"İşğalçı, monoetnik ölkənin Frankofoniya tədbiri vasitəsi ilə humanitar çağırışları gülüncdür"

"Ermənistan bir milyondan çox azərbaycanlıları öz ev-eşiyindən didərgin salan, Azərbaycanın 20 faiz torpağını işğal edən, monoetnik ölkədir. Onun Frankofoniya tədbirləri vasitəsi ilə dünyaya humanitar çağrışlar etməsinin h
Bu gün Ermənistan paytaxtı İrəvanda Beynəlxalq Frankofoniya Təşkilatının (BFT) 17-ci zirvə görüşü baş tutub. Qeyd edək ki, Azərbaycandan bütün sahələrdə dəfələrlə geridə qalan işğalçı ölkə beynəlxalq tədbirlərin təşkili və ev sahibi statusunda çıxış etmək sarıdan da dünya ölkələrinin siyahısında sonlarda qərar tutub. İndi belə bir ölkənin Frankofoniya sammitini keçirmək təşəbbüsü ilə çıxış etməsi gülünc görünür. Bir məqamı da qeyd edək ki, 2017-ci ilin aprelində Bakıda Frankofoniya həftəliyi yüksək səviyyədə keçirilib. Regionun inkişaf etmiş ölkəsi, beynəlxalq təşkilatlarla yüksək səviyyədə əməkdaşlığını davam etdirən, üstəlik, saysız-hesabsız tədbirlərə ev sahibliyi edən Azərbaycanın bu kimi qurumlarla əlaqələri tam məntiqlidir.
Ermənistana gəldikdə, bu ölkənin bu təşkilatla əlaqələrinin olması faktı belə, absurd görünür. Düzdür, təşkilatın mərkəzi ofisi Parisdə yerləşir. Fransadakı erməni lobbisinin güclü olması, üstəlik, bu Avropa ölkəsində Ermənistanı himayə edən qüvvələrin mövcudluğu baxımından ilk baxışda təmaslarda qeyri-adi nə isə görünməyə bilər. 
Lakin nəzərdən qaçırmaq olmaz ki, dünyanın 5 fərqli qitəsindən 890 milyon insanın yaşadığı 58 dövlətin təmsil olunduğu Beynəlxalq Frankofoniya Təşkilatının (BFT) 17-ci zirvə görüşünün 11-12 oktyabr tarixlərində Ermənistanın paytaxtı İrəvanda keçirilməsi planlaşdırılır. Təşkilatın Nizamnaməsinə əsasən, dövlətləri bu təşkilat çərçivəsində birləşdirən əsas amil fransız dili və fransız mədəniyyətinə yaxınlıq olsa da, dünyada sülhün və əmin-amanlığın, insan hüquq və azadlıqlarının təşviq edilməsi arzusu da BFT-nin missiyasını və fəaliyyətinin əsas prinsiplərini təşkil edir. 
Fakt budur ki, Ermənistan Azərbaycanın 20 faiz torpağını artıq 25 ildir ki, işğalda saxlayır. Aparılan danışıqların gedişatından da bəlli olur ki, İrəvan torpaqların işğaldan azad edilməsi istiqamətində dinc yolla hər hansı addım atmağa tələsmir, əksinə, təxribatçı hərəkətlərini davam etdirir. Elə Ermənistan rəhbərliyinin BMT Baş Assambleyasındakı son çıxışı da buna əyani sübutdur. Belə olan təqdirdə İrəvanın belə bir sammiti keçirməyə haqq etmədiyini birmənalı söyləmək olar.
Ancaq burada beynəlxalq təşkilatın özü də qınanılmalıdır. Əsası humanizm, sülh, insan hüquq və azadlıqları kimi dəyərlər üzərində qoyulmuş bir təşkilat, 20-ci əsrin ən böyük faciələrindən birini – Xocalı soyqırımını törətmiş və bunu ən yüksək səviyyədə dəfələrlə utanmadan və qürur duyaraq etiraf etmiş bir dövlətin ərazisində nəinki özünün zirvə görüşünü keçirməklə, hətta bu dövləti üzvlüyə qəbul etməklə nizamnaməsinə xəyanət edib. Ermənistanın sabiq prezidenti Serj Sərkisyanın Xocalı soyqırımı ilə bağlı etirafları bu ölkəyə rəhbərlik etmiş şəxslərin bəşəri cinayət törətdiyinə şübhə yeri qoymur.
Burada digər bir məqamı da qeyd etməyə ehtiyac var. Belə ki, Frankofoniya təşkilatının üzvləri ayrı-ayrılıqda və ya beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını tanıyıblar, hətta bir çox hallarda qəti şəkildə erməni təcavüzünü pisləyiblər. Üzvlərin bir qismi Avropa Şurasında və digər bir qismi İslam Əməkdaşlıq Təşkilatında Dağlıq Qarabağın işğal faktını təsdiqləyib. Azərbaycan prezidenti cənab İlham Əliyev də bir sıra mötəbər tədbirlərdə İslam ölkələrini məscid dağıdan Ermənistanla əməkdaşlıq etməməyə çağırıb. Hər halda İslam ölkələrinin İrəvanda keçiriləcək tədbirə nümayəndə göndərməsi müsəlman həmrəyliyinə də xələl gətirən hal sayıla bilər.
Frankofoniya bayramının Ermənistanda keçirilməsinin gülünc olduğunu söyləyən "Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev "Sherg.az"a bildirib ki, Ermənistanın dünyaya Frankofoniya bayramını belə geniş təbliğ etmək cəhdi onların bütün bəşəriyyət üzərində növbəti ironyalarından biridir:
"Ö ncə dünyanın fransızdilli kəsiminin Ermənistanla hası genetik bağlılığının olması çox böyük sual doğurur. Üzdəniraq qonşularımız dil, tarix, mədəniyyət baxımından fransızdilli ölkələrlə bağlı deyil. Fikirimcə, Ermənistan özünü həmin ölkələrə pərçimləmək istəyir. Bu onların daha çox siyasi addımıdır. Çünki onlar Fransada erməni lobbisinin çoxsaylı olmasından istifadə edərək özünü həmin ölkələr qrupuna daxil etməyə çalışır".
Baş yazar diqqətə çatdırıb ki, işğalçı ölkənin bu bayramın dünyaya humanitar dəyərlər aşılaması ilə bağlı apardığı təbliğat çox mənasızdır:
"Ona görə ki, Ermənistan bir milyondan çox azərbaycanlıları öz ev-eşiyindən didərgin salan, Azərbaycanın 20 faiz torpağını işğal edən bir ölkənin Frankofoniya tədbirləri vasitəsi ilə dünyaya humanitar çağrışlar etməsinin heç bir dəyəri ola bilməz. Ermənistan monoetnik ölkədir, burada ermənilərdən başqa heç bir dövlətin nümayəndələri yaşamır, belə olan halda onun bu kimi tədbirlərlə özünü dünyaya çoxmillətli ölkə kimi göstərmək və bütün millətləri dostluğa, qardaşlığa çağırması dünyanı ələ salmaqdır. Mənə elə gəlir ki, bəzi ölkələr Ermənistanın Frankofoniya tədbirləri adı altında dünya üzərində hansı oyunları oynadığının fərqinə varacaq və bu bayramın Ermənistanda keçirilməsini dayandıracaq. Fikirimcə, fransızdilli ölkələr özlərinə hörmət qoysalar, Frankofoniya bayramını boykot edərlər və bunun Ermənistanda keçirilməsinin qarşısını alarlar. Amma təəssüf ki, bu günə kimi onlar bunu etməyiblər".
Ayyət Əhməd