Elxan Şahinoğlu: "Suriya və İraqda terrorçuların fəaliyyəti daraldıqca Avropada terraktlar arta bilər"
"Avropada terror aktları bu gün və ya dünən başlamayıb”.
Bunu "Sherg.az”a İspaniyanın Barselona şəhərində törədilən terror aktının səbəbini izah edərkən politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, əvvəllər terrorun rəngi fərqli olub və XX əsrdə Avropanın özündə də terror təşkilatları olub:

"Amma dövr dəyişdi, həmin terror yoxa çıxdı. İndi isə yeni terror dalğası başlayıb və adını "İslam terrorçuları” qoyublar. Son vaxtlar Suriya və İraqda DAEŞ – özünü islam dövləti adlandıran terror təşkilatı böyük məğlubiyyətlərlə üzləşir. Mosul şəhərini, Suriyada xeyli şəhəri əldən veriblər və onların fəaliyyət dairəsi zəifləyir. Buna görə, mübarizəni Avropaya yönəltməyə çalışırlar. Aydındır ki, öz üzvlərini əvvəlki kimi asan şəkildə Avropaya göndərə bilmirlər.
Lakin qaçqınlar arasında, yaxud orada yaşayan tərəfdarlarına sosial şəbəkələrdən əmrlər göndərməklə terraktlar törədirlər. Rusiyada da terror həyata keçirməyə çalışırlar və son baş verən metro hadisələri də bunu göstərdi.
Barselonada sözügedən terror aktını törədən şəxs də yəqin ki, Suriyada, İraqda olmayan, DAEŞ rəhbərliyi ilə təmasda olmamış adamdır. Amma sosial şəbəkələr vasitəsilə də terrorçular insanların beynini zəhərləyə bilir. Bir çox Avropa ölkələrində sürətlə bu əməllərini yaya bilirlər.
Son vaxtlar uzun müddət sakitliyini qoruyan ölkə İspaniya idi və orada təxmini 15-20 ildir terror baş vermirdi. Barselona turistlərin ən çox ziyarət etdiyi şəhərdir. Burada terror həyata keçirməklə "əlçatmaz ölkə yoxdur” mesajı verirlər. Ona görə, düşünürəm ki, Suriya və İraqda terrorçuların fəaliyyəti daraldıqca Avropada terror təhlükəsi arta bilər”.
Qeyd edək ki, ötən gün törədilən terror aktı nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb. Məlumata görə, hadisə nəticəsində daha 80 nəfər yaralanıb.
Aysel Aslan