“İsrail parlamenti qondarma erməni soyqırımını Azərbaycana görə tanımadı”





"İsrail parlamentində qondarma erməni soyqırımı Azərbaycana görə tanınmayıb”.

Bunu "Sherg.az”a politoloq Tofiq Abbasov deyib. 

O bildirib ki, yəhudi deputatların əksəriyyəti qərarın qəbul olunmasının əleyhinə çıxıb və bunun İsrail-Azərbaycan münasibətlərinə xələl gətirəcəyini söyləyib:

"İsrail siyasiləri Türkiyəyə qarşı xoşagəlməz, dağıdıcı addım atarlarsa, bu, Azərbaycanın da maraqlarına toxunacaq. Azərbaycanın dünya siyasətində, bölgədəki siyasi proseslərdə mövqeyi danılmazdır. Azərbaycan Ermənistan kimi əhəmiyyətsiz dövlət olsaydı, beynəlxalq arenada mövqeyi olmasaydı, İsrail siyasiləri kəskin həmlə edərək, qondarma erməni soyqırımını tanıyardı. 

Onlar Türkiyəyə mənfi münasibətini bu şəkildə ifadə edirlər. Amma burada Azərbaycan amilinin olması, prosesin vaxtında dayandırılmasına, İsrailin mövqeyinin dəyişməsinə səbəb oldu”.

T.Abbasovun sözlərinə görə, İsrailin siyasi elitası siyasi güc nümayiş etdirməyə cəhd göstərdi:

"Ancaq onlar dərinə getmədilər. İsrail dövləti regiondakı maraqlarını nəzərə alaraq, qərarı qəbul etmədi. Onsuz da mürəkkəb olan vəziyyətdə daha bir səhv addım atmağın müsbət yönü yoxdur”.

Qeyd edək ki, İsrail parlamentinin spikeri Yuliy Edelşteyn qondarma "erməni soyqırımı”nın tanınması ilə əlaqədar qərar layihəsini gündəlikdən çıxarıb. Məlumata əsasən, sənəd Knessetdə qeyri-münasib vəziyyətin yaranmaması məqsədilə gündəlikdən çıxarılıb.

Aysel Aslan