İt ili daha çox sülh gətirir" - Astroloqdan proqnoz

"Tarixi xronologiyanı tədqiq etdikdə görərik ki, it ilində heç bir müharibə, böyük problemlər başlamayıb. Əksinə sülh müqavilələri bağlanıb"
"Çoxdan deyirdim ki, 2003-2022-ci illər dünyanın "təmir” prosesi olacaq”.
Bunu "Sherg.az”a üzümüzə gələn 2018-ci il haqqında astroloji proqnozları şərh edərkən astroloq Səbuhi Rəhimli deyib. 
O söyləyib ki, "təmir” prosesində hər şey sınır, dağılır, amma sonu hər zaman yaxşı nəticələnir:
"Böyük nailiyyətləri əldə etmək üçün əvvəl xırda şeyləri qurban vermək lazım olur. 2016 və 2017-ci illər isə dünyanın "təmir”inin pik nöqtəsidir. Yəni bu periodda ən ağır dövr məhz bu illərdir. Proqnozlar dünyada ictimai və iqtisadi proseslərdə özünü göstərdi. Amma 2018-ci ildən "təmir” davam etsə də, vəziyyət sakitliyə doğru gedəcək.
Tarixi xronologiyanı tədqiq etdikdə görərik ki, it ilində heç bir müharibə, böyük problemlər başlamayıb. Əksinə sülh müqavilələri bağlanıb. Ona görə, it ili daha çox sülh gətirən ildir.
Ötən il iki yeni dövlətin yaranması ilə bağlı dünyada gərginlik oldu. Lakin dərhal problemlər yerindəcə aradan qaldırıldı. Xüsusilə Yaxın Şərqin baş ağrısı olan İŞİD problemi tamamilə həll olundu. Bu haqda proqnozu ötən il vermişdim. Bütün bunları nəzərə alaraq, dünyanın sabitliyə doğru getdiyini deyə bilərik”.
Fevral ayının 16-na qədər Xoruz ili olduğunu xatırladan S.Rəhimli deyib ki, bu tarixdən sonraitili astronomik şəkildə start götürdüyündən dünyada sakitlik də bundan sonra başlayacaq:
"Azərbaycan da dünyanın bir parçasıdır. Ona görə, ölkəmizdə də ümumi sakitlik olacağını düşünürəm. Olsa-olsa yüngülvarı siyasi debatlar, çəkişmələr ola bilər. Başqa ciddi heç nə olmayacaq.
Ümumən nə üçüncü dünya müharibəsi, nə də böyük fəlakət gözlənilmir. Belə "təmir” proseslərində adətən şarlatanlıq da artır. 2012-ci ildə məsələn, dünyanın dağılacağı iddiaları ortaya atıldı. İndi isə hansısa astroidin Yerə düşəcəyi, dekabrın 23-ü dünyanın dağılacağı iddiaları səsləndirilir. Savadsız, maarifləndirmədən uzaq insanlar isə bu cəfəngiyatlara inanın təlaş içərisində qalır. Belə situasiyada olan insanları isə idarə eləmək asandır. Hətta düşünürəm ki, gələn il belə şaiyələr daha çox olacaq”.
Aysel Aslan