İranlı tələbəni vəhşicəsinə öldürənlərlə bağlı YENİ XƏBƏR





Sumqayıtda tamah məqsədilə iranlı tələbəni qətlə yetirməkdə təqsirləndirilən Yunus Camallı, Natiq Babaverdiyev, Ceyhun Talıblı, Pərvin Əlməmmədov və Zahid Dünyamalıyev barəsindəki cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Lent.az-ın məlumatına görə, Sumqayıt şəhər Prokurorluğunda araşdırılan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş məhkəmənin hakimi Səbuhi Hüseynovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, ötən il oktyabrın 12-də üzərində zorakılıq əlamətləri olan İran İslam Respublikasının vətəndaşı Mohtati Saman Nemat oğlunun meyiti yaşadığı Sumqayıt şəhəri, Novxanı bağlar massivindəki evində aşkar olunub. Bu barədə daxil olmuş məlumat əsasında şəhər prokurorluğu və Polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılaraq müvafiq ekspertizalar təyin edilib.

Şəhər prokurorluğu və Polis İdarəsinin əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Yunus Camallı, Natiq Babaverdiyev, Ceyhun Talıblı, Pərvin Əlməmmədov və Zahid Dünyamalıyev tutularaq istintaqa cəlb olunublar.

Aparılmış ilkin istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunub ki, Y.Camallı, N.Babaverdiyev, C.Talıblı, P.Əlməmmədov və Z.Dünyamalıyev quldurluq yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə qabaqcadan əlbir olub oktyabrın 11-də gecə saat 4 radələrində mərhumun yaşadığı ünvana gəlib, evə qanunsuz daxil olaraq Saman Mohtatini qəsdən öldürüb, lakin evdən hər hansı bir əmlak əldə edə bilməyib hadisə yerindən qaçıblar.

Qeyd edək ki, S.Möhtati Tibb Universitetinin 5-ci kurs tələbəsi olub.