İşsiz qalan bank işçiləri ölkədən getməyə çalışırlar" - İZAH




Bankların bağlanması nəticəsində işsiz qalan 4200 bank işçisinin taleyini müəyyən etmək dövlətin vəzifəsidir. Onların başqa müəssisələrdə yerləşdirilməsi, işlə təmin olunması üçün müəyyən qərar verilməlidir”.

Bunu Sherg.az-a bankların bağlanması nəticəsində işsiz qalan vətəndaşların taleyindən danışarkən iqtisadçı-ekspert Oqtay Haqverdiyev deyib. 

Onun sözlərinə görə, kommersiya banklarında işləyənlər kontrakt vasitəsilə çalışır və banklar iflas olduqda işçilərin işdən çıxarılması baş verir:

"Bu prosesdə dövlətin müdaxiləsi qanunvericiliyə uyğun deyil. Banklar haqqında müvafiq qanunda bu məsələlər təsbit olunub. İşdən çıxarılan şəxslər özləri öz taleyini həll etməlidirlər. Onların bir çoxu xaricdə təhsil alıb, ingilis və ya başqa dilləri bilirlər. Həmin işsiz qalan şəxslər çalışırlar ki, ölkədən getsinlər. Uyğun şəraitli xarici müəssisələrdə fəaliyyət göstərsinlər. Bu, individual məsələdir. Lakin eyni zamanda bu qədər işçinin taleyinin sual altında olması iqtisadi-sosial baxımdan ağır problemdir. Amma buna rəğmən bankların bağlanması, işçilərin kənarda qalmasında qeyri-qanuni məqam yoxdur”.

Qeyd edək ki, "Rabitəbank" ASC-nin İdarə Heyətinin sədri Elçin Qədimov bir sıra bankların bağlanması nəticəsində 4200 bank işçisinin iş yerini itirdiyini deyib. Onun sözlərinə görə, devalvasiya nəticəsində sahibkarların və əhalinin ödəniş qabiliyyəti zəifləyib.

Aysel Aslan