İmtahansız tələbə qəbul edən xarici universitetlərə aldanmayın!
"Xaricdə təhsil alan gənclər geri qayıtdıqdan sonra ilk növbədə diplomunun tanınması problemi ilə üzləşirlər”
Dövlət İmtahan Mərkəzinin 2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinə keçirdiyi qəbul imtahanlarının nəticələri elan olunan gündən keçid balını toplamayan abituriyentlərin valideynlərinin "qara gün”ləri başlayıb. Övladlarının Azərbaycanda fəaliyyət göstərən dövlət və ya özəl ali məktəblərinə qəbul olacağından ümidini kəsən valideynlər artıq attestatla tələbə qəbul edən xarici ölkələrin siyahısını tutmağa başlayıb.
Bu sahə ilə məşğul olan işbazlar isə fürsəti fövdə vermədən, hələ qəbul imtahanları bitər-bitməz dövrəyə giriblər. Yenə də Türkiyə, Ukrayna, Gürcüstan ali məktəblərinə imtahansız, attestatla qəbul haqqında çağırışlar edilir. Ekspertlər isə imtahansız xaricdə təhsili təklif edən ölkələr və onların Azərbaycandakı təşkilatçılarının yalnız kommersiya marağı güddüyünü deyirlər. Qeyd edək ki, xaricdə təhsil almağa can atan gənclərin arasında oxuduqdan sonra diplom ala bilməyənlər də var. Həmin şəxslər sadəcə təhsil aldıqlarını sübut edən arayışla geri dönürlər.
Attestatla tələbə qəbul edən ölkələrin təklif etdiyi xidmətlərdə heç bir keyfiyyətli təhsil olmadığını deyən tarixçi-alim, təhsil eksperti Kamran Əsədov isə hesab edir ki, xaricə gedənlərin bir qisminin məqsədi peşəkar kadr kimi formalaşmaq olsa da, digərləri sırf diplom üçün ora yollanırlar:
"Azərbaycanın müstəqilliyinə qədər də xaricdə təhsil alanlar var idi. İlk dəfə Azərbaycan Xalq Cümhuriyyəti dövründə hökumət xətti ilə 100 nəfər təhsil üçün xaricə göndərilib. Sovetlər dönəmində gənclərin xaricdə təhsili ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan SSR-yə rəhbərlik etdiyi dövrə təsadüf edir. Yəni 1969-1982-ci illərdə böyük sayda azərbaycanlı dövlət xətti ilə xaricdə oxumağa göndərilib. Müstəqillikdən sonra isə azərbaycanlılar kütləvi şəkildə Türkiyə universitetlərinə üz tutub. Dövlət xətti ilə deyil, öz vəsaiti hesabına xaricə təhsil üçün gedənləri iki hissəyə bölmək olar. Birincisi, həqiqətən də yüksək təhsil almaq istəyənlər, ikincisi, sadəcə dörd və ya iki səhifədən ibarət diplom almaq üçün gedənlər. Təəssüf ki, ikinci kateqoriya daha çox üstünlük təşkil edib. Onlar əsasən Ukrayna, Rusiya, Dağıstana üz tuturlar.
Həqiqətən yüksək səviyyədə ali təhsil almaq istəyənlər, Azərbaycanın ali təhsil müəssisələrinin verdiyi təhsilə qane olmayan şəxslər isə az da olsa, var”.
Kamran Əsədovun sözlərinə görə, xaricdə təhsil alan gənclər geri qayıtdıqdan sonra ilk növbədə diplomunun tanınması problemi ilə üzləşirlər. Eyni zamanda, diplom əvəzi kimi verilən arayış da çox ciddi çətinliklərə yol açır: "Arayışla bağlı problem, yəni təhsillərini başa vurmamaq məsələsi ilə ən çox qardaş Türkiyədə təhsil alan gənclər rastlaşır. Çünki Azərbaycandan fərqli olaraq, ali təhsil müəssisəsini başa vurmaq Türkiyədə çətindir və orada dünyanın ən ciddi təhsil sistemi mövcuddur. Təhsillərini tam başa vura bilməyən tələbələr oxuduqlarını sübut edən arayışla geri dönürlər. Arayış isə hüquqi sənəd deyil. Digər tərəfdən, gedənlərin hamısı heç də peşəkar ixtisaslı kadr ola bilmirlər. Onların diplomlarının tanınması məsələsini ciddi həyata keçirmək lazımdır”.
Bəzən xaricdə təhsil alan azərbaycanlı gənclərin heç universitetin yerləşdiyi binanı, müəllimləri tanımadıqlarını iddia edən ekspert deyib ki, xaricdə təhsil alan gənclər poçt vasitəsilə pul ödəyirlər və bu yolla diplom əldə edirlər:
"Tələbələr bitirdikləri ixtisas üzrə imtahan olunmalı və 90 faiz nəticə göstərəndən sonra diplomları verilməlidir. 2016-cı ildə Azərbaycanda 1500 nəfərin diplomu tanınmadı. 2017-ci ilin son dörd-beş ayı ərzində isə 9 nəfərin diplomu tanınmayıb. Çünki onların ölkədə olma, sərhəd keçmə vaxtları uyğun deyil və yaxud ixtisasları üzrə minimum biliklərə malik deyillər. Bu məsələ ciddi nəzarətə alınmalıdır”.
Arayışla geri qayıdanların işlə təmin olunmasının qeyri- mümkün olduğunu əlavə edən K.Əsədov deyib ki, "Dövlət qulluğuna qəbul haqqında” qanunvericilikdə göstərilib ki, birbaşa işlə təmin olunma yalnız ali təhsil haqqında sənəd təqdim ediləndən sonra ola bilər:
"Xaricdə təhsil alanlar isə diploma sahib olmalıdırlar. Heç bir arayış birbaşa dövlət işində çalışmağa imkan verə bilməz. Bu insanlar natamam, orta təhsilli biri kimi yardımçı vəzifələrdə işləyə bilərlər. Heç bir halda birbaşa ştat vəzifəsində çalışa bilməzlər”.
Şəymən