İslam dininə parlament sahib çıxdı

Təəssüf ki, bəzi insanlar bunu anlamır, qəbir üstündə abidə tikməklə elə bilirlər, doğmaları, əzizləri üçün xeyir əməl edirlər
Daha qəbir yeri üçün böyük sahələr hasarlamaq, məzarlar üzərində təmtəraqlı abidə qoymaq mümkün olmayacaq


Qəbiristanlıqlar və qəbir yerləri ilə bağlı aparılan işlər müsbətdir, amma prosesin icrasının bələdiyyələrə həvalə edilməsi daha vacibdir




Milli Məclisin ötən iclasında İnzibati Xətalar Məcəlləsinə qəbiristanlıqlarla bağlı edilən əlavələr müzakirəyə çıxarılıb. İXM-nə edilən əlavələrdə qəbiristanlıqların idarə olunması qaydaları haqqında qanunvericiliyin pozulması hallarına görə konkret cəza və cərimələr nəzərdə tutulur. Milli Məclisin Dini və ictimai birliklər komitəsinin sədri, millət vəkili Siyavuş Novruzov bildirib ki, Nazirlər Kabineti tərəfindən məzarlıqların, qəbiristanlıqların idarə olunması ilə bağlı nümunəvi model, əsasnamə hazırlanır və yaxın zamanlarda imzalanaraq qüvvəyə minəcək. Bundan sonra, artıq kimsə özbaşınalıq edib qəbiristanlıqlarda böyük ölçüdə torpaq sahəsinə yiyələnə bilməyəcək.

Həmçinin, iclasda qəbiristanlıqların idarəçiliyinin yerli bələdiyyələrə verilməsi təklifi də səslənib.


Qafqaz Müsəlmanları İdarəsinin rəsmi nümayəndəsi, «Məşədi Dadaş» məscidinin imam-camaatı, ilahiyyatçı Hacı Şahin Həsənli İnzibati Xətalar Məcəlləsinə edilən əlavələrin və nümunəvi əsasnamənin qəbulunun müsbət addım olacağından əmindir:

- Qəbir yeri üçün böyük sahələr hasarlamaq, məzarlar üzərində uca, görkəmli abidə qoymaq, sərdabə tikdirmək, qəbirlərin bahalı daşlarla, mərmərlə bəzədilməsi islam dininə ziddir. Dinimiz hər cür israfçılığı, dəbdəbəni qadağan edir. Müsəlman rəhmətə getmiş birisi üçün savab bir əməl icra etmək istəyirsə, bunun müxtəlif yolları var. Yoxsula əl tutmaq, yetimi sevindirmək, ehtiyacı olanın ehtiyacını ödəmək, xeyirxah iş görmək və s. Vəfat etmiş insan üçün qəbirüstü abidə qoymaq, bahalı daşlardan sinədaşı, başdaşı düzəltdirməyin heç bir savabı yoxdur. Bu, həm dinimizə ziddir, həm də məntiqə. Belə hallar getdikcə insanlar arasında pis, zərərli rəqabətə çevrilir. Bundan da bəzi işbazlar faydalanır. Qafqaz Müsəlmanları İdarəsi də dəfələrlə vurğulayıb ki, bahalı qəbirlər düzəltmək islam dininin qaydalarına ziddir. Biz bir çox müsəlman ölkələrində səfərlərdə olmuşuq. Türkiyədə, İranda, İraqda… Heç bir ölkədə bizdə olduğu kimi dəbdəbəli qəbiristanlıqlar yoxdur. İnsanın məzarı üstündə hansı böyüklükdə başdaşı, yaxud abidə tikilir-tikilsin, bəşər övladı yarandığı torpağa qovuşmağa məhkumdur. Torpaqdan yaranıb torpağa gedirik. Təəssüf ki, bəzi insanlar bunu anlamır, qəbir üstündə abidə tikməklə elə bilirlər, doğmaları, əzizləri üçün xeyir əməl edirlər. Əslində isə onlar dinimizin qaydalarını pozur və bununla da məkruh işlər görmüş olurlar.

H.Ş.Həsənli vətəndaşlar arasında maarifləndirmə işlərinin aparılmasını da vacib sayır:

- Qanun çərçivəsində qadağalar tətbiq etməklə yanaşı insanlara qanunun mahiyyəti, faydaları da anladılmalıdır. İnsanlara doğrunun hansı olduğunu başa salmaq lazımdır. İsrar etmək, əbəs yerə rəqabət aparmaq, lüzumsuz mübahisələrə ehtiyac yoxdur. Müsəlman olan kəs dinimizin vacib əməllərini daha yaxşı, daha ləyaqətlə yerinə yetirməkdə bir-birilə bəhsə girməlidir. Əsassız məsələlərdə bəhsə girmək müsəlmana yaraşmayan xüsusiyyətdir.

Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli isə «Şərq»ə açıqlamasında qeyd etdi ki, bələdiyyələrin balansında məzarlıqlar olsa, aztəminatlı ailələrin dəfn xərclərini ödəmək də asanlaşar:

- Onsuz da bələdiyyələr bu işi üzərinə götürüb. Dəfn xərcləri, qəbir yerinin alınması üçün bələdiyyələrə müraciət edənlər var və bələdiyyələr də onlara kömək edir. Sadəcə, bütün bunların qanunvericilik şəklində olması, daha məqsədəuyğundur. Çünki qəbir yerlərinin satılması çox zaman başqa təşkilatlar tərəfindən həyata keçirilir. Vəsaitlər kimlərinsə şəxsi büdcəsinə gedir. Amma məsələ qanuni forma alsa, bilinər ki, bələdiyyənin büdcəsi nə qədərdir, bu vəsait hara xərcləndi. Proses mərkəzləşdirilmiş qaydada tənzimlənməlidir. Bilinməlidir ki, hansı ərazilər bələdiyyə torpaqlarıdır. Həmin ərazidə qəbiristanlıq varsa, oranın torpağından bələdiyyə hansı formada istifadə edə bilər. Maddi durumu qəbir yeri almağa çatan ailələrin ödədiyi pul da bələdiyyənin hesabına keçməlidir ki, sabah bu vəsait hesabına bir başqa aztəminatlı ailənin ehtiyacı ödənsin. Bələdiyyələrin konkret büdcəsi müəyyənləşməlidir və bu büdcənin böyük olması daha məqsədəuyğundur. Bələdiyyənin büdcəsi olmalıdır ki, bu problemləri həll etsin. Bütövlükdə qəbiristanlıqlar və qəbir yerləri ilə bağlı aparılan işlər müsbətdir, amma prosesin icrasının bələdiyyələrə həvalə edilməsi daha vacibdir. Türkiyədə bu, belədir və insanlar doğmaları, yaxınları rəhmətə getdikdə, qəbir yeri problemilə üzləşmir.

Məlahət Rzayeva