İstirahət məkanlarında bahalıqdır: "Turizmin inkişafı üçün qiymət siyasətinə yenidən baxılmalıdır"



Prezident İlham Əliyev avqustun 26-da İsmayıllı rayonunun Lahıc qəsəbəsinə təbii qazın verilməsi ilə mərasimdə iştirak edib. Ölkə başçısı sakinlər qarşısında çıxışı zamanı Lahıc qəsəbəsinin turistik əhəmiyyətindən danışıb, buranın qədim yaşayış diyarı olduğunu vurğulayıb.

Prezident onu da qeyd edib ki, turizm Azərbaycanda prioritet istiqamətlərdən biridir və nə qədər çox turist gələrsə, ölkəmizə o qədər də çox pul gələcək:

"Turistlərin sayı 2016-cı ildə 22 faiz, 2017-ci ildə 20 faiz, bu ilin 7 ayında 9 faiz artıb və bu proses davam edir. Hər gələn turist xidmət sektorunun inkişafına xidmət göstərir”.

Azərbaycanda turizm inkişaf istiqamətləri haqqında "Sherg.az”a danışan iqtisadçı ekspert Pərviz Heydərov bu sahənin inkişafı üçün qiymət siyasətinə yenidən baxılmasını vacib hesab edir. Onun sözlərinə görə, turizm sahəsində müasir infrastrukturların yaradılması, otellərin, istirahət zonalarının tikilməsi və s. tədbirlər sahibkarlar və dövlət tərəfindən həyata keçirilir:

"Ən müasir standartlara uyğun infrastruktur yaradılır. Lakin biz turizmdən daha çox gəlir əldə etmək istəyiriksə, qiymət siyasətinə də fikir verməliyik. Elə optimal qiymət siyasət qurmaq lazımdır ki, ölkəmizə gələn turistlərin artması üçün əlavə stimul yaransın. Daxili turizmin inkişafına bu mənada xüsusi diqqət yetirmək lazımdır.

Turizm dedikdə, yalnız xarici turistləri, onlardan gələn gəlirləri düşünməməliyik. Daxili turistlər üçün də xüsusi fürsətlər yaradılmalıdır. Çalışmalıyıq ki, azərbaycanlılar istirahət üçün xarici ölkələrə daha az hallarda üz tutsunlar. Hazırda ən ümdə məsələ budur. Xidmət səviyyəsinin yüksəldilməsi fonunda qiymətlərin endirilməsinə ehtiyac var”.

Aysel Aslan