İşğal olunmuş torpaqlarımızı azad edəcəyik

Orduun bugünkü müasir texnikalarla silahlanmasını və güclü silah arsenalına malik olmasını görmək qürur verir



Azərbaycan və Türkiyə "bir millət, iki dövlət" olaraq 15 sentyabr günü Bakının işğaldan azad edilməsinin 100-cü ildönümündə Bakıda bütün dünyaya önəmli mesajlar verdi. Liderlərin bəyanatlarından bəlli oldu ki, 100 il öncə Bakının azad edilməsi uğrunda Azərbaycn-Türkiyə ortaq hərbi birləşmələrinin apardığı uğurlu əməliyyatlar başdan-ayağa fəxr, qürür və şərəf tariximizdir.

Yüz il öncə qardaş xalqlarımız və onların başında duran liderlər necə tarix yazdılarsa, yüz il sonra iki qardaş ölkənin müdrik dövlət rəhbərləri eləcə tarix yazdılar. Onlar Bakının işğaldan azad edilməsinin 100 illiyi ilə bağlı paradda yan-yana, çiyin-çiyinə dayanmaqla, bir-birinə dəstək olmaqla dünyaya heç yerdə bənzəri olmayan qardaşlıq nümunəsi göstərdilər. 

Hər iki lider bizi sevənlərə də, sevməyənlərə də mesaj verdilər ki, Azərbaycan-Türkiyə qardaşlığı sözdə deyil, konkret əməldədir və heç kim bu əməl və fikir birliyinə əngəl ola bilməz. Açıq şəkildə vurğulandı ki, Türkiyə Azərbaycanın yanında 100 il əvvəl də olub, indi də bir yerdədir. Məhz iki dövlət bir yerdə olanda ölkələrimiz güclü olur və hər bir bəd niyyətli qüvvəyə qəttiyyətlə cavab verir.

15 sentyabr günü keçirilən möhtəşəm paradla bağlı təəssüratlarını "Şərq"ə bölüşən tarixçi-alim Boran Əzizli bildirib ki, parad təkcə Ermənistana deyil, işğalçı ölkənin arxasında duran digər güclərə də açıq mesaj oldu:

 "Paradı izlərkən adamın ürəyi qürurla dolur. İzlərkən sevinc göz yaşlarımı tuta bilmədim. Çox arzu edərdik ki, 1918-ci ildə bəhrəsini verən Azərbaycan-Türkiyə qardaşlığı yaxın günlərdə yenidən öz sözünü desin. İstərdik ki, 15 sentyabr günü ümumxalq bayramına çevrilsin. 

Sadəcə həmin gün deyil, bir ay əvvəl və bir ay sonra bütün balkonlarda, evlərdə, iş yerlərində, küçələrdə Azərbaycanın və Türkiyənin şanlı bayraqları asılsın. Böyük tarixi əhəmiyyətə malik olan bu hadisə cəmiyyətə ən yüksək səviyyədə aşılanmalıdır. Məhz bu cür milli hadisələr insanların vətənpərvərlik duyğularının artmasına, dövlətə daha möhkəm bağlanmasına gətirib çıxarır. Bu istiqamətdə təbliğatın genişlənməsinə ciddi ehtiyac var".
Tarixçi bəyan edib ki, 1918-ci ilə qədər mövcud olmuş dövlətlərin heç birinin adı Azərbaycan, paytaxtı Bakı olmayıb: "1918-ci ildə sentyabrın 15-də AXC-nin yaradıcıları, o böyük insanlar Qafqaz İslam Ordusunun əvəzsiz yardımı sayəsində Bakını Azərbaycanın paytaxtına çevirdilər. Bu, çöx böyük tarixi hadisə idi. 

Həmin dövrdə Bakının paytaxta çevrilməsinə nə ingilislər, nə almanlar, nə də ruslar razı idilər. Almaniya ilə Rusiya arasındakı müqaviləyə əsasən türk qoşunlarının Bakıya girməsi qadağan olunmuşdu. Amma türk qardaşlarımızın cəsarəti və vətənsevərliyi bütün düşmənlərin niyyətini puç etdi. 

Bu baxımdan Bakının 100 illiyinin düşməndən azad edilməsi və həmin günün qeyd olunması olduqca sevindirici hadisədir. Ordunun bugünkü müasir texnikalarla silahlanmasını və güclü silah arsenalına malik olmasını görmək şübhəsiz ki, bizə qürur verir. 

Müşahidə etdiklərimiz bizdə əminlik yaradır ki, güclü ordumuz beynəlxalq şəraitin imkan verdiyi ən yaxın vaxtlarda Qarabağı ermənilərdən azad edəcək. Necə ki, 100 il əvvəl Qafqaz İslam Ordusu və Azərbaycanın silahlı qüvvələri çətinliklərə baxmayaraq, Bakını, Qarabağı, Naxçıvanı və Lənkəranı da azad etdilər, Azərbaycanın ərazi bütövlüyünü təmin etdilər, eləcə də birlikdə işğal olunmuş torpaqlarımızı azad edəcəyik".

İsmayıl