Mövzunun müzakirəyə çıxarılması birbaşa Türkiyə prezidentinə qarşı qəzəbin təzahürüdür
İsrail parlamenti - Knesset qondarma erməni soyqırımının gündəliyə çıxarılması barədə qərar qəbul edib. Ekspertlərin sözlərinə görə, Təl-Əviv hökuməti rəsmi Ankara ilə problem yaşadığı üçün yenidən bu məsələni gündəmə gətirib.
Məsələni dəyərləndirən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, bir qrup siyonistin Türkiyə prezidenti Ərdoğanın məlum Qüds və Fələstin siyasətinə qarşı çıxaraq, qardaş ölkəni şantaj etməsi İsrailin xarici strategiyasının əleyhinədir:
"Knessetin bəzi deputatlarının qondarma erməni soyqırımını müzakirəyə çıxarması birbaşa Türkiyə prezidentinə qarşı qəzəbinin təzahürüdür. Amma İsrail hökuməti bu addımın daha çox türk dövlətinə və xalqına qarşı yönəlməsinin fərqində olmalıdır. İsrail hakim dairələri Türkiyənin rəsmiləri ilə incik düşən kimi dərhal bu kimi şantajlara gedirlər. Bu, siyasi avantüradır və iki dövlət arasında uçurma aparan addımdır. Qeyd edim ki, "erməni soyqırımının” Knessetdə qəbul edilməsi gözlənilməsə də, İsrail kimi xarici siyasətdə strateji xətləri qoruyan bir dövlət üçün qəbul olunmayan siyasi gedişdir. Türkiyə-İsrail əlaqələri daim pioritet təşkil edib. Bu iki ölkə arasında, prinsipcə, problem olmamalıdır. Sadəcə, yaşanan problemlər ideoloji səbəblərdən meydana gəlir. Ona görə də hakimiyyətdə olan hər bir siyasi partiya dövlətin xarici siyasətini ideoloji deyil, praqmatik qurmalıdır. Bu gün İsraillə Türkiyə birgə əməkdaşlıq etmək yerinə düşmənçilik siyasəti aparır. Bu da regionda ümumi təhlükəsizliyin pozulmasına yol açır. Qondarma soyqırım məsələsi Türkiyə üçün "qırmızı cizgi” sayılır. İsrailin bunu qəbul etməsi iki ölkə arasında dərin problemlərə gətirə bilər. ABŞ-ın bu məsələdə tutacağı mövqe isə müəmmalıdır. Çünki prezident Tramp İsrailin tam müdafiəçisidir. Hər halda Vaşinqtondakı dairələr buna imkan verməzlər”.
Politoloq bildirib ki, İsrailin qondarma erməni soyqırımını gündəliyə gətirməsi Azərbaycanla əlaqələrinə mənfi təsir edə bilər:
"Rəsmi Bakı Türkiyə-İsrail gərginliyində bu günə kimi neytral olsa da, bu qondarma soyqırım məsələsində təbii ki, Türkiyəyə açıq dəstək verəcək. İsrailin bu siyasəti Azərbaycanın əleyhinə kimi qiymətləndirilə bilər. İsrail hökuməti, xüsusu ilə müdafiə naziri Aviqdor Liberman bu kimi şantaj xarakterli məsələlərin qəbul edilməsinin qarşısını almaq üçün öz siyasi nüfuzundan istifadə edəcək. Çünki Liberman Azərbaycanın dostudur, həmçinin Türkiyəyə qarşı münasibəti müsbətdir”.
İsmayıl