açıqlama

"Ölkəmizin kənd təsərrüfatı məhsullarını ixrac etmək potensialı var”.
Bu sözləri "Sherg.az”a açıqlamasında iqtisadçı-ekspert Fuad İbrahimov deyib.
Ekspertin sözlərinə görə, son günlər bəzi yerlərdə soğanın qiymətində bahalaşma müşahidə olunur:
"Ancaq alternativ olaraq digər ticarət mərkəzlərində soğanı köhnə qiymətə əldə etmək mümkündür. Soğanın bahalaşmasını toplu şəkildə vurğulamaq o qədər də həqiqətə uyğun deyil. Qonşu ölkələrdən bizə soğan və kartofun ixrac edilməsi ilə bağlı vergilərin və ya tariflərin tətbiq olunması nəticəsində bir az qiymət dəyişikliyi ola bilər. Amma bir məqamı da nəzərə almaq lazımdır ki, Azərbaycanın kənd təsərrüfatı sektorunda bilavasitə bu sahədə kifayət qədər gücümüz var. 
Özümüzü bu məhsullarla təmin edə bilək. Yeri gəldikdə Azərbaycan bəzi ölkələrə kənd təsərrüfatı məhsullarını ixrac edir. Yəni ki panik formada və köklü şəkildə məhsulların qiymət artımı ilə bağlı məlumatlar verməyə lüzum yoxdur. Sadəcə olaraq mövcud durumu yaxşı qiymətləndirmək, təhlili düzgün aparmaq lazımdır.
 Bəzi həmkarlarım belə məqamları sadə düsturla proqnozlaşdırırlar. Yəni, sərhəddən bu məhsullar gəlməyəcəksə, mütləq qiymətlərin artacağını söyləyirlər. Lakin bizim kifayət qədər daxili imkanlarımız və qiyməti tənzimləmə qüvvəmiz var”.
Qeyd edək ki, aprelin 4-dən etibarən İran Azərbaycana soğan və kartofun ixracını dayandıracaq. İranın sənaye, mədən və ticarət nazirinin müavini Abbas Qubadi qonşu ölkələrə, xüsusilə İraqa soğan ixracı bu məhsulun qiymətinin bahalaşmasına səbəb olub. Nazir müavini əlavə edib ki, Bazarın Tənzimlənməsi Komitəsi yerli bazarı tənzimləmək məqsədilə kartofla birlikdə soğanın ixracının qadağan edilməsinə qərar verib.
Yeganə Bayramova