Təkrar səsvermədən sonra məsələlərə aydınlıq gələcəkRuslan Bəşirli:
“Ortada saxtakarlıqlarla bağlı sübut və faktlar var”Türkiyədə martın 31-də keçirilən bələdiyyə seçkiləri hələ də gündəmin əsas müzakirə mövzusudur. Xüsusən də İstanbul üzrə səsvermə ilə bağlı gərginlik davam edir. Belə ki, ana müxalifət partiyası Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırımı 21 min səslə üstələyib. Lakin AKP bununla razılaşmayaraq, saxtakarlıq iddiası ilə şikayət edib. Ona görə də bəzi dairə və məntəqələrdə səslərin təkrar sayılması prosesi gedir.
Bəziləri AKP-nin məğlubiyyətlə barışmaq istəmədiyini, bu şikayətlərin Türkiyənin demokratik seçki sisteminə qara ləkə gətirəcəyi qənaətindədirlər. Amma bir çox şəxs də belə hesab edir ki, təkrar səssayma prosesi təbiidir.
Jurnalist, Türkiyədəki prosesləri yaxından izləyən "Avropa.info” saytının rəhbəri Ruslan Bəşirli "Sherg.az”a gərginliyi şərh edərkən deyib ki, Türkiyədə seçki komissiyaları seçkilərdə iştirak edən partiyaların hər birindən bir nümayəndə olmaqla formalaşdırılır:
"Onların da içərisindən komissiya sədri seçilir. Tutaq ki, İstanbulun Bayrampaşa istiqamətində seçki komissiyasının sədri hakim AKP-dən, Beşiktaş istiqamətində isə sədr müxalif CHP-dəndir. Problem onda yaranır ki, Türkiyədə seçki qutuları açılandan sonra birbaşa partiyaların sisteminə göndərilir. Bundan sonra yekun akt tərtib olunur ki, o sənəddə rəqəmləri komissiyanın sədri yazır. İndi göndərilən protokollarda səslər fərqlidir. Məsələn Fatihdə AKP namizədi Binəli Yıldırım 234 səs alıb ki, bu da təbiidir. Çünki Fatih İstanbulda AKP-nin "qalası” sayılır. Amma məsələ ondadır ki, Fatihdəki qutu ilə bağlı yekun aktda Binəli Yıldırımın adının qarşısına sıfır yazılıb. Həmçinin etibarsız sayılan bülletenlərlə bağlı problem var. Tutaq ki Beşiktaşda 534 səs etibarsız sayılıbsa, Fatihdə 5345 səs etibarsız sayılıb. Gərginlik də bununla bağlıdır”.
Bəşirli xatırladıb ki, 2014-cü il bələdiyyə seçkilərində AKP-nin namizədi Kadir Topbaş İstanbulun bələdiyyə sədri seçilmişdi:
"Bu zaman CHP-nin namizədi ilə arasındakı səs faizi 4 faiz idi ki, bu da kifayət qədər ciddi səs deməkdir. Amma bununla bərabər CHP nəticələrdən şikayət etdi. Ona görə də şikayət əsasında yenidən səslər sayıldı. İndi qınaq var ki, səslər niyə sayılır. Amma bu qanuni prosedurdur. Şikayət varsa, araşdırılmalıdır, yenidən sayım olmalıdır. Məsələn CHP də iki rayon üzrə şikayət etmişdi ki, orada səslər yenidən sayıldı. Bundan sonra səs faizi dəyişdi. İndi AKP də şübhələndiyi rayonlarda səsvermənin təkrar sayımını tələb edir ki, bu da qeyri-adi hal deyil”.
Jurnalistin fikrincə İmamoğlunun özünü bələdiyyə sədri kimi təqdim etməsi qanunsuzluqdu:
"Seçki komissiyası sadəcə sayılan səslərə görə İmamoğlunun öndə olduğunu bildirir. Amma bu o demək deyil ki, İmamoğlu qalib gəlib. Çünki şikayət olunan məntəqələr var ki, onlarla bağlı araşdırma gedir, yenidən səs sayımı aparılır. İndi Ankaradan CHP namizədi Mansur Yavaşın seçilməsi dəqiqdir. Lakin o hələlik bələdiyyə sədri deyil. Çünki seçki komissiyası son nəticəni elan etməyib. 2014-cü il seçkilərində də Kadir Topbaş seçilsə də, CHP-nin şikayətinə görə onun seçilməsinin rəsmən elan olunması 8 gün yubadıldı. Yəni deməyim odur ki, bu təbii haldır”.
Şərhçi hansı dəyişikliyin olacağını indidən deməyin çətin olduğunu vurğulayıb:
"Çünki iki namizəd arasında 21 minlik səs faizi var. Ola bilər İmamoğlu cəmi bir səslə Yıldırıma qalib gələr. Və yaxud da, yenidən sayım nəticəsində 2 səs fərqi ilə Yıldırım qalib ola bilər. Hər şey təkrar sayımdan, qanunsuzluqların ortadan qaldırılmasından asılıdır. Hazırda isə İmamoğlu 21 min səslə İmamoğlu Yıldırımdan öndədir. Nəticə sonda bilinəcək”.
Təkrar səssaymanın Türkiyə seçki sistemi haqqında mənfi rəy yaradacağına gəldikdə isə, R.Bəşirli qeyd edib ki, bu ilk belə hal deyil:
"Türkiyədə bundan əvvəl də səslərin təkrar sayımı baş verib. Bu qardaş ölkədə ilk hal deyil ki, seçki imicinə zərbə kimi qiymətləndirilsin. Hətta bu ABŞ-da da olub ki, səslər təkrar sayılıb. İstanbulun 39 rayonunun 12-sində səslərin yenidən sayılması qərarı verilib. O da 2 rayonda tam, qalan 10 rayonda isə bəzi məntəqələrində bu proses baş verir. Yenə deyirəm, bundan əvvəlki seçkilərdə də təkrar sayım olub. İndi bu necə olur ki, demokratik seçkiyə zərbə vursun?! Əksinə, indiki halda ləkə gələ bilər. Çünki ortada saxtakarlıqla bağlı faktlar var. Məsələn Binəli Yıldırımın ailə üzvləri ilə bir yerdə səs verdiyi məntəqədə onun adına cəmi bir səs yazılıb. Bu gülməli olduğu qədər də məntiqsizdir. Belə çıxır ki, Yıldırım ailəsi Binəliyə səs verməyib. Və yaxud da Türkiyənin daxili işlər naziri Süleyman Soylu ailə üzvləri ilə birgə səs verdiyi məntəqədə Yıldırıma cəmi bir səs çıxır qutudan. Soylu ailəsi AKP üzvüdürsə, gedib başqasına səs verəsi deyil ki. Məntiqə uyğun deyil. Ona görə də bu faktlar aydınlaşıb, ortaya çıxmalıdır”.
Anar Bayramoğlu