"İŞİD-i maliyyələşdirən Səudiyyə Ərəbistanı və Səddam Hüseynin..."




"Vaşinqton toplantısının məqsədi Suriyanın Raqqa şəhərini İŞİD qruplaşmasından azad edib, Yaxın Şərqdə prosesləri nəzarətə götürmək və dünyanın müxtəlif nöqtələrinə yayılmış sonuncu qüvvələrini məhv etməkdir”.

Bunu Sherg.az-a ABŞ-ın paytaxtı Vaşinqtonda İŞİD-lə mübarizə ilə bağlı 68 ölkənin nazirlərinin toplanmasına münasibət bildirərkən politoloq Qabil Hüseynli deyib. 

O bildirib ki, bu görüşdən sonra İŞİD tamamilə zərərsizləşdirilə bilər:

"İŞİD-in yaradılması da kifayət qədər mübahisəli məsələdir. Zənnimcə, İŞİD-ləbağlı Amerika müəyyən səhvlərə yol verib. Vaşinqtonun birinci səhvi ondan ibarətdir ki, eks-prezident Barak Obama İraqdakı qoşunları çıxartdı. Bununla Səddam Hüseyn dövründən qalma generallara, o cümlədən, əli silahlı zabitlərə fəaliyyət azadlığı vermiş oldu. Üstəlik, Suriyadakı rejimin dəyişdirilməsi ilə bağlı təkliflərə dəstək verdi və Suriya Azadlıq Ordusu adı altında birləşmiş bir sıra dini qruplaşmalara da silah payladı. Amma onların az bir hissəsi silah alıb, təlim keçdikdən sonra İŞİD-in sıralarına qoşuldu. Bütün bunlara rəğmən İŞİD-i əsas maliyyələşdirən dövlət, fikrimcə, Səudiyyə Ərəbistanı və İraqdakı Səddam Hüseyn davamçıları olub. İŞİD rəhbəri Əbu Bəkr əl-Bağdadi Quantanama həbsxanasında həbsdə olub. 

B.Obama seçkiqabağı vədlərində söz vermişdi ki, Quantanama həbsxanasını ləğv edəcək. Amma sonradan vəziyyətə baxdıqda orada ciddi cinayətkarların həbsdə olması səbəbindən ləğv edə bilmədi. Amma Bağdadinin azadlığını təmin etdi. Onu İŞİD-ə rəhbər gətirilməsi üçün buraxmadılar. Sadəcə onun günah dərəcəsi ciddi olmadığına görə azad etdilər. Səddam Hüseynin davamçıları isə İŞİD-i yaradarkən Bağdadini başçı seçdilər. Çünki o hərbçi olmasa da dini baxışlara yiyələnmiş dindar kimi tanınırdı. Bu nöqteyi nəzərdən İŞİD-in yaradılmasında və onun təbliğində əhəmiyyətli rol oynaya bilərdi. Bu terror təşkilatının yaradılması nüanslarını dəqiqliklə demək çətindir”.

Vaşinqtonda toplanacaq 68 ölkənin nazirlərinin görüşünün əhəmiyyətli olduğunu qeyd edən Q. Hüseynlinin sözlərinə görə, İŞİD onsuzda, demək olar ki, darmadağın edilib:

"Qruplaşmanın Suriyanın Raqqa şəhərində qüvvələri qalıb, amma onlar da tamamilə ümidsizləşmiş haldadır. Əbu Bəkr əl-Bağdadi isə səhraya qaçır və orada yaşayan köçəri tayfalar içərisində tez-tez yerini dəyişərək, dirənir. Hazırda isə İŞİD əvvəlki gücünün 5 faizi miqdarında canlı qüvvəyə malikdir. Ona görə də Vaşinqton toplantısının əsas məqsədi müxtəlif ölkələrə yayılmış terror üzvlərinin zərərsizləşdirilməsinə xidmət edəcək. Çünki hazırda ərəb ölkələrinin çox hissəsində İŞİD qruplaşması qalıb. Onların ən güclüsü Əfqanıstandadır”.

Qeyd edək ki, ABŞ-ın paytaxtı Vaşinqtonda İŞİD-lə mübarizə ilə bağlı nazirlərin toplantısı keçiriləcək. ABŞ administrasiyasının məlumatına görə, martın 22-23-də baş tutacaq iclasda 68 ölkədən nümayəndə iştirak edəcək. İclas ABŞ dövlət katibi Reks Tillersonun sədrliyi ilə baş tutacaq.

Aysel Aslan