İşğalçı Ermənistan siyasi müvazinətini itirib - Yerevan söykənmək üçün sabit dayaq nöqtəsi tapa bilmir

"Dünənə qədər Azərbaycanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə hədələyən Ermənistanda bu gün həmin təşkilata üzvlükdən imtina etmək barədə fikirlər səsləndirilir. Nə baş verdi ki, Ermənistanın mövqeynidə belə radikal dəyişiklik meydana çıxdı?!”.
Bunu "Sherg.az”a açıqlamasında millət vəkili, siyasi elmlər doktoru Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, idmanda olduğu kimi diplomatiyada da rəqibin gücündən özünə qarşı istifadəetmə metodları var. Onun sözlərinə görə, Azərbaycan üzün illərdir həyata keçirdiyi prinsipial və ardıcıl xarici siyasət sayəsində işğalçı Ermənistana arxa olan, yaxud onu bu və ya digər səviyyədə dəstəkləyən ölkələrlə münasibətləri yüksək səviyyəyə qaldırıb. 
Nəticədə Erməistanın özünə arxa hesab etdiyi ayrı-ayrı ölkələr və regional təşkilatlar artıq bu gün onu dəstəkləmirlər: 
"Doğrudur, Cənubi Qafqazda son iki əsrdə formalaşan olduqca həssas geosiyasi tarazlığı dəyişmək çox çətin idi. Nəhayət, son bir neçə ildə Azərbaycan buna xeyli dərəcədə müvəffəq olub. 2016-cı il "aprel döyüşləri” əslində Cənubi Qafqazda baş verə biləcək yeni geosiysi reallığın başlanğıcı idi. Son iki yüz ildə ilk belə hal idi ki, Azərbaycan hərbi-siyasi reallığı dəyişdimək üçün diqtə edən tərəfə çevrilib. Elə bundan sonra da Ermənistanda eyforiya dövrü başa çatıb və yeni siyasi reallıqlar yaranıb. Hazırda reallıq odur ki, işğalçı ölkə siyasi müvazinətini itirib və söykənmək üçün sabit dayaq nöqtəsi tapa bilmir. Ona görə də tez-tez səhvlərə yol verir. Dolayısı ilə Azəbaycan tərəfindən hər gün bir az daha çox küncə sıxışdırılır”.
H.Babaoğlu vurğulayıb ki, bir müddət öncəyə qədər sadəcə Azərbaycan tərəfindən küçə siyasətçisi kimi qiymətləndirilən Paşinyan və onun küçə demokratiyası artıq Ermənistanın KTMT-da müttəfiq olduğu ölkələr tərəfindən də bu cür qiymətləndirilir: 
"Şübhəsiz, regional təşkilatın adı və nüfuzu ilk növbədə Rusiya ilə bağlıdır. Elə Ermənistanın bir dövlət kimi meydana gəlməsi də bu ölkənin tarixin müxtəlif dövrlərində qəbul etdiyi siyasi qərarlar nəticəsində meydana çıxan reallıqdır. Ancaq hazırda siyasi proseslər elə istiqamətdə inkişaf edir ki, iki ölkə arasında olan münasibətlər tarixdə heç vaxt olmadığı qədər korlanıb. Bu olduqca əhəmiyyətli məsələdir. Ona görə ki, regionumuzda siyasi gerçəklikləri dizayn edən güc mərkəzlərinin tarixi şəraiti və Azərbaycanın yerini və rolunu qiymətləndirmələri üçün soyuqqanlı, qeyri-emosional və obyektiv qiymətləndirmələri üçün şərtlər yaranıb. Bu tarixi fürsət həm də Rusiya-Azərbaycan münasibətlərində tamamilə yeni bir səhifə açmaq imkanları yaradıb”.
Politoloqun sözlərinə görə, onsuz da Rusiya ilə münasibətlərimiz strateji müttəfiqlik səviyyəsində qiymətləndirilir. Amma hər iki ölkənin təhlükəsizliyinin təmin oluması baxımından hələ də realizə olunmamış olduqca böyük potensial geosiyasi resurslar var: 
"Bunun baş tutması üçün ilk növbədə regionda işğal faktına son qoyulmalıdır. Bu bütün region dövlətlərinin siyasi və iqtisadi təhlükəsizliyi baxımından vacibdir. Hazırda Azərbaycanın həyata keçirdiyi xarici siyasət də buna xidmət edir. Ermənistan isə hər gün bir az daha çox dalana sıxışdırılmaqla geosiyasi proseslərin əhəmiyyətsiz aktoruna çevrilir və heç kəs tərəfindən dəstəklənmir”.
İsmayıl